Bu gündən etibarən 9 günlük Novruz tətili başa çatıb. Tətilin ilk iş günü metroda sıxlıq müşahidə olunur.
“Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov Modern.az-a bildirib ki, ilk iş günündə sıxlıq kifayət qədər çoxdur.
O bildirib ki, uzun istirahətdən sonra ilk bir neçə iş günündə işə gecikmələr və digər məsələlərə görə, belə hallar olur. “28 May” stansiyasına qədər qatarlarda vaqon qapılarının saxlanması halları çoxalıb.
“Həmçinin “Nizami-İnşaatçılar” sahəsinin mürəkkəbliyinə görə qatar bir stansiyanı tərk etməmiş, təhlükəsizlik tələblərinə görə həmin istiqamətdə digər stansiyadan qatarın hərəkətə başlamasına yol verilmir və işarəvermə sistemləri ilə tənzimlənir. Əlavə tədbirlər kimi əvvəlcədən bir neçə addım atılmışdı ki, bu gecikmələr yaranarsa, qarşısı mümkün qədər alınsın, intervallarda artmalar çox olmasın. Bu gün metromuzda texniki və insan resursları cəhətdən mümkün nə varsa, edilir”, – Bəxtiyar Məmmədov sərnişinlərin narazılığına aydınlıq gətirib.