8 aprel tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla Pakistan İslam Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar arasında telefon danışığı aparılıb.
Bu barədə Azərbaycan XİN məlumat yayıb.
Telefon danışığı zamanı tərəflər regionda mövcud təhlükəsizlik vəziyyətini müzakirə ediblər.
Nazir Ceyhun Bayramov ABŞ ilə İran arasında əldə olunmuş atəşkəsi alqışlayaraq, bunun gərginliyin azaldılması, sabitliyin möhkəmləndirilməsi və humanitar vəziyyətin yaxşılaşdırılması baxımından mühüm addım olduğunu vurğulayıb.
Dost və qardaş Pakistan tərəfinin atəşkəsin əldə olunması istiqamətində oynadığı mühüm rol xüsusilə təqdir olunub. Pakistana bölgədə sülh və sabitliyin təşviqi, tərəflər arasında dialoqun qurulması və etimadın möhkəmləndirilməsi istiqamətində göstərdiyi səylərdə, habelə qarşıdan gələn İslamabad danışıqlarında uğurlar arzulanıb. İslamabad danışıqlarının müsbət nəticələnəcəyinə ümid ifadə olunub.
Nazir Ceyhun Bayramov Pakistanın ardıcıl və prinsipial mövqeyini, habelə konstruktiv təşəbbüslərini yüksək qiymətləndirib.
Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıb və Azərbaycan-Pakistan tərəfdaşlığının inkişaf perspektivlərini müzakirə ediblər.
Pakistanın baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar regionda baş verənlərlə bağlı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla telefon danışığı aparıb.
Pakistanlı nazir bununla bağlı “X” hesabında paylaşım edib.
Ceyhun Bayramov Pakistanın ilkin atəşkəsin təmin olunmasında və sülhün təşviqində rolunu yüksək qiymətləndirib.
Məhəmməd İshaq Dar isə Pakistanın bu istiqamətdə səylərini davam etdirməkdə qətiyyətli olduğunu bildirib və bu addımların uzunmüddətli sülhə töhfə verəcəyinə ümid etdiyini vurğulayıb.
Tərəflər gələcəkdə də əlaqələrin davam etdirilməsi barədə razılığa gəliblər.
