Mastercard şirkəti süni intellektin insanların malları necə tapdığını, alış-veriş qərarlarını necə verdiyini və ödənişləri necə həyata keçirdiyini necə dəyişdirə biləcəyini araşdıran “Alış-veriş və ödənişlərin gələcəyinin qısa tarixi” (A Short History of the Future of Shopping and Payments) adlı yeni hesabatını dərc edib. Hesabatın əsasını təşkil edən tədqiqat zamanı 13 bazarda 13 000 cütlük — 13-18 yaş arası gənclər və onların valideynləri sorğuda iştirak ediblər. Əldə edilən məlumatlara əsasən, gənclərin 79%-i və valideynlərin 70%-i son bir ildə mal məlumatlarını axtarmaq üçün süni intellektdən istifadə ediblər.
Mastercard-ın tədqiqatı, həmçinin göstərir ki, süni intellekt adi alış-veriş prosesinin bir hissəsinə çevrilir. Gənclərin 62%-i və valideynlərin 49%-i mal məlumatlarını axtarmaq üçün süni intellektdən ayda azı bir dəfə istifadə edirlər. Gənclərin 61%-i bu və ya digər dərəcədə alış-veriş prosesini onların adından idarə etməyə qadir olan kompleks süni intellekt köməkçisindən istifadə etməyə hazır olduqlarını bəyan edirlər. Valideynlərin təxminən 67%-i hesab edir ki, uşaqlarının nəslinə süni intellektin köməyi ilə alış-veriş etmək özlərinə nisbətən daha rahat olacaq.
Süni intellekt məlumat axtarışından alış-verişin həyata keçirilməsinə keçdikcə sərhədləri istifadəçilər müəyyən edəcəklər
Hesabatda süni intellektin təkcə insanlara malları tapmağa və variantları müqayisə etməyə kömək etmədiyini, həm də onların adından hərəkətlər etdiyi agent kommersiyasının formalaşması nəzərdən keçirilir. Bu dəyişiklik üç nöqteyi-nəzərdən təhlil edilir: alış-veriş edilərkən istehlakçı təcrübəsi, pərakəndə satıcıların müştərilərlə münasibətləri və ödənişlərin aparılması üçün zəruri olan etibar infrastrukturu.
Məsələn, süni intellekt agenti aviauçuşların variantlarını müqayisə edə bilər və ya müntəzəm ərzaq alışı üçün səbət yığa bilər. Onun növbəti addımı atıb alış-verişi başa çatdıra bilməsi istifadəçi tərəfindən təyin edilmiş icazələrdən asılı olacaq.
Hesabata görə, agent kommersiyasının daha geniş yayılması istehlakçılara dəqiq nəzarətin saxlanılıb-saxlanılmayacağından asılı olacaq. Bu, süni intellekt agentinin kimin adından hərəkət etdiyinin yoxlanılmasını, dəqiq xərc limitlərinin müəyyən edilməsini və istifadəçilərin əlavə təsdiqin nə vaxt tələb olunduğuna özbaşına qərar vermək imkanını nəzərdə tutur. İstehlakçılar, həmçinin səhv və ya gözlənilməz tranzaksiya baş verdiyi təqdirdə nə baş verəcəyini aydın şəkildə başa düşməlidirlər.
Pərakəndə satıcılar üçün yoxlanıla bilən məlumatlar getdikcə daha çox əhəmiyyət kəsb edir
Süni intellekt agentləri istehlakçıların adından variantları qiymətləndirməyə başladıqca, pərakəndə satıcılar da məlumatların təqdim olunmasına yanaşmalarını dəyişməli olacaqlar. Qiymət, malın mövcudluğu, çatdırılma və qaytarılma şərtləri haqqında məlumatlar getdikcə süni intellekt agentləri üçün əlçatan olmalı, malların xüsusiyyətləri və onların ekoloji cəhətdən təmizliyi ilə bağlı bəyanatlar isə yoxlanıla bilən məlumatlarla əsaslandırılmalıdır.
Mastercard-ın hesabatında, həmçinin ödəniş prosesində etibarın rolu vurğulanır. Ödəniş məlumatlarının qorunmasından əlavə, bu, süni intellekt agentinin həqiqiliyini yoxlamaq və onun konkret tranzaksiyanın aparılması üçün səlahiyyətlərə malik olduğunu təsdiq etmək imkanı deməkdir. Bu, istehlakçının adından edilən alış-verişlərin onun tərəfindən müəyyən edilmiş limitlər və icazələr çərçivəsindən kənara çıxmadığına zəmanət verməyə kömək edir.
Tədqiqat haqqında qeyd: Onlayn tədqiqat Opinium şirkəti tərəfindən Mastercard-ın sifarişi ilə 2026-cı ilin iyun-iyul aylarına Bulqarıstan, Çexiya, Fransa, Almaniya, İsrail, İtaliya, Niderland, Norveç, Polşa, Rumıniya, İspaniya, İsveç və Böyük Britaniyada həyata keçirilmişdir.
