Rusiya hava hücumundan müdafiə sistemləri Luqansk səmasında Ukraynaya məxsus Su-24 təyyarəsini, həmçinin Xarkov vilayətində İzyum səmasında “Toçka-U” raketini vurub.
Adddim.az-ın məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bildirib.
“Rusiyanın hava hücumundan müdafiə sistemləri Luqanskın Nikolaevka yaşayış məntəqəsi üzərində Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus Su-24 təyyarəsini vurub. Bundan başqa, Rusiyanın hava hücumundan müdafiə sistemləri Xarkov vilayətinin İzyum şəhərinin yaşayış məntəqələrinə Ukraynaya məxsus “Toçka-U” ballistik raketinin hücumunu dəf edib”, – deyə Rusiya MN sözçüsü vurğulayıb.
Konaşenkov bildirib ki, Rusiya Quru Qoşunlarının raket qoşunları və artilleriyası Ukraynada keçirilən xüsusi hərbi əməliyyat zamanı gecə ərzində 408 hədəfi vurub: “Nəticədə 18 komanda məntəqəsi və canlı qüvvənin və Ukrayna hərbi texnikasının cəmləşdiyi 383 ərazi məhv edilib”.