Skip to content
19 Noyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • Siyasət
  • Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib
  • Siyasət

Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib

Cavidan 19 Noyabr, 2026
7KVuCwSWT5N5vvL1D0cO6DOXqdc_1200

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vyetnam Xəbər Agentliyinə (VNA) müsahibə verib.

Müsahibəni təqdim edir.
-Hörmətli cənab Prezident, ikitərəfli əməkdaşlığın tarixində yeni mərhələnin başlanması ilə əlamətdar olacaq Vyetnama qarşıdakı rəsmi səfəriniz ərəfəsində Siz Azərbaycan ilə Vyetnam arasında siyasi dialoqun hazırkı vəziyyətini necə xarakterizə edərdiniz?
-Azərbaycan-Vyetnam münasibətlərinin təxminən yetmişillik tarixindən bəhs edərkən, hər şeydən əvvəl, bu dostluğun köklərinə qayıtmaq və onun əsasını qoymuş iki böyük lideri səmimi minnətdarlıq hissi ilə xatırlamaq istəyirəm.
Sözsüz ki, başlanğıc nöqtəsi 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Bakıya unudulmaz səfəri idi. 1983-cü il əsl sıçrayışla əlamətdar oldu. Həmin vaxt Sov. İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini Heydər Əliyevin başçılığı ilə sovet nümayəndə heyəti Vyetnama səfər etdi. Azərbaycan xalqının Ümummilli Liderinin təşəbbüsü ilə bu səfərin müddəti səkkiz günə qədər uzadıldı və ölkənin əsas regionlarını əhatə etdi. Həmin vaxt əldə olunan razılaşmalar Vyetnam iqtisadiyyatının inkişafına güclü təkan verdi və çoxillik əməkdaşlığın istiqamətini müəyyənləşdirdi.
Möhkəm, zamanın sınaqlarından çıxmış dostluğa əsaslanaraq, biz əlaqələrin gücləndirilməsini və qarşılıqlı faydalı tərəfdaşlığın genişləndirilməsini ardıcıl şəkildə davam etdirdik. 2014-cü ildə mənim Vyetnama ilk dövlət səfərim baş tutdu, artıq 2015-ci ilin mayında isə Vyetnam Sosialist Respublikasının Prezidenti cənab Çıonq Tan Şanq Azərbaycana cavab səfəri etdi.
Keçən ilin mayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi cənab To Lamın Azərbaycana ilk dövlət səfəri dövlətlərarası münasibətlərimizdə yeni fəsil açdı. Aparılan konstruktiv danışıqlar energetika və investisiyalardan müdafiə və kibertəhlükəsizliyə qədər istiqamətlərin geniş spektrini əhatə etdi. Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin – Azərbaycan-Vyetnam əlaqələrini keyfiyyətcə yeni səviyyəyə qaldıran mühüm sənədin qəbul edilməsi məntiqi nəticə oldu. Bu səfər tərəfdaşlığın dərinləşdirilməsi və onun praktiki məzmunla zənginləşdirilməsi üzrə qarşılıqlı marağı bir daha nümayiş etdirdi.
Dövlət başçılarının siyasi təmasları ilə paralel olaraq, hökumətlərarası komissiyaların, müvafiq idarələrin, həmçinin parlamentlərarası dostluq qruplarının xətti ilə səmərəli dialoq aparılır. Bundan əlavə, iki ölkənin hakim partiyaları – Yeni Azərbaycan Partiyası və Vyetnam Kommunist Partiyası arasında sıx əməkdaşlıq inkişaf edir.
Ölkələrimiz arasında ikitərəfli dialoq ilə yanaşı, beynəlxalq platformalarda, xüsusilə BMT, Qoşulmama Hərəkatı, AQEM və digər beynəlxalq təşkilatlar çərçivəsində də sıx qarşılıqlı əlaqə qurulub.
Sözsüz ki, bütün bunlar Bakı ilə Hanoy arasında çoxillik siyasi dialoqun bərabərhüquqluluq və qarşılıqlı maraqların nəzərə alınması əsasında dayanıqlı şəkildə dərinləşməsini göstərir.
-İqtisadi-ticari münasibətlərin əsas nəticələri, istiqamətləri və inkişaf potensialı hansılardır?
-Azərbaycan-Vyetnam iqtisadi-ticari əlaqələri ardıcıl şəkildə inkişaf edir. 2025-ci ilin yekunlarına görə, iki ölkə arasında ticarət dövriyyəsi 150 milyon dollardan artıq olub. Bununla yanaşı, bu göstərici hələ ki, real imkanları əks etdirmir: hər iki tərəf qarşılıqlı ticarətdə əhəmiyyətli artım üçün böyük potensiala malikdir.
Sovet İttifaqı dövründən bəri tarixən tərəfdaşlığımızın təməlini təşkil edən neft sektoru qarşılıqlı fəaliyyətin əsas istiqaməti statusunu qoruyub saxlayır. Bu kontekstdə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Vyetnam Milli Neft və Qaz Şirkəti (PetroVietnam) arasında əlaqələrin dərinləşdirilməsi xüsusi əhəmiyyət kəsb edir. 2025-ci ildə imzalanmış Anlaşma Memorandumu neft-qaz yataqlarının kəşfiyyatı və işlənilməsi, texniki xidmətlər və mütəxəssis hazırlığı kimi sahələrdə əməkdaşlığı nəzərdə tutur.
Vyetnam biznesinin Azərbaycan iqtisadiyyatında iştirakı da ikitərəfli münasibətlərin mühüm tərkib hissəsidir. Tikinti və infrastrukturun inkişafı, həmçinin Günəş və külək enerjisi sahələrində layihələrin həyata keçirilməsində maraqlı olduğunu bildirən “ROX Group” bunun bariz nümunəsidir. 2026-cı ilin sentyabrında Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “ROX Group” ilə müvafiq sənədlər imzalanıb.
Tranzit daşımaları sahəsində də müsbət dinamika müşahidə olunur. 2026-cı ilin yanvar-sentyabr aylarında bu daşımaların həcmi 2025-ci ilin eyni dövrü ilə müqayisədə təxminən altı dəfə artıb və 8 min tondan çox olub.
Azərbaycanın nəqliyyat və logistika infrastrukturundan Orta Dəhliz və “Şimal-Cənub” nəqliyyat dəhlizi vasitəsilə Vyetnamdan Avropaya və əks istiqamətdə yüklərin daşınması üçün səmərəli şəkildə istifadə etmək olar. Bu, ölkəmizin beynəlxalq nəqliyyat dəhlizlərində rolunu gücləndirməklə yanaşı, əlavə iqtisadi dəyər və əməkdaşlıq üçün yeni imkanlar yaradılmasına və ikitərəfli əlaqələrin genişlənməsinə sanballı töhfə verəcək.
Ölkələrimiz ticarət dövriyyəsini əhəmiyyətli dərəcədə artırmaq və enerji, sənaye, kənd təsərrüfatı, nəqliyyat-logistika sektorlarında – bir sözlə, demək olar ki, bütün aparıcı sahələrdə genişmiqyaslı birgə təşəbbüsləri uğurla həyata keçirmək üçün kifayət qədər resurslara malikdir. Əminəm ki, planauyğun birgə iş ən qısa müddətdə əhəmiyyətli praktik nəticələr əldə etməyə imkan verəcək.
-Humanitar, təhsil və mədəni əlaqələr ölkələrimizin bir-birinə yaxınlaşmasında hansı rol oynayır və bu prosesə hansı təşəbbüslər imkan yaradır?
-Humanitar əməkdaşlıq xalqlarımızı və dövlətlərimizi birləşdirən möhkəm körpü rolunu oynayır. Onilliklər ərzində bu əlaqələr təhsil təşəbbüsləri, xeyriyyə layihələri və müntəzəm mədəni mübadilə vasitəsilə davamlı olaraq möhkəmləndirilib.
Heydər Əliyev Fondu bu prosesdə xüsusi rola malikdir və Vyetnamla humanitar münasibətlərin dərinləşməsinə fəal surətdə kömək edir. Fondun fəaliyyət istiqamətləri Ha Giang əyalətində ibtidai məktəbin tikintisi də daxil olmaqla infrastruktur təşəbbüslərindən tutmuş müxtəlif təhsil proqramlarının dəstəklənməsinə qədər geniş spektri əhatə edir.
Fondun vitse-prezidenti Leyla Əliyevanın 2025-ci ildə Vyetnama səfəri bu əlaqələrin möhkəmləndirilməsində mühüm addım olub. Səfər zamanı ölkə rəhbərləri, yaradıcı ziyalıların nümayəndələri və Azərbaycan universitetlərinin vyetnamlı məzunları ilə görüşlər keçirilib. Hanoy Ticarət və Turizm Kollecinə də maliyyə dəstəyi göstərilib.
Xeyriyyəçiliklə yanaşı, elm və təhsil əməkdaşlığı da dinamik şəkildə inkişaf edir. Hər iki ölkənin aparıcı universitetləri bir sıra tərəfdaşlıq müqavilələri və memorandumlar imzalayıb. Vyetnam nümayəndələri Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları üçün mənim sərəncamıma uyğun olaraq yaradılmış təhsil qrant proqramlarında iştirak etmək imkanına malikdirlər.
Sevindirici haldır ki, bu akademik əlaqələr zəngin tarixi ənənələrə əsaslanır: hətta sovet dövründə belə, təxminən 5 min Vyetnam vətəndaşı Azərbaycanda təhsil alıb və sonradan əldə etdikləri bilik və təcrübəni vətənlərinin rifahı naminə uğurla tətbiq edib. İki ölkə arasında uzunmüddətli dostluğun rəmzi 2025-ci ildə Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi cənab To Lamın iştirakı ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Ho Şi Minin Memorial otağının açılışı olub. Həmin açılış bu görkəmli dövlət xadiminin anadan olmasının 135-ci ildönümünə təsadüf edib.
Qarşılıqlı mədəni fəaliyyət təhsil əlaqələrini ahəngdar şəkildə tamamlayır. Azərbaycanda ənənəvi olaraq Vyetnam Günləri keçirilir. 2026-cı ildə bu təşəbbüs keyfiyyətcə yeni səviyyəyə çatdı: dördüncü festival ilk dəfə olaraq iki şəhəri – Bakı və Qəbələni əhatə etdi. Digər əhəmiyyətli mədəni hadisə isə məşhur vyetnamlı şair Mai Van Phanın “Gün doğarkən” şeirlər toplusunun Azərbaycanda nəşr edilməsi oldu.
Ümumilikdə, xalqlarımız arasında mədəni dialoq on illərdir davam edir. Hələ 1955-ci ildə bəstəkar Qara Qarayev ilk Sovet-Vyetnam sənədli filmi üçün “Vyetnam süitası”nı yaradıb. Bu yaradıcı əlaqələr sonradan rejissor Əjdər İbrahimov tərəfindən daha da möhkəmləndirilib. O, 1959-cu ildən 1962-ci ilə qədər Vyetnamda yaşayıb və çalışıb, milli kino məktəbinin ön sıralarında olub, yerli rejissorların və aktyorların yetişdirilməsinə kömək göstərib və ölkənizə bir neçə kitab həsr edib. Onlardan biri – “Vyetnamda gördüklərim” Vyetnam dilinə tərcümə edilib, bu kitabın təqdimatı isə bu il Hanoyda keçirilib.
Möhkəm dostluq bağları təkcə birgə layihələrdə deyil, həm də çətin anlarda köməyə gəlməyə hazır olmaqda özünü göstərir. 2024-cü ildə Vyetnamda baş verən “Yaqi” fırtınasının dağıdıcı nəticələrini aradan qaldırmaq, həmçinin 2025-ci ildə genişmiqyaslı daşqınların vurduğu ziyanın öhdəsindən gəlmək üçün Azərbaycan maliyyə yardımı göstərib.
-Vyetnama qarşıdakı səfərinizdən gözləntiləriniz nələrdir?
-Dost Vyetnama səfərimi səbirsizliklə gözləyirəm. Əminəm ki, bu, Azərbaycan və Vyetnam arasında qarşılıqlı faydalı tərəfdaşlığın dərinləşdirilməsində daha bir mühüm addım olacaq.
Bu gün Vyetnam Cənub-Şərqi Asiyada dinamik inkişaf edən ölkədir, Azərbaycan isə Cənubi Qafqazda əsas logistika və energetika habıdır. Qüvvələrimizi birləşdirərək yeni bazarlara çıxa, birgə layihələr həyata keçirə, biznes və investisiya üçün əlavə imkanlar yarada bilərik. Sözsüz ki, əməkdaşlığımız ölkələrimizə və xalqlarımıza nəzərəçarpan fayda gətirə biləcək böyük quruculuq potensialına malikdir.

Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala

Post navigation

Əvvəlki: Tbilisidə yaşayış binasında partlayış, 7 nəfər itkin düşdü
Sonrakı: Çin, Rusiya və ABŞ BMT-də islahatların aparılmasını dəstəkləyib – Birgə bəyannamə

Bölmənin digər xəbərləri

6cfa4b76-74f1-39ve9591392_1200
  • Siyasət

Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələr verilib

Cavidan 7 Noyabr, 2026
hl8jk0vs1yGHBKvhzRbChnL3sX bbc_1200
  • Siyasət

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Cavidan 6 Noyabr, 2026
6cfa4b76-74 v91392_1200
  • Gündəm

Prezident “Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri”ni təsdiqləyib

Cavidan 5 Noyabr, 2026

Teqlər

Android AnTuTu Apple AZCON Holding AzInTelecom Azərbaycan Ağacəkmə aksiyası Ağdam biznes Business Epic Games Store Google Google Maps Huawei informasiya təhlükəsizliyi innovasiya kibertəhlükəsizlik Lenovo Meta Microsoft Motorola NETTY 2026 Newsbeat Noutbuk OpenAI oyun Oyunlar PCI DSS PS5 Pulsuz Reytinq Rəqəmsal İmza smartfon Smartfonlar Sony spacex Süni intellekt SİMA İmza Tesla Texnologiya Təhlükəsizlik World İlon Mask İnternet Mükafatı İT xəbərləri

Bölmələr

  • Cəmiyyət (3. 474)
  • Dünya (1. 141)
  • Gündəm (3. 537)
  • İdman (263)
  • İqtisadiyyat (180)
  • Kateqoriyasızlar (256)
  • Kriminal (316)
  • Mədəniyyət (99)
  • Siyasət (453)
  • Texnologiya (75)

Xəbər Trendi

Azərbaycanın Vəkillər Kollegiyası ilə BMT arasında əməkdaşlıq müzakirə olunub Rhzhk8lPL vMEEDR_1200 1
  • Cəmiyyət

Azərbaycanın Vəkillər Kollegiyası ilə BMT arasında əməkdaşlıq müzakirə olunub

19 Noyabr, 2026
Fərid Qayıbov: “Xankəndidəki stadionda UEFA turnirlərinin oyunları da keçirilə bilər” 5HE4TWkmEdr v8bTF_1200 2
  • Gündəm

Fərid Qayıbov: “Xankəndidəki stadionda UEFA turnirlərinin oyunları da keçirilə bilər”

19 Noyabr, 2026
Prezident İlham Əliyev Vyetnama rəsmi səfər edib vcrMyLIl9JH vvLojLEtuT_1200 3
  • Cəmiyyət

Prezident İlham Əliyev Vyetnama rəsmi səfər edib

19 Noyabr, 2026
Putin: Çin və ABŞ liderləri ilə müzakirələr bir-birimizi daha yaxşı başa düşməyə imkan verib E7JTVzF8Iuz v8y5a37ki8w1Vd_1200 4
  • Dünya

Putin: Çin və ABŞ liderləri ilə müzakirələr bir-birimizi daha yaxşı başa düşməyə imkan verib

19 Noyabr, 2026
Sabah Bakıda leysan yağacaq – Xəbərdarlıq Y3JiKQlsAghQcMNI vt_1200 5
  • Kateqoriyasızlar

Sabah Bakıda leysan yağacaq – Xəbərdarlıq

19 Noyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3474) Dünya (1141) Gündəm (3537) Kateqoriyasızlar (256) Kriminal (316) Mədəniyyət (99) Siyasət (453) Texnologiya (75) İdman (263) İqtisadiyyat (180)

Sayt üzrə statistika

  • 0
  • 384
  • 286
  • 17. 856

«Addim.az günün 24 saatı ərzində ölkədə və dünyada baş verən ən mühüm və aktual hadisələri operativ şəkildə işıqlandırır, cəmiyyəti maraqlandıran suallara cavab axtarır, dərin analitik təhlillər, foto və videohesabatlarla oxucularına informasiya dünyasında hər addımda bələdçilik edir.»

  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.