HMD şirkəti qatlanan (raskladuşka) form-faktorunda hazırlanmış Nokia 2360 Flip düyməli telefonunu təqdim edib. Model genişləndirilmiş valideyn və ailə nəzarəti imkanları əldə edib və ilk növbədə yaşlı istifadəçilər və uşaqlar üçün nəzərdə tutulub.
Nokia 2360 Flip-in əsas xüsusiyyəti Android və iOS üçün kontaktları uzaqdan əlavə etməyə, xatırlatmalar yaratmağa, sə səviyyəsini dəyişməyə və təcili zəngi tənzimləməyə imkan verən pulsuz Family Assist tətbiqi ilə inteqrasiyadır. Əmrlər SMS vasitəsilə ötürülür, ona görə də telefonun mobil internetə ehtiyacı yoxdur. Təcili vəziyyətlər üçün korpusda xüsusi SOS düyməsi mövcuddur; bu düyməni üç saniyə basıb saxladıqda telefon əvvəlcədən seçilmiş kontakta zəng edəcək və eyni vaxtda maksimum beş nəfərə mesaj göndərəcək. Alan şəxslərin nömrələrini və mesaj mətnini əvvəlcədən Family Assist vasitəsilə tənzimləmək olar.
Uşaqlar üçün funksiyaların məhdudlaşdırıldığı School Mode (Məktəb rejimi) nəzərdə tutulub – yalnız saat və təcili zənglər aktiv qalır. Həmçinin ayrı-ayrı proqramların PİN-kodla bloklanması mövcuddur. Valideynlər yalnız seçilmiş kontaktlara zənglərə və SMS-lərə icazə verə bilər və ya kameranı, oyunları və digər tətbiqləri bloklaya bilərlər. Telefonun əsas məhdudiyyəti yalnız GSM 900/1800 MHz diapazonlarında 2G vasitəsilə əlaqədir. Buna görə də operatorların artıq 2G-dən imtina etdiyi ölkələrdə və şəbəkələrdə cihazın funksiyaları işləməyəcək.
Nokia 2360 Flip QVGA təsvir ölçülü 2.8 düymlük əsas ekran və 1.77 düymlük xarici displeylə təchiz olunub – telefonu açmadan kimin zəng etdiyini həmin ekranda görmək mümkündür. Operativ yaddaşın həcmi 4 Mb, daxili yaddaşın tutumu da 4 Mb təşkil edir, lakin onu microSD kartları vasitəsi ilə 32 Gb-a qədər artırmaq olar.
1450 mAh tutumlu çıxarıla bilən akumulyator danışıq rejimində 27.5 saata qədər və gözləmə rejimində 15 günə qədər işləməyi təmin edir. Həmçinin flaşlı QVGA kameranın, fənərin, FM-radioların, 3.5 mm-lik konnektorun və USB Type-C-nin mövcudluğu qeyd olunur. Korpus IP54 standartına uyğun olaraq toz və səpələnən sudan qorunur. Eşitmə aparatlarının dəstəyi mövcuddur. Model S30+ əməliyyat sisteminin idarəetməsi ilə işləyir. Modelin qabaritləri 112 × 55 × 19 mm, çəkisi isə 121 qramdır.
Korpusun üç rəng variantı mövcuddur: Charcoal (qara), Burgundy Red (tünd qırmızı) və Teal (tünd firuzəyi). Qiymət və satışın başlama tarixi daha sonra elan olunacaq.
