Hərbi vəzifəlilər atəşin aparılması üzrə tapşırıqları icra ediblər.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, bu ilin döyüş hazırlığı planına əsasən, “N” hərbi hissəsində bir qrup hərbi vəzifəlinin iştirakı ilə təlim toplanışı keçirilib.
Plana uyğun olaraq hərbi vəzifəlilərlə atəş hazırlığı üzrə məşğələlər keçirilib, onlara müxtəlif çaplı atıcı silah və qumbaraatanların taktiki-texniki xüsusiyyətləri çatdırılıb.
Təhlükəsizlik qaydaları izah olunduqdan sonra peyda olan hədəflərə atəş mövqeyini dəyişməklə müxtəlif vəziyyətlərdən atəşin aparılması üzrə tapşırıqlar icra olunub.
Döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi, bilik və bacarıqlarının təkmilləşdirilməsi, eləcə də praktiki vərdişlərinin artırılması məqsədilə keçirilən toplanışda fəaliyyətlər uğurla yerinə yetirilib.