Baş prokuror Kamran Əliyev paytaxtın Pirallahı rayonunda vətəndaşları qəbul edib.
Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq prokurorluq orqanları tərəfindən vətəndaşların qəbulu daim diqqətdə saxlanılmaqla onların ərizə və şikayətlərinin yerində dinlənilərək həll olunması üçün müvafiq tədbirlər görülür. Yanvarın 9-da Baş prokuror Kamran Əliyev Bakı şəhəri Pirallahı rayon prokurorluğunun inzibati binasında Pirallahı, Xəzər rayonları və digər bölgələrdən olan vətəndaşları qəbul edib.
Qəbulda iştirak edən 15 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.


