Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in birgə məlumat yayıb. Birgə məlumatda deyilir:
“Məlum olduğu kimi COVID-19 virusunun yeni və sürətlə yayılan təhlükəli variantlarının yarada biləcəyi ağırlaşma hallarından qorunmağın ən effektiv yolu vaksinasiyadır.
Hazırda “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ölkə üzrə peyvəndlənmə prosesi davam edir. Əhalinin vaksinasiyada aktiv iştirakı nəticəsində Azərbaycanda epidemioloji vəziyyətin sabit qalmasına nail olunub.
25 yanvar 2022-ci ilə olan məlumata əsasən ölkə üzrə vurulan vaksinlərin ümumi sayı 11 845 510, onlardan 1 895 975-i “Buster” doza vaksinlərin sayıdır.
“Buster” doza (3-cü doza) qüvvətləndirici doza deməkdir. Belə ki, COVID-19 xəstəliyinə qarşı 2 doza vaksin vurdurduqdan 5 ay sonra orqanizmdən asılı olaraq bu virusa qarşı müqavimət azala bilər. Orqanizmin koronavirus infeksiyasına qarşı immunitetini yenidən artırmaq üçün “buster doza”nın vurulması tövsiyə olunur.
Məlumat üçün bildirək ki, koronavirusa qarşı Azərbaycanda tətbiq olunan vaksinlərdən hər hansı birinin hər iki dozasını vurduran şəxslərə “Peyvənd sertifikatı” verilir. “Peyvənd sertifikatı”nın etibarlılıq müddəti 6 aydır. Həmin müddət bitdikdən sonra peyvənd istehsalçısının istifadə təlimatında 2 doza vurulması nəzərdə tutulan peyvəndin 1 dozasını aldıqda “Peyvənd sertifikatı”nın qüvvədə olması müddətsiz olaraq uzadılır.
Səhiyyə qurumları vətəndaşlarımızı yayılan yeni ştamdan qorunmaq üçün ikinci dozadan və yaxud xəstəliyə yoluxub sağaldıqdan 5 ay sonra (“buster”) doza ilə peyvəndləməyə çağırır.
Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2021-ci il tarixli 419 nömrəli Qərarına əsasən peyvəndin 2-ci dozasının üzərindən 6 aydan çox keçmiş şəxslərin “Peyvənd sertifikatı” fevralın 15-dən etibarlı hesab edilməyəcək. Belə ki,
2022-ci il fevralın 15-dən etibarən yaşı 18-dən aşağı olan şəxslərdən başqa, idman və sağlamlıq-bərpa obyektlərindən yalnız etibarlı olan COVID-19-a qarşı peyvənd olunmanı təsdiqləyən peyvənd sertifikatı və ya COVID-19-dan sağalaraq immunitetə malik olmanı təsdiqləyən sənədi, yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatı olan şəxslər istifadə edə bilərlər;
Həmin tarixdən etibarən bu Qərarın əlavəsində nəzərdə tutulan iş və xidmət sahələri işçilərindən etibarlı olan COVID-19-a qarşı peyvənd olunmanı təsdiqləyən peyvənd sertifikatının və ya COVID-19-dan sağalaraq immunitetə malik olmanı təsdiqləyən sənədin, yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatının olması tələb edilir;
Həmin tarixdən etibarən dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının, habelə aşağıda qeyd olunan müəssisələrin işçilərindən (əmək və ya mülki müqavilələrlə işləməsindən asılı olmayaraq) etibarlı olan COVID-19-a qarşı peyvənd olunmanı təsdiqləyən peyvənd sertifikatının və ya COVID-19-dan sağalaraq immunitetə malik olmanı təsdiqləyən sənədin, yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatının olması tələb edilir:
- mülkiyyət formasından asılı olmayaraq bütün tibb və əczaçılıq müəssisələri;
- mülkiyyət formasından asılı olmayaraq bütün elm və təhsil müəssisələri;
- Bu Qərarın 2.4-cü bəndi nəzərə alınmaqla, bu Qərarın əlavəsində qeyd olunan iş və xidmət sahələrində fəaliyyət göstərən müəssisələr;
Həmin tarixdən etibarən 150 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində iştirak edən yaşı 18-dən yuxarı bütün qonaqların etibarlı olan COVID-19-a qarşı peyvənd olunmanı təsdiqləyən peyvənd sertifikatı və ya COVID-19-dan sağalaraq immunitetə malik olmanı təsdiqləyən sənədi, yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatı olmalıdır və şənlik mərasimlərində iştirak edən qonaqlar üçün tənəffüs yollarını qoruyan fərdi vasitələrdən məcburi istifadə tələb olunmur;
ƏTRAFLI
Samsung R9 Inpage
Həmin tarixdən etibarən ali və orta-ixtisas təhsili müəssisəsində təhsil alan yaşı 18-dən yuxarı olan bütün şəxslərin etibarlı olan COVID-19-a qarşı peyvənd olunmanı təsdiqləyən peyvənd sertifikatı və ya COVID-19-dan sağalaraq immunitetə malik olmanı təsdiqləyən sənədi, yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatının olması tələb edilir (təhsil alanların sayı 200 nəfərdən az olan təhsil müəssisələri istisna olmaqla);
Həmin tarixdən etibarən yaşı 18-dən yuxarı olan şəxslər aşağıdakı yerlərdə qapalı məkanda göstərilən xidmətlərdən yalnız etibarlı olan COVID-19-a qarşı peyvənd olunmanı təsdiqləyən peyvənd sertifikatı və ya COVID-19-dan sağalaraq immunitetə malik olmanı təsdiqləyən sənədi, yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatı olduğu halda istifadə edə bilərlər:
- ictimai iaşə müəssisələrində;
- mehmanxanalarda;
- iri ticarət mərkəzlərində.
Həmin tarixdən etibarən hamam xidmətləri göstərən obyektlərdən yaşı 18-dən aşağı olan şəxslər istisna olmaqla, yalnız etibarlı olan COVID-19-a qarşı peyvənd olunmanı təsdiqləyən peyvənd sertifikatı və ya COVID-19-dan sağalaraq immunitetə malik olmanı təsdiqləyən sənədi olan, yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatı olan şəxslər istifadə edə bilərlər.
Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB vətəndaşlara müraciət edib.
Üç qurumun birgə məlumatında deyilir:”Son günlərdə qeydə alınan statistik göstəricilərə əsasən, koronavirusun yeni ştamına yoluxanların sayında artım müşahidə olunur. “Omikron” ştamının genetik xüsusiyyətlərini nəzərə alaraq vətəndaşlarımızdan səhiyyə qurumlarımız tərəfindən müəyyən olunmuş virusa yoluxma riskini azaldan göstərişlərə əməl etmələri xahiş olunur.
Özünüzdə koronavirusun əlamətlərini hiss edirsinizsə ilk növbədə ərazi üzrə poliklinikaya, ailə həkiminizə (sahə həkimi-pediatrı, sahə həkimi-terapevti) müraciət edin. Ailə həkiminiz sizin sağlamlıq vəziyyətinizi dəyərləndirdikdən sonra ehtiyac olarsa COVID-19 (PZR) testinin götürülməsi üçün yaşadığınız ünvana tibb işçisini yönləndirir.
COVID-19-a yoluxduğunuz təsdiqləndiyi halda, xəstəliyi simptomsuz və ya yüngül simptomlarla keçirirsinizsə xəstəliyin ailənizə və ya ətrafdakılara yoluxmaması üçün evdə müalicə və təcrid olunma qaydalarına riayət etməyiniz tövsiyə olunur:
Özünüzü ailə üzvlərinizdən mümkün qədər təcrid edin;
Maska taxın;
Tez-tez əllərinizi yuyun və ya antiseptik vasitələrdən istifadə edin;
Təcrid olduğunuz yeri tez-tez havalandırın;
Ortaq istifadə olunan sahələri mütəmadi dezinfeksiya edin;
Gün ərzində 2 dəfə bədən hərarətinizi ölçün;
Bol maye qəbul edin;
Yuxu rejiminə riayət edin (gün ərzində ən az 7 saat dərin və rahat yuxu);
Hərarət yüksəldiyi zaman (38℃ və daha yuxarı) qızdırmasalıcı dərmanlardan istifadə edə bilərsiniz;
5 gündən çox müddətdə idarə olunmayan yüksək hərarət (>38.5℃, hərarət salıcı dərmanlara tabe olmayan) sizi narahat edərsə, ailə həkiminə məlumat verin;
Həkim təyinatı olmadan heç bir müalicəni qəbul etməyin;
Tibb bacıları və kiçik tibb işçiləri tərəfindən tövsiyə olunan mayelərdən (sistem), dərmanlar və digər müalicə metodlarından çəkinin;
Ehtiyac yarandığı təqdirdə vitaminlər (Vitamin C və D), ağrıkəsicilər, hərarətsalıcılar, öskürək əleyhinə və digər simptomatik müalicələr qəbul edə bilərsiniz.
Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 yanvar 2022-ci il tarixli 28 nömrəli Qərarına əsasən SARS-CoV-2 PZR test nəticəsi “müsbət” olan şəxslərin və onların müəyyən olunmuş “sıx təmaslı”larının təcrid (karantin) müddəti ölkəmizdə 14 gündən 7 günə azaldılıb.
COVID-19 xəstəliyini keçirmiş, bununla bağlı PZR testinin nəticəsi pozitiv çıxmış və rəsmi qeydiyyata düşmüş şəxslər 7 gündən sonra “İmmunitet sertifikatı” əldə edə bilərlər. Sertifikatın qüvvədə olma müddəti 6 aydır. Bu müddət bitəndən sonra peyvənd istehsalçısının istifadə təlimatında 2 doza vurulması nəzərdə tutulan peyvəndin 1 dozasını aldıqda sertifikatın qüvvədə olması müddətsiz olaraq uzadılır”.