Azərbaycanın aparıcı texnoloji şirkətlərindən biri olan «AzInTelecom» və BƏƏ-də yerləşən, tətbiqi süni intellekt və intellektual sistemlər üzrə ixtisaslaşmış «Presight» şirkəti (G42 qrupuna daxildir) Əməkdaşlıq Memorandumu imzalayıblar.
Memorendum çərçivəsində «Presight» şirkətin geniş tərəfdaşlıq şəbəkəsindən və beynəlxalq imkanlarından istifadə etməklə «SİMA İmza»nın müxtəlif ölkələrdə mövcudluğunu genişləndirmək məqsədilə «AzInTelecom» ilə fəal əməkdaşlıq etməyi planlaşdırır.
Bu əməkdaşlıq Azərbaycan mühəndisləri tərəfindən hazırlanmış SİMA rəqəmsal imzasının qlobal bazarlara çıxışının dəstəklənməsi üçün strateji əhəmiyyət daşıyır, həmçinin Azərbaycanın rəqəmsal həllərinin beynəlxalq səviyyədə tanınmasının artmasına töhfə verir.
Əməkdaşlıq Memorandumunun imzalanması, həmçinin SİMA biometrik həllərinə, inteqrasiya imkanlarına və istifadəçi təcrübəsinin rahatlığına təkcə Azərbaycanda deyil, həm də onun hüdudlarından kənarda artan maraqdan xəbər verir.
«AzInTelecom» öz innovativ məhsullarının qlobal bazarda təşviqinə və beynəlxalq tərəfdaşlığın genişləndirilməsinə yönəlmiş fəaliyyətini bundan sonra da inkişaf etdirmək niyyətindədir.
«SİMA İmza» haqqında
Yeni nəsil «SİMA İmza» rəqəmsal imzası 2022-ci ildə AZCON Holding-ə daxil olan «AzInTelecom» MMC tərəfindən yaradılıb. Rəqəmsal imza əldə etmək üçün müştəri xidməti mərkəzlərinə baş çəkmək tələb olunmur — smartfona «SİMA İmza» mobil tətbiqini yükləmək və birdəfəlik qeydiyyatdan keçmək kifayətdir. Bu günə olan məlumata görə, tətbiqin yüklənmə sayı 7 milyonu ötüb.
