“Salyan rayonu Pambıqkənddə məktəbli qızların erkən nikaha cəlb edilməsi halları bizdə təəssüf doğurur”.
Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov deyib.
O bildirib ki, regionlarda bu tipli hallar hələ də baş verir.
“Ana olmağa hazırlaşan həmin qız 9-cu sinifdə imtahan verib və 10-cu sinfə keçib. Lakin davamiyyətlə bağlı problem olduğu üçün sinifdə saxlanılıb və yanvar ayında məktəbdən xaric edilib. Məktəb rəhbərliyi üzərinə düşəni edib və regional idarəetmə orqanı tərəfindən hüquq-mühafizə orqanlarına məlumat verilib”, – Eşqi Bağırov vurğulayıb.
Qeyd edək ki, Salyan rayon Pambıqkənd tam orta məktəbində şagirdlər arasında erkən nikah halları qeydə alınıb. Bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə “Facebook” hesabında məlumat yayıb. O bildirib ki, məktəbin 11-ci sinif şagirdlərindən biri uşaq dünyaya gətirib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətinin rəhbəri Teymur Mərdanoğlu məsələnin nəzarətə götürüldüyünü və araşdırma aparıldığını bildirib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən də bildirilib ki, məsələ nəzarətə götürülüb və müvafiq araşdırmalar aparılır.
Şirvan-Salyan Regional Təhsil İdarəsindən isə bildirilib ki, məlumat daxil olan kimi dərhal məsələ nəzarətə götürülüb və həmin təhsil müəssisəsində araşdırma aparılıb.
“Azyaşlı şagirdin erkən nikaha cəlb olunması barədə hüquq mühafizə orqanlarına və digər aidiyyəti qurumlara məlumat verilib”, – deyə məlumatda bildirilib.