Ümumdünya Şəhərsalma Forumunda mənzil məsələsinin artıq qlobal demokratiya və inkişaf problemi olduğu vurğulanıb.
Bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində “Qlobal mənzil böhranı: Plan nədir?” adlı panel sessiyada Birləşmiş Şəhərlər və Yerli Hakimiyyətlər Təşkilatının (UCLG) Baş katibi Emilia Saiz bildirib.
O qeyd edib ki, mənzil böhranı artıq yalnız gecəqondu məhəllələri və qeyri-rəsmi yaşayış sahələri ilə məhdudlaşmır. Bu gün hətta işi olan insanlar da mənzil problemi ilə üz-üzədir və vəziyyət getdikcə daha təhlükəli miqyas alır.
“Bu artıq yalnız qlobal şimal və ya qlobal cənubun problemi deyil. Mənzil böhranı struktur xarakter daşıyan inkişaf və demokratiya çağırışına çevrilib. Demokratiyanın gələcəyi də mənzil məsələsindən asılıdır”, – deyə o vurğulayıb.
Emilia Saiz qeyd edib ki, uzun illərdir sosial mənzillər yanlış ərazilərdə planlaşdırılır və bu yanaşma hələ də davam edir.
“İnsanlar özlərinin tikdiyi evlərdən çıxarılır. Bunun səbəbi həmin ərazilərin qeyri-rəsmi hesab olunması və ya torpağın bazar dəyərinin artmasıdır. Bir çox yerlərdə torpaq gəlir mənbəyi, mənzil isə kommersiya məhsulu kimi qiymətləndirilir”, – deyə çıxışda bildirilib.
O həmçinin vurğulayıb ki, mənzil siyasətində icmaların iştirakı, yerli biliklər və birgə planlaşdırma əsas prinsipə çevrilməlidir.
Baş katibin sözlərinə görə, iqlim dəyişiklikləri, miqrasiya və urbanizasiya demoqrafik vəziyyəti dəyişdirdiyi üçün yaşayış mühiti “birgə yaradılan məkan” prinsipi əsasında formalaşdırılmalıdır.
O çıxışında spekulyasiya və maliyyə sisteminin də mənzil böhranını dərinləşdirən əsas amillərdən biri olduğunu da nəzərə çatdırıb:
“Uzun illər düşünürdük ki, iqtisadi inkişaf mənzil problemini özü həll edəcək. Bu baş vermədi və mövcud maliyyə arxitekturası dəyişmədən də baş verməyəcək”, – deyə o bildirib.
Emilia Saiz sosial mənzil layihələrinin dövlət borcu və investisiya məhdudiyyətlərindən kənarda qiymətləndirilməsinə çağırıb. O, beynəlxalq, regional və milli inkişaf banklarının bu istiqamətdə ortaq yanaşma nümayiş etdirməsinin vacibliyini vurğulayıb.
O əlavə edib ki, bir çox ölkələrdə yerli və regional hökumətlər mənzil məsələsinə görə məsuliyyət daşısa da, bu sahədə kifayət qədər səlahiyyətə malik deyil.
“Əgər səlahiyyət məsələsi dəyişməzsə, bir sıra problemləri həll etmək mümkün olmayacaq”, – deyə o qeyd edib.
Baş katib bildirib ki, mənzil artıq fövqəladə vəziyyət deyil, insanlığın və demokratiyanın gələcəyini müəyyən edən struktur problemə çevrilib.
“Biz bu məsələyə ədalət prizmasından yanaşmalıyıq. Mənzilə çıxışdakı ayrı-seçkilik sosial bərabərsizliyin ən açıq göstəricilərindən biridir”, – deyə E.Saiz fikrini tamamlayıb.
