Sərfəli rabitə xidmətləri təqdim edən “Nar” mobil operatoru DOST İnkishaf və Yaradıcılıq Mərkəzi ilə uzunmüddətli əməkdaşlıq çərçivəsində Mərkəzin benefisiarları və “DOST könüllüsü” proqramının iştirakçıları üçün “Rəqəmsal dünya necə qurulub: internet necə işləyir?” mövzusunda təlim təşkil edib. Təlimi “Nar”ın baş direktoru Özgür Gənc keçib. İştirakçılar internetin işləmə prinsipi və rəqəmsal texnologiyaların açdığı imkanlar haqqında daha ətraflı məlumat alıblar. Tədbirdə 100-ə yaxın şəxs iştirak edib.
Təlim zamanı iştirakçılar internetin necə işlədiyini, qurğuların şəbəkəyə necə qoşulduğunu, məlumatların internet üzərindən necə ötürüldüyünü və veb-səhifələrin ekranda necə əks olunduğunu öyrəniblər. Sadə və başa düşülən nümunələr vasitəsilə internetin inkişafında mühüm rol oynamış əsas texnoloji yeniliklər, Ümumdünya Hörümçək Toru (World Wide Web) ilə internet arasındakı fərqlər, həmçinin domen adları sisteminin (DNS) və serverlərin funksiyaları izah edilib. Təlimin interaktiv formatı iştirakçılara mövzunu daha dərindən anlamasına və müzakirələrdə fəal iştirak etməsinə imkan yaradıb.
Təlimdən əvvəl DOST İnkishaf və Yaradıcılıq Mərkəzinin direktoru Elnarə Ansari “Nar”ın baş direktoru Özqür Gənci və şirkət nümayəndələrini Mərkəzin fəaliyyəti ilə tanış edib. Səfər zamanı qonaqlar tədris studiyalarında yaradılan şəraitlə tanış olub, orada görülən işlər barədə məlumat alıb və tədris prosesi ilə yaxından tanış olmaq üçün dərslərə baş çəkiblər.
“Nar” inklüzivliyi fəaliyyətinin prioritet istiqametlөрindən biri hesab edir və həssas qruplardan olan gənclərin rəqəmsal imkanlara çıxışının təmin edilməsini vacib sayır. Şirkət tərəfindən həyata keçirilən təşəbbüslər rəqəmsal bilik və bacarıqların inkişafına, həmçinin informasiya və texnologiyalara çıxışın genişləndirilməsinə xidmət edir. DOST İnkishaf və Yaradıcılıq Mərkəzi ilə əməkdaşlıq həm də həssas qruplardan olan uşaqlara rəqəmsal dünyanı daha yaxından tanımağa, yeni biliklər əldə etməyə və inkişaf imkanlarını genişləndirməyə kömək etmək məqsədi daşıyır.
