Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan əraziyə icazəsiz silah daşınması cəhdinin qarşısı alınıb. Bununla bağlı yayılan məlumatlarda bildirilir ki, Azərbaycan Ordusunun nəzarət-buraxılış məntəqəsində Rusiya sülhməramlılarına aid 1 ədəd 82A zirehli maşın və 3 ədəd “Ural” markalı avtomobil yoxlanılması üçün dayandırılıb.
Avtomobillərə baxış zamanı birinin yük hissəsində yataq döşəkləri arasında 5 ədəd avtomat aşkar edilib. Qaydaları kobud şəkildə pozaraq silah-sursatı qanunsuz daşıdığına görə avtomobil karvanı nəzarət-buraxılış məntəqəsindən buraxılmayıb.
Bakı-xeber.com yazır ki, əgər bu silahı Rusiya hərbçiləri ermənilərə çatdırmaq istəyirsə, bunu sülhməramlıların əli ilə asanlıqla onlara ötürə bilərlər. Digər versiya isə bundan ibarətdir ki, ola bilər, bu addımın arxasında silah qaçaqmalçıları durur və bunu alver məqsədilə edirlər. Yox, əgər bu addımlar Rusiyanın yüksək hərbi dairələrinin əli ilə atılırsa, onda onlar bununla hansı məqsədləri güdə bilərlər? Nəhayət, Rusiya Müdafiə Nazirliyi niyə bu insidentlə bağlı reaksiya vermir?
AMİP Mərkəzi Şurasının sədri, politoloq Rəşad Bayramov bildirdi ki, Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazilərimizə qanunsuz olaraq silah-sursat daşınması ilk hal deyil: “Məlumdur ki, 10 noyabr üçtərəfli bəyanatının 3-cü bəndində təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingentinin 1,960 atıcı silahlı hərbi qulluqçusunun, 90 zirehli personal daşıyıcısının, 380 ədəd avtomobil və xüsusi texnikası yerləşdirilməsi nəzərdə tutulmuşdu. Lakin Rusiya elə o zaman bu şərtləri kobudcasına pozaraq ərazilərimizə daha çox hərbçi və silahlı texnika yerləşdirdi. Təəssüf ki, o zaman rəsmi Bakı buna göz yumdu və nəticə etibarilə sülhməramlıların qanunsuz hərəkətləri, o cümlədən də ərazilərimizə əlavə silahlar daşıması halları davam etdi. Düzdür, zaman-zaman bu kimi halların qarşısı alınıb və hətta Müdafiə Nazirliyinin, eləcə də XİN-in bununla bağlı Rusiya tərəfə iradları olub. Sadəcə, bir çox hallarda edilən etirazlar və təpkilər ictimailəşdirilməyib. İndi bu məsələ rəsmi şəkildə ictimailəşdirilirsə, demək ki, söhbət təkcə 1 zirehli texnika, 3 maşın və 5 avtomat məsələsi deyil və ortada daha dərin problemlər var. Odur ki, Azərbaycan tərəfi də artıq belə məsələləri həm ictimailəşdirir, həm də bununla rəsmi olaraq Rusiyanın nəzərinə çatdırır ki, o, bəyannamədə nəzərdə tutulan öhdəlikləri yerinə yetirmir və buna görə də məsuliyyət daşıyır.
Konkret dediyiniz hadisəyə gəldikdə isə bu addımın arxasında nəyin dayandığını demək çətindir. Bunun qaçaqmalçılıq yolu ilə alver məqsədilə həyata keçirildiyi və ya Qarabağdakı separatçı rejimi silahlandırmaq üçün rəsmi Moskvanın göstərişi ilə həyata keçirildiyini demək araşdırma tələb edir. Rusiya ordusunda və hökumətində korrupsiyanın olması aydın məsələdir. Onlar pula görə hər şeyə getməyə hazırdırlar. Amma istənilən halda söhbət separatçı rejimə silah ötürülməsindən gedir. Çünki Rusiya sülhməramlıları adlanan kontingentin 3-5 avtomata və ya bir neçə maşına ehtiyacı yoxdur və əgər bu texnika və silahlar daşınırsa demək ki, separatçı rejimə, erməni hərbi birləşmələrinə çatdırılmaq üçün daşınır. İstənilən halda məsuliyyət Rusiyanın üzərinə düşür.
Çünki sülhməramlı kontingentin vəzifəsi, separatçıları silahlandırmaq, Azərbaycan ərazilərində talançılıqla məşğul olmaq, bəyanatın tələblərini pozaraq ərazilərimizə kimi gəldi buraxmaq, erməni hərbi birləşmələrinin möhkəmlənməsinə, səngər qazmasına, kazarma tikməsinə dəstək vermək, özünü müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinin sahibi kimi apararaq kimə gəldi heykəl qoymaq və s. bu kimi işlər deyil. Onların vəzifəsi sülh sazişi hazırlığı və imzalanması prosesinə dəstək vermək, sülh prosesinə qarşı ola biləcək mümkün maneələrin qarşısını almaq və imzalanmış üçtərəfli bəyanatla tərəflərin üzərlərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsinə nail olmaqdan ibarətdir. Amma keçən iki ilə yaxın dövr ərzində biz bunların heç birinin şahidi olmamışıq.
Düşünürəm ki, Azərbaycan tərəfi nəhayət ki, baş verənlərlə bağlı Rusiyanın rəsmi dairələrinin reaksiya verməsinə nail olmalıdır. Bununla bağlı Rusiyaya rəsmi şəkildə nota verilməsi də məqsədəuyğundur”.
Siyasi analitik Züriyə Qarayeva isə vurğuladı ki, Rusiyanın Ukrayna cəbhəsindəki faktiki məğlubiyyətindən, NATO ilə sərhədləri 2 dəfədən çox artdıqdan sonra Kreml Cənubi Qafqazla bağlı daha ciddi mübarizə aparmağa başlayıb: “2020-ci ildə imzalanmış 10 noyabr bəyanatında tərəf olması, separatçıların çıxmasına paralel müvafiq regionda yerləşdirilməsi ilə bağlı maddəyə imza atmasına rəğmən bəyanatın heç bir müddəasının icrasına təkan verməməsi və özünü də bundan məsul görməməsi Moskvanın bölgə ilə bağlı planlarını bir daha gün üzünə çıxarır. Prezident İlham Əliyevin hər iki tərəfi hədəf alaraq ciddi bəyanatlar səsləndirməsi isə görünür ki, qarşı tərəfdə daha çox qıcıq yaradır. Rusiya, sadəcə olaraq, bütün imkanlarından istifadə edərək müvafiq bölgədə gərginliyi aktiv fazada saxlamağa və bununla da hələ uzun müddət özlərinə ehtiyac olduğunu beynəlxalq ictimaiyyətə də, bizlərə də çatdırmağa çalışır. Çünki istər Azərbaycan tərəfi, istərsə də Aİ Rusiyanın varlığından narahatdır. Ölkəmiz narahatdır ona görə ki, ordusunun və diplomatiyasının hesabına qazandığı qələbəyə kölgə salınmağa çalışılır”.
Tanınmış hərbi ekspert, “M5 Müdafiə və Strategiya jurnalı”nın regional təmsilçisi Alp Arslan İmamqulunun fikirləri belədir: “Sülhməramlıların Azərbaycanın təhlükəsizliyinə və 10 noyabr bəyanatının tələblərinə zidd olan davranışları artıq çoxdan görünməkdədir. İlkin olaraq bunu bir neçə istiqamətdə qiymətləndirmək olar. Mütləqdir ki, rus sülhməmramlılarının atdıqları hər bir addım barədə Rusiyanın ən yüksək səviyyədə ali orqanının xəbəri var. Əgər təhlükəsizliyi qorumaq sülhməramlıların borcudursa, burada heç bir bəhanə qəbul olunmur. Xüsusilə burada bəhs olunan qüvvələr kimi sülhməramlıların adı keçirsə-hansı ki, burada beynəlxalq tələblər tənzimlənməlidir-heç bir halda onların fəaliyyətləri qənaətbəxş hesab edilə bilməz. Bütün hallarda 10 noyabr tələbləri pozulduğuna görə Azərbaycanın təhlükəsizliyini qorumaq üçün tam haqqıdır ki, onların ərazilərimizdə fəaliyyətlərinin durdurulması üçün tələblərini irəli sürsün”.
Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov belə halın yaşanmasını təsadüfi saymır: “İlk növbədə onu bildirim ki, bu yaxınlarda Prezident İlham Əliyev keçirdiyi müşavirədə sülhməramlıların fəaliyyətini sərt tənqid etdi. Bunun ardınca belə bir hadisə barədə xəbərin yayılmasını təsadüfi hesab etmirəm. Yəni əslində indiyədək sülhməramlılar çox özbaşınalıq ediblər. Amma belə faktlardan birinin məhz indi ictimailəşdirilməsi məqsədsiz deyil. Biz konkret faktlarla göstəririk ki, sülhməramlıların fəaliyyətinə ehtiyac yoxdur. Bu isə o deməkdir ki, Rusiya xam xəyallara qapılıb hərbçilərinin Qarabağda qalma müddətinin uzadılmasına çalışmamalı, bunun üçün süni səbəblər yaratmamalıdır. Əlbəttə, Rusiya Müdafiə Nazirliyinin məsələ barədə açıqlama verməməsi təbiidir. Bu məsələnin ictimailəşməsi Kremlin maraqlarına uyğun deyil. Hətta rəsmi Moskva istəyərdi ki, biz bunu gizli saxlayaq. Lakin Azərbaycan Rusiyanın yox, öz maraqlarına uyğun xarici siyasət yeritməkdədir. Sülhməramlıların özbaşınalığı Azərbaycanın həm Ermənistana, həm də Rusiyaya qarşı təzyiq alətidir. Düşünürəm ki, oxşar hallar bundan sonra da ictimailəşdirilməlidir. Rusiyanın məsələyə reaksiya verib-verməməsi ikinci dərəcəli məsələdir. Daha vacibi budur ki, biz Kremli utandırır və ehtimal edilən antiterror əməliyyatlarının məcburi variant olduğunu göstəririk”.
“Yeni Müsavat”