Qazaxıstanın Abay vilayətində “Semey” xüsusi iqtisadi zonasının yaradılması planlaşdırılır.
Bu barədə Qazaxıstan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, layihələrə proqnozlaşdırılan investisiya həcmi 1,4 trilyon tengə (3,13 milyard dollar) təşkil edir.
Müvafiq qərarı Baş nazir Oljas Bektenov imzalayıb. 600 hektar sahəsi olan xüsusi iqtisadi zona Janasemey rayonunda yerləşəcək.
Onun ərazisində yüksək texnologiyalı, o cümlədən ixracyönümlü müəssisələrdən ibarət sənaye-istehsal kompleksinin yaradılması planlaşdırılır. Yeni müəssisələrin işə salınması təxminən 14 min daimi iş yerinin yaradılmasına imkan verəcək.
Layihə logistika infrastrukturunun və müəssisələr arasında istehsal əlaqələrinin inkişafını, həmçinin investorlar üçün əlverişli şəraitin yaradılmasını nəzərdə tutur.
Bildirilib ki, “Semey” xüsusi iqtisadi zonasının açılması ilə Qazaxıstanın 15 regionunda 19 xüsusi iqtisadi zona fəaliyyət göstərəcək.
