Apple oyun bazarında mövqeyini gücləndirmək üçün yeni addımlar atır. Şirkət təkcə Apple Arcade abunə xidmətinə deyil, App Store-da ayrıca satılan tamhüquqlu oyunlara da diqqət ayırır. App Store Worldwide bölməsinin yeni rəhbəri Karson Oliver Polygon nəşrinə müsahibəsində Apple-ın oyun tərtibatçılarını cəlb etmək planlarından və iPhone ilə iPad-in oyun platforması kimi artan rolundan danışıb.
PC və konsol oyunları iPhone-a gəlir
Apple-ın əsas hədəflərindən biri kompüter və konsollar üçün hazırlanmış məşhur oyunları öz cihazlarına gətirməkdir. Şirkət bu məqsədlə Metal qrafik texnologiyasını, Game Porting Toolkit 4 alətini və Unity mühərriki üçün açıq plaginləri inkişaf etdirir. Bu vasitələr oyunların Apple cihazlarına uyğunlaşdırılmasını asanlaşdırmalı, həm vaxtı, həm də xərcləri azaltmalıdır.
Buna nümunə kimi No Man’s Sky oyununu göstərmək olar. Hello Games studiyasının məşhur layihəsi yaxın zamanda iPhone və iPad üçün də əlçatan olacaq. Üstəlik, mobil versiyada oyunun təxminən on illik tarixi ərzində yayımlanan yeniləmələr də yer alacaq.
Müstəqil oyunlara daha çox diqqət
Apple müstəqil oyun tərtibatçılarını dəstəkləməyi də planlaşdırır. Hazırda App Store-da indie oyunlarına həsr olunmuş həftə keçirilir. Bu çərçivədə mağazanın kataloquna Vampire Crawlers, Sifu və Little Kitty, Big City daxil olmaqla yeddi oyun əlavə ediləcək.
Tərtibatçıların oyunlarını daha çox istifadəçiyə çatdırması üçün Creative Assets adlı alət də istifadəyə verilib. O, yaradıcılarına axtarış nəticələrində və oyun səhifələrinin yuxarı hissəsində öz şəkillərindən istifadə etməyə imkan yaradır. Oliverin sözlərinə görə, Apple-ın redaksiya komandası da maraqlı layihələri seçərək onların yeni auditoriya qazanmasına kömək edir.
Ödənişli oyunlar populyarlaşır, Arcade isə qalır
Oliverin sözlərinə görə, App Store-da ödənişli oyunların sayı artır, PC və konsollarda tanınan seriyalar isə mobil cihazlara daha çox gəlir. İstifadəçilərin maraq göstərdiyi janrlar arasında rahatladıcı oyunlar, idarəetmə simulyatorları və roguelike layihələri var. Balatro, Stardew Valley, Slay the Spire və Bloons TD 6 bu istiqamətdə uğurlu nümunələr kimi göstərilir. Apple rəhbəri mobil oyunların populyarlaşmasını nəsillərin dəyişməsi ilə də əlaqələndirir. Bir çox oyunçu üçün iPhone ilk oyun cihazına çevrilib, sensor ekran vasitəsilə idarəetmə isə artıq təbii və vərdiş edilmiş üsuldur.
Bununla belə, Apple Arcade xidmətindən imtina etməyi düşünmür. Şirkət abunə modeli ilə oyunların ayrıca satın alınmasını bir-birinə rəqib değil, fərqli yayım üsulları kimi qiymətləndirir. Oliverin fikrincə, hansı modelin daha uyğun olduğuna tərtibatçılar özləri qərar verməli, istifadəçilər ise oyunlara necə ödəniş edəcəklərini seçə bilməlidirlər.
