Noyabrın 8-də millət vəkili Novruz Aslanov İsmayıllı rayonunda keçirilən “Zəfər Günü” bayramında iştirak edib. Bayram tədbirində Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, yerli idarə, müəssisə, təşkilat və ictimaiyyət nümayəndələri iştirak edib.
Addim.az xəbər verir ki, tədbir Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ilə başlanılıb. Heydər Əliyev adına Mərkəzi meydanda keçirilən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin müdafiəsi zamanı şəhid olan Vətən övladlarının ruhu bir dəqiqəlik sükutla yad olunub.
Sonra Mərkəzi Meydanda İsmayıllı şəhər və kənd məktəblilərinin, Heydər Əliyev Mərkəzinin və Uşaq- Gənclər İnkişaf Mərkəzinin hazırladıqları “Zəfər sərgisi”nə baxış keçirilib. Sərgidə Zəfər Gününə həsr olunmuş əl işləri, foto və rəsmlər nümayiş etdirilib. Həmçinin etnik qurupların ifasında folklor rəqslərinə baxılıb.
Tədbiri Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov giriş sözü ilə açıq elan edib. Çıxış edən millət vəkili Novruz Aslanov qələbəni bizə yaşadan bütün şəhidləri, o cümlədən İsmayıllı şəhidlərini dərin hörmət və qürur hissi ilə anaraq 44 günlük haqq savaşından ətraflı söz açıb. Birinci Qarabağ müharibəsi şəhidlərinin əziz xatirəsini də dərin ehtiramla anıb. Xüsusilə, bu tarixi bizə yaşadan, rayonda bütün kütləvi tədbirlərdə iştirak edən, şəhid, tarix müəllimi Famil Əhmədzadənin özünün bu şanlı tarixin bir hissəsinə çevrildiyini bildirib. O, vurğulayıb ki, qanla yazılan tarix əbədi və sarsılmaz olur. Bu gün Ali Baş Komandan, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının Qarabağa qovuşduğu, tarixi zəfərə imza atdığı, şəhidlərimizin, Xocalı qurbanlarının, Gəncə, Bərdə digər şəhər və rayonlarımızda terror zamanı həlak olan günahsız insanların qisasının döyüş meydanında alındığı, işğalçı Ermənistana layiq olduğu yeri göstərməklə öz tarixi torpaqlarını düşmən tapdağından azad etdiyi gündür. O, bir daha bu əlamətdar gün münasiətilə hamını təbrik edib.
Daha sonra Mərkəzi Meydanda İsmayıllı rayon Mədəniyyət Mərkəzi tərəfindən hazırlanmış ədəbi-bədii kompozisiya təqdim olunub. Vətənə, orduya, bayrağa həsr olunmuş şeirlər, musiqilər səsləndirilib.
Rayon rəhbəri tərəfindən şəhid ailələrinin üzvləri üçün hazırlanmış təşəkkürnamə RİH-nin başçısı Nahid Bağırov və millət vəkili Novruzəli Aslanov tərəfindən şəhid ailələrinə təqdim olunub. Tədbirdən sonra Şəhidlər xiyabanına yürüş təşkil olunub, abidə önünə əklil və şəhidlərin məzarlarına gül dəstələri düzülüb.
Sonra 8 Noyabr-Zəfər Günü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib. Aksiya zamanı Heydər Əliyev prospektində 300 ədəd ağac əkilib.