Azərbaycan Respublikası Prezidentinin 22 oktyabr 2026-cı il tarixli fərmanları ilə rəqəmsal iqtisadiyyatın inkişafının sürətləndirilməsi, texnoloji sahibkarlığın dəstəklənməsi, ölkəyə beynəlxalq rəqəmsal mütəxəssislərin cəlb edilməsi və dövlət satınalmalarında innovativ məhsulların iştirak imkanlarının genişləndirilməsinə yönəlmiş qanunvericilik dəyişiklikləri təsdiq edilib.
Dəyişikliklər texnoparklarda rezidentliyi, vergi və sosial sığorta güzəştlərini, startapların maliyyələşdirilməsini, rəqəmsal köçərilərin hüquqi statusunu və innovativ məhsulların satınalınması mexanizmlərini əhatə edir.
Texnoparklarda rezident hüququ qazanan şəxslərin dairəsi genişləndirilir
“Texnoloji parkın nümunəvi əsasnaməsi”nə edilmiş dəyişikliklər frilanserlərin və rəqəmsal köçərilərin texnoparkların rezidentləri kimi fəaliyyət göstərməsi üçün hüquqi şərait yaradır. Frilanserlər – muzdlu işçilər cəlb etmədən, mülki-hüquqi müqavilə əsasında müstəqil olaraq ödənişli xidmətlər göstərən və ya işlər yerinə yetirən fiziki şəxslərdir. Rəqəmsal köçərilər isə informasiya və kommunikasiya texnologiyalarından istifadə etməklə xarici dövlətlərdə məsafədən işləyən və gəlirlərini müstəsna olaraq xarici mənbələrdən əldə edən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərdir.
Rezidentlik hüququ verən fəaliyyət istiqamətləri siyahısına proqram təminatının işlənib hazırlanması və sistem inteqrasiyası ilə yanaşı, süni intellekt, kibertəhlükəsizlik, robototexnika, bulud texnologiyaları, oyun texnologiyaları və digər yüksək texnologiya sahələri daxil edilir. Həmçinin müvafiq sahələrdə məhdud iş təcrübəsinə malik olan, lakin perspektivli biznes ideyaları olan şəxslər tərəfindən texnopark rezidenti statusunun alınması üçün imkanlar yaradılır.
Bundan əlavə, ekspertiza qiymətləndirilməsinin sürətləndirilməsi, texnoparkların infrastrukturu və əmlak münasibətləri ilə bağlı məsələlərin daha dəqiq tənzimlənməsi, eləcə də qeydiyyat prosedurlarının “mygov biznes” platforması vasitəsilə elektron saata keçirilməsi nəzərdə tutulur.
Bu dəyişikliklər 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
Texnopark rezidentləri üçün vergi və sosial sığorta güzəştləri genişləndirilir
2027-ci il yanvarın 1-dən etibarən rezidentlik şəhadətnaməsi alacaq və müəyyən edilmiş meyarlara cavab verəcək texnopark rezidentləri üçün vergi güzəştlərinin müddəti 20 ilə qədər uzadılır. Güzəştlər müvafiq fəaliyyətdən əldə edilən gəlir və mənfəətə, həmin fəaliyyətdən əldə edilən gəlirlər hesabına ödənilən dividendlərə, habelə istifadə olunan əmlak və torpaq sahələrinə şamil edilir. Güzəştlər texnoparkdan kənarda fəaliyyət göstərən rezidentlərə də şamil olunacaq.
Müvafiq fəaliyyət istiqamətlərində məşğul olan rezidentlərin işçiləri üçün 20 il ərzində 0% məbləğində gəlir vergisi dərəcəsinin tətbiqi nəzərdə tutulur.
Yeni rezidentlər üçün müvafiq fəaliyyətə cəlb edilən işçilər üzrə sosial sığorta haqqı hesablanması qaydasının seçilməsi imkanının müddəti də 10 ildən 20 ilə qədər artırılır.
İri sahibkarlıq subyektlərinə aid edilən rezidentlər ixrac göstəriciləri və ixracdan əldə edilən gəlirlərin Azərbaycandakı hesablara daxil olması ilə bağlı şərtlərə əməl etdikləri təqdirdə vergi güzəştlərindən istifadə edə biləcəklər.
Elmi-tədqiqat və təkmilləşdirmə fəaliyyətinin (R&D) stimullaşdırılması məqsədilə innovativ məhsulların yaradılmasına yönəlmiş müəyyən əməliyyat xərclərinin 2,5 əmsalı tətbiq olunmaqla vergitutulan gəlirdən çıxılması nəzərdə tutulur. Bu işlər üçün istifadə olunan və ayrı-ayrılıqda uçota alınan avadanlığın amortizasiya normalarının hesablanmasında 2 əmsalı tətbiq ediləcək.
Həmçinin rezident tərəfindən yaradılmış proqram təminatı, innovativ məhsul və ya nou-haу ilə inteqrasiya olunmuş avadanlığın ixracı zamanı müvafiq vergi azadolmaları tətbiq olunacaq.
Startapların maliyyələşdirilməsi və rəqəmsal xidmətlərə çıxış imkanları genişləndirilir
Startaplara sərmayələrin cəlb edilməsinin stimullaşdırılması məqsədilə müəyyən şərtlərə əməl olunduqda akkreditə olunmuş investorlar tərəfindən yatırılan investisiyaların bir hissəsinin vergitutulan gəlirdən çıxılması imkanı nəzərdə tutulur.
Bundan əlavə, kraudfandinq və vençur kapitalı investisiyalarından əldə edilən gəlirlər, habelə kapitalda iştirak və səhmlərə sahiblik planları çərçivəsində texnopark rezidentlərinin işçilərinə təqdim olunan gəlirlər üzrə 10 il müddətinə vergi güzəştlərinin verilməsi təklif olunur.
Startapların və texnopark rezidentlərinin öz fəaliyyətlərini həyata keçirmək üçün qeyri-rezidentlərdən əldə etdikləri bulud xidmətləri, platformalar, proqram təminatı və API xidmətlərinə görə ödənişlərinə 20 il müddətinə vergi və əlavə dəyər vergisi (ƏDV) güzəştləri şamil ediləcək.
Yüksək ixtisaslı miqrantlar üçün xaricdə yerləşən qeyri-rezidentlərlə əmək müqavilələri əsasında xarici mənbələrdən əldə edilən gəlirlərə münasibətdə 20 il müddətinə gəlir vergisindən azadolma da nəzərdə tutulur.
Rəqəmsal köçərilər və yüksək ixtisaslı miqrantlar üçün hüquqi baza müəyyən edilir
Miqrasiya Məcəlləsinə edilmiş dəyişikliklər rəqəmsal köçəri anlayışını təsbit edir. Bu status rəqəmsal texnologiyalar, süni intellekt, kibertəhlükəsizlik və innovasiyalar sahələrində məsafədən işləyən və xarici mənbələrdən gəlir əldə edən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə şamil edilir.
Onlar üçün müəyyən şərtlərə əməl olunduğu təqdirdə işgüzar vizanın, habelə müvəqqəti və daimi yaşamaq üçün icazənin alınması mexanizmləri nəzərdə tutulur. Yaşamaq üçün icazənin alınması məqsədilə şəxsin vergi uçotuna alınması və texnopark rezidenti qismində fəaliyyət göstərməsi zəruridir. Həmçinin xarici mənbələrdən stabil gəlirin olması tələbləri müəyyən edilir.
Rəqəmsal texnologiyalarla əlaqəli sahələrdə işləyən rəqəmsal köçərilərin və yüksək ixtisaslı miqrantların məcburi dövlət sosial sığortasına dair müddəalar da dəqiqləşdirilir.
İnnovativ məhsulların dövlət satınalmalarının yeni mexanizmləri yaradılır
Startapların, sənaye və texnologiya parkları rezidentlərinin dövlət satınalmalarında iştirakının genişləndirilməsi məqsədilə innovativ məhsulların əldə edilməsinin yeni mexanizmləri nəzərdə tutulur.
Dəyəri 100 min manatadək olan belə məhsulların satınalınması zamanı azı üç təchizatçıdan qiymət təkliflərinin alınması şərtilə ayrı satınalma qaydası tətbiq olunacaq.
Təxmini dəyəri 250 min manatadək olan satınalmalarda innovativ məhsullar üzrə təkliflər qiymətləndirilərkən 20 faizlik satınalma preferensiyası tətbiq ediləcək. Bu preferensiya müqavilə qiymətinin avtomatik aşağı salınması demək deyil, təkliflərin qiymətləndirilməsi zamanı tətbiq olunan düzəlişdir.
Texniki xüsusiyyətlərini əvvəlcədən dəqiq müəyyən etmək mümkün olmayan innovativ məhsulların hazırlanması və onların real istismar şəraitində sınaqdan keçirilməsi üçün pilot tətbiq mexanizmi də nəzərdə tutulur.
Hər bir təchizatçı ilə bağlanan pilot tətbiq müqaviləsinin məbləği 1 milyon manatadək, qüvvədə olma müddəti isə 12 ayadək olacaq. Müqavilələrdə aralıq nəticələr, mərhələli ödənişlər, məlumatların mühafizəsi, təhlükəsizlik və əqli mülkiyyət hüquqları ilə bağlı şərtlər müəyyən ediləcək.
Eyni zamanda, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanuna edilən dəyişikliklərlə yoxlayıcı orqanın sahibkarın fəaliyyət göstərdiyi yerə gəlməsi və müvafiq yoxlama çərçivəsində yoxlama tədbirlərinin onun dayandırıldığı dövrdə keçirilməsi qadağan edilir.
Qeyd edək ki, qanunvericiliyə dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2026-cı il tarixli 953 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsi üzrə Fəaliyyət Planı”nın həyata keçirilməsi çərçivəsində hazırlanıb.
Dəyişikliklər texnoloji sahibkarlığın inkişafına, innovativ məhsulların yaradılmasına, investisiyaların cəlb edilməsinə və Azərbaycanın rəqəmsal iqtisadiyyatının rəqabət qabiliyyətinin artırılmasına yönəlib.
