“İnflyasiya son illərdə bütün dünyada ciddi problemə çevrilib. O cümlədən, ticarət tərəfdaşımız olan ölkələrdə inflyasiya templərinin artması müşahidə edilmiş, orta illik inflyasiya 20,4% olub. Bu proses ölkə daxilində qiymətlərin ümumi səviyyəsinin artmasına da təsir göstərib”.
Bunu Milli Məclisdə çıxışı zamanı Baş nazir Əli Əsədov deyib.
Baş nazir bildirib ki, 2022-ci ildə Azərbaycanda orta illik inflyasiya 13,9 faiz təşkil edib: “Xüsusilə ərzaq qiymətləri idxal vasitəsilə daxili ərzaq inflyasiyasına ciddi təsir göstərib. İdxal olunan məhsulların illik qiymət indeksinin artımı 22%-dən çox olub. Azərbaycandakı inflyasiya əsasən idxal edilmiş inflyasiyadır. Buna baxmayaraq, yüksək neft qiymətləri şəraitində tədiyə balansının profisitli olması, valyuta bazarında tarazlıq, qəbul edilmiş makro-fiskal çərçivə parametrləri və monetar şərait inflyasiya təzyiqlərini nisbətən məhdudlaşdırıb”.