Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin Sankt-Peterburqda keçiriləcək MDB-nin qeyri-rəsmi sammitində Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüşün perspektivlərini şərh etməkdən yayınıb.Nazir müavini jurnalistlərin sualına cavabında belə deyib:“Diplomat kimi mən proqnoz verməkdən çəkinməyə üstünlük verərdim”.Qaluzin bildirib ki, Rusiya tərəfinin Ermənistan və Azərbaycana liderlərin 2020 və 2022-ci ildə formalaşdırdıqları prinsiplər əsasında sülh danışıqları üzrə dialoqu davam etdirmək çağırışı qüvvədə qalır.Daha əvvəl MDB-nin baş katibi Sergey Lebedev dekabrın 26-da Sankt-Peterburqda quruma üzv ölkələrin liderlərinin qeyri-rəsmi görüşünün keçiriləcəyini bildirib. Onun sözlərinə görə, son vaxtlar Rusiyanın iştirakı ilə keçirilən tədbirləri boykot edən Ermənistan Baş naziri Nikol Paşinyanın da Sankt-Peterburqa gələcəyi gözlənilir.