Noyabrın 24-də Azərbaycanın 21-ci Milli İnternet Mükafatı olan NETTY 2026-nın növbəti mərhələsi — nominantların seçimi başlayır. Müsabiqədə 350-dən çox layihə iştirak edir. Dekabrın 4-dək Ekspert Şurası və internet istifadəçilərindən ibarət Virtual Münsiflər Heyəti finala çıxacaq layihələri müəyyənləşdirəcək.
İştirakçıların statistikası
Müsabiqə iştirakçıları arasında 257 veb-sayt, 46 tətbiq və sosial şəbəkələrdə 51 layihə var. Yuvarlaqlaşdırılmış şəkildə onların payı uyğun olaraq 72%, 13% və 15% təşkil edir.
Ən çox layihə «Rəqəmsal iqtisadiyyat, biznes və fintex» nominasiyasında təqdim olunub — 114. Onları «Media, mədəniyyət və rəqəmsal məzmun» — 70 layihə və «Elm, təhsil və rəqəmsal savadlılıq» — 64 layihə izləyir. Birlikdə bu üç nominasiya iştirakçıların təxminən 70%-ni birləşdirir.
Nominantlar necə seçiləcək
Ekspert Şurası veb-saytları, tətbiqləri və sosial şəbəkələrdəki səhifələri yeddi əsas nominasiyanın hər birində ayrı-ayrılıqda qiymətləndirəcək. Öz istiqamətində ən çox səs toplamış üç layihə nominant olacaq. Beləliklə, müsabiqənin bütün üç istiqamət üzrə keçirildiyi nominasiyada doqquz nominant olacaq. Finalda Akademiya hər üçlükdən bir qalib — ən yaxşı sayt, ən yaxşı tətbiq və sosial şəbəkələrdə ən yaxşı səhifə seçəcək. Layihələr üç meyar — ideya, məzmun və icra üzrə qiymətləndirilir.
Virtual Münsiflər Heyəti ümumi iştirakçı sayından yalnız «Virtual Münsiflər Heyətinin seçimi» adlı ayrı mükafat üçün üç nominant seçəcək. Bu seçildə əsas nominasiya və layihənin növü əhəmiyyət daşımır.
Səs vermək üçün internet istifadəçiləri netty.az saytındakı «Virtual Münsiflər Heyəti» bölməsinə Google vasitəsilə daxil olmalıdırlar. Hər bir layihə üçün bir səs vermək olar. İstənilən sayda layihəni dəstəkləmək mümkündür. Ən çox səs toplamış üç layihə «Virtual Münsiflər Heyətinin seçimi» mükafatına nominant olacaqlar.
Final səsverməsi və təltifetmə
Seçim dekabrın 4-də başa çatacaq. Bu mərhələnin nəticələrinə əsasən yekun nominantlar siyahısı elan olunacaq. Dekabrın 5-dən 15-dək NETTY Akademiyası əsas nominasiyalar və «Virtual Münsiflər Heyətinin seçimi» mükafatı üzrə nominantlar arasından qalibləri müəyyən edəcək.
NETTY 2026-nın qalibləri dekabrın 16-da təntənəli mükafatlandırma mərasimində rəsmi olaraq elan olunacaqlar. Tədbirə bütün nominantlar dəvət olunacaqlar. Onlara diplomlar, qaliblərə isə NETTY mükafatları təqdim ediləcək.
NETTY 2004-cü ildə təsis edilmiş Azərbaycanın ilk internet mükafatıdır. Bu il müsabiqə 21-ci dəfə keçirilir.
NETTY 2026-nın tərəfdaşları
Rəsmi tərəfdaşlar — AZİNTELECOM, Bolt for Business.
Tərəfdaşlar — MSolution | Chewick, Ultra Technologies, SmartHost, Savalan, Renley, Online.az.
İnformasiya tərəfdaşları — Report İnformasiya Agentliyi, InfoCity, Technote.az, «Kaspi» qəzeti, Oxu.az, Baku.ws, Baku.TV, Media.az, Azərbaycan Fotoqraflar İttifaqı, ALR MEDIA, Sapunov Online, Banks.az.
İştirakçılar, səsvermə və müsabiqə haqqında ətraflı məlumat netty.az saytındadır. Əməkdaşlıq məsələləri üçün info@netty.az ünvanına müraciət edin.
