PASHA Holding tərəfindən təşkil edilən regionun ən böyük innovasiya platforması olan INMerge İnnovasiya Sammiti noyabrın 30-u – dekabrın 1-də Bakı Konqres Mərkəzində baş tutacaq.
INMerge 2026 çərçivəsində seçilmiş 120 startapın, 200-dən çox beynəlxalq spikerin və minlərlə qonağın iştirakı gözlənilir. Ümumilikdə sammitdə iştirak etmək üçün 94 ölkədən startaplardan 1300-dən çox müraciət daxil olub.
Bu il sammitin əsas istiqamətlərindən biri startap ekosisteminin inkişafı, yeni texnologiyaların təqdimatı və beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi olacaq.
Sammitdə texnologiya, biznes, iqtisadiyyat və innovasiya sahələrinin dünyaca məşhur 200-dən çox nümayəndəsi iştirak edəcək. Onların arasında “Böyük Səbilə” (“Grand Slam”) turnirlərinin beş qat çempionu və sahibkar Mariya Şarapova, Google X-in keçmiş baş biznes direktoru Mo Qavdat, Nike-ın keçmiş marketinq direktoru Qreq Hoffman, həmçinin iqtisadiyyat üzrə 2025-ci il Nobel mükafatı laureatı Coel Mokir də var.
2025-ci ildə Mariya Şarapova Beynəlxalq Tennis Şöhrət Zalına (International Tennis Hall of Fame) daxil edilib. Bu gün o, sahibkarlıq və investisiya fəaliyyəti ilə məşğuldur, Moncler şirkətinin direktorlar şurasına daxildir və The New York Times-ın bestsellerlər siyahısına düşmüş kitabın müəllifidir.
Mo Qavdat “Solve for Happy” və “Scary Smart” bestsellerlərinin müəllifi, həmçinin süni intellekt və onun cəmiyyətə təsiri sahəsində tanınmış ekspertdir.
Qreq Hoffman Nike-da təcrübəçidən şirkətin marketinq direktoruna qədər yol keçərək təqribən 30 il işləyib. O, həmçinin “Emotion by Design” kitabının müəllifidir.
Coel Mokir Şimal-Qərb Universitetinin (Northwestern University) professoru və tanınmış iqtisadiyyat tarixçisidir. 2025-ci ildə o, texnoloji tərəqqi və iqtisadi artımla bağlı tədqiqatlarına görə iqtisadiyyat üzrə Nobel mükafatına layiq görülüb.
Spikerlərin tam siyahısı və biletlər haqqında məlumat inmerge.az saytında əlçatandır.
INMerge haqqında
PAŞA Holding tərəfindən təsis edilən və təşkil olunan INMerge İnnovasiya Sammiti 2021-ci ildən etibarən hər il Bakıda keçirilir və innovasiya və texnologiyalar sahəsində aparıcı regional meydançalardan biridir.
Azərbaycan, Qafqaz regionu, Mərkəzi Asiya, Yaxın Şərq və Avropadan olan korporasiyaları, investorları, startapları və dövlət strukturlarının nümayəndələrini bir araya gətirən sammit regional əməkdaşlığın inkişafına və Bakının innovasiya mərkəzi kimi mövqeyinin gücləndirilməsinə töhfə verir.
