Xəbər verdiyimiz kimi, ötən gün Ermənistan silahlı qüvvələrinin birləşmələrinin Şuşaya terror hücumu nəticəsində mülki şəxs – Fərhadov Vidadi Aydın oğlu həlak olub.
“Qafqazinfo”nun məlumatına görə, 56 yaşlı V. Fərhadovun qardaşı Füzuli Fərhadov da 1992-ci ildə Birinci Qarabağ müharibəsində Şuşada şəhid olub. Bu barədə məlumatı Şuşa Rayon İcra Hakimiyyətindən saytımıza təsdiqləyiblər.
V. Fərhadovun əvvəllər Şuşa RİH-də çalışdığı bildirilib. O, 30 illik məcburi köçkün həyatından sonra doğma şəhərinə ilk köçənlərdən olub.
Vidadi Fərhadov Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin mənzil-kommunal və təmir xidmətində mühəndis kimi çalışırmış.
O, doğulduğu Şuşa şəhərində dəfn olunacaq.