Türkiyə atəşkəsdən sonra Ukraynaya sülhməramlı qüvvə göndərə bilər.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuata açıqlamasında bildirilib.
Qeyd olunub ki, Türkiyə Rusiya-Ukrayna müharibəsində davamlı atəşkəsin təmin olunması məqsədilə həyata keçiriləcək bütün konstruktiv təşəbbüslərə töhfə verməyə hazırdır:
“Türkiyənin Ukraynaya beynəlxalq sülhməramlı missiyanın tərkibində hərbçi göndərməsi üçün, ilk növbədə, atəşkəsin əldə olunması, ardınca isə vəzifə bölgüsü aydın müəyyənləşdirilmiş bir missiyanın formalaşdırılması və hansı ölkənin hansı həcmdə töhfə verəcəyinin dəqiqləşdirilməsi zəruridir”.
Məlumatda o da vurğulanıb ki, Türkiyə mümkün atəşkəsdən sonra Qara dənizdə təhlükəsizlik və sabitliyin qorunması, eləcə də gəmiçiliyin təhlükəsizliyinin təmin olunmasına yönəlmiş hərbi planlaşdırmalara rəhbərlik edir:
“Türkiyə regional sahiblik prinsipi çərçivəsində Qara dənizdə tarazlığı təmin edən və bölgənin təhlükəsizliyi baxımından böyük əhəmiyyət daşıyan Montrö Konvensiyasını diqqətlə, məsuliyyətli, tərəfsiz və güzəştsiz şəkildə tətbiq edib və buna davam edəcək”.
