Demokratik dəyərlərin başlıca meyarlarından sayılan insan hüquq və azadlıqlarının təmin olunmasına və müdafiəsinə diqqətlə yanaşan Azərbaycan hakimiyyəti cəmiyyətdə humanizm ənənələrinin təşəkkül tapmasına və möhkəmlənməsinə də hər zaman həssaslıqla yanaşıb. Məhz ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra demokratikləşmə ilə yanaşı, cəmiyyətimizin bütövlüyünə xidmət edən humanizm ənənələrinin təməli qoyulub. Azərbaycanda ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldiyi dövrdən başlayaraq humanizm siyasəti daim davam etdirilib. Məhz ulu öndər Heydər Əliyevin humanizm prinsiplərinə böyük önəm verməsinin nəticəsi olaraq 1993-cü ildə ölüm hökmünün icrası üzərində moratorium qoyulub, 1998-ci ildə isə bu cəza tamamilə ləğv edildi. Azərbaycanın adı Şərqdə ilk olaraq bu cəzanı ləğv edən ölkə kimi tarixə düşüb.
Ulu öndər humanizm prinsiplərinə uyğun olaraq əfvetmə və bağışlama institutunu yaradıb, onun təşəbbüsləri ilə bu sahədə bir sıra tədbirlər həyata keçirilib. Minlərlə məhkum, o cümlədən ağır dövləti cinayətlərə görə həbs edilən şəxslər ulu öndərin humanizmindən yararlanaraq, qəbul edilmiş amnistiya aktına əsasən vaxtından əvvəl azadlığa qovuşub.
Ulu öndərin dövründə də, cənab Prezident İlham Əliyevin dövründə də dəfələrlə amnistiya və əfv sərəncamları imzalanıb ki, bu aktlar da xeyli sayda insana şamil olunub. Heydər Əliyevin siyasətində həmişə humanizm prinsipi əsas prioritet olub və bu gün də o prinsiplər davam etdirilir.
Son 19 ildə dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda hüquqi dövlət quruculuğu uğurla həyata keçirilib və bu müddətdə insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində mühüm əhəmiyyətli qanunvericilik aktları qəbul edilib. Ölkə başçısının humanizm prinsiplərinə sadiqliyi, şübhəsiz ki, ölkəmizdə mütəmadi olaraq əfv sərəncamlarının imzalanması, amnistiya aktlarının qəbulunda özünü göstərir.
Qeyd edək ki, sonuncu amnistiya aktı ötən il Vətən müharibəsində qazanılmış tarixi qələbəmizin birinci ildönümü ilə bağlı Prezident İlham Əliyevin irəli sürdüyü təşəbbüs əsasında Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən “8 Noyabr – Zəfər Günü” münasibətilə qəbul edilib.
Bu qərar indiyə qədər qəbul olunmuş amnistiya aktları sırasında öz əhatə dairəsinə görə ən genişidir. Həmin qərarın nəinki məhkəmədə baxılmaqda olan işlər üzrə təqsirləndirilən şəxs qismində keçən şəxslər, yaxud cəza çəkməkdə olan məhkumlar barəsində, həmçinin təhqiqat, ibtidai istintaq orqanlarının icraatlarındakı materiallar və işlər üzrə keçən şəxslər barəsində də tətbiq olunması nəzərdə tutulub.
Gələn il isə “Heydər Əliyev ili”ndə Azərbaycanda geniş amnistiya elan olunacaq. Amnistiya elə bir normativ hüquq aktıdır ki, hüquq pozuntuları törətmiş şəxslərin fərdi olaraq müəyyənləşdirilməmiş dairəsi barəsində qəbul edilir və həmin şəxsləri, onlara qarşı tətbiq olunmuş və ya oluna biləcək sanksiyalardan azad edir, yaxud yüngülləşdirir, bu, dövlətin iradəsi ilə həyata keçirilən humanist tədbirdir. Amnistiya aktları ölkə Konstitusiyası, cinayət, cinayət-prosessual, cəzaların icrası və digər qanunvericiliyə müvafiq olaraq qəbul və tətbiq edilir.
Gələn il üçün nəzərdə tutulan Amnistiya aktı ilə minlərlə məhbusun həbsdən azad ediləcəyi, eyni zamanda xeyli məhbusun cəzasının azaldılacağı gözlənilir. Məlumatlı mənbənin bildirdiyinə görə, ümumimilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə elan olunacaq amnistiyanın Azərbaycanda ən böyük amnistiya aktı olacağı gözlənilir.
Məsələ ilə bağlı açıqlama verən Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü, Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev bildirib ki, 2023-cü il Azərbaycanın ictimai-siyasi həyatında böyük hadisələr olacaq:
“Çünki Prezident İlham Əliyev tərəfindən 2023-cü il ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyilə bağlı “Heydər Əliyev ili” elan edildi. Prezident Administrasiyasına da iki ay müddətində tədbirlər planının hazırlanması tapşırılıb. Bu tədbirlər planında nələr olacağını əvvəlcədən müəyyən etmək, qəti fikir söyləmək çətindir. Doğrudur, bu tədbirlər planına istənilən qurumlar, dövlət orqanları, vətəndaş cəmiyyətləri təkliflər verə bilər. Eyni zamanda, elə təşəbbüslər ola bilər ki, onlar doğrudan da tədbirlər planına düşməyə layiqdir”.
Ə.Nuriyev, gələn il ümummilli lider Heydər Əliyevin 100 illiyilə əlaqədar əfv sərəncamının olması ilə bağlı çox fikirlər səsləndiyini və bunu istisna etmədiyini vurğulayıb:
“Xüsusilə böyük günlər üçün əfv sərəncamlarının imzalanmasının şahidi olmuşuq. Məsələn, 2018-ci ildə Cümhuriyyətin 100 illiyilə bağlı, həmçinin Zəfər günü ilə bağlı böyük bir əfv sərəncamı oldu. Yəni belə mühüm tarixlərdə əfv sərəncamının imzalanması istisna olunmur. Eyni zamanda, Azərbaycanda ümumilikdə 68 əfv sərəncamı olub ki, onun 33-ü məhz ulu öndər Heydər Əliyev tərəfindən imzalanıb. 1995-ci ildə Konstitusiyaya əfv hüququnun salınması da məhz onun təşəbbüsü ilə olub. Humanizm və mərhəmət ümummilli lider Heydər Əliyevin fəaliyyətinin əsas prinsiplərindən olub. Ona görə də biz amnistiya aktının olacağını istisna etmirik. Azərbaycan xalqı, dövlətçiliyi üçün nəhəng miqyaslı işlər görmüş bir şəxsin 100-cü ildönümü təbii ki, böyük hadisələrlə zəngin olacaq”.
Dilarə Əliyeva adına Qadın Hüquqları Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu isə hesab edir ki, Əfv Sərəncamı və ya Amnistiyanın olması Azərbaycan üçün çox vacibdir. Biz də çox istəyirik ki, “Heydər Əliyev ili”ndə parlament amnistiya məsələsini qaldırsın. Həm dövlətçilik, həm də insan hüquq və azadlıqlarının müdafiəsi baxımından bu çox vacib olardı: “Biz bu təşəbbüsləri müsbət qarşılayırıq. Amnistiya aktı qəbul olunacağı təqdirdə, xeyli adam azadlığa buraxılacaq, ailəsinə qovuşacaq”.
Hüquq müdafiəçisi bildirib ki, İşçi Qrup məhbusların azadlığa çıxması üçün fəallıq göstərir:
“Çalışırıq ki, insanların azadlığa buraxılmaları asanlaşsın. Yəni təklif etmişdik ki, həbs müddətinin bitməyinə 3-4 və ya 1 il qalan məhbuslar azadlığa buraxılsınlar, cəzaları yüngülləşdirilsin. Məsələn, digər təklif də ondan ibarət idi ki, 5-6 il həbs cəzası alanların da cəzası yüngülləşdirilsin. İşçi Qrupu həmişə belə təkliflərlə çıxış edir”.
Hüquq müdafiəçisinin sözlərinə görə, adətən amnistiya aktında böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum edilmiş bütün şəxslər cəzadan azad edilirlər. Həmçinin də bir sıra cinayətlərə görə məhkum edilmiş qadınlar, yetkinlik yaşına çatmayanlar, əlillər, qoca və ahıllar, öhdəsində yetkinlik yaşına çatmayan və ya əlil övladı olanlar və bəzi digər kateqoriyalardan olan şəxslər azadlıqdan məhrumetmə cəzasından azad edilirlər.
Bilirsiniz ki, bu gün azadlıqdan məhrum olmuş minlərlə həmvətənimizin ən böyük ümidi azadlığa çıxmaq, ailələrinə qovuşmaq və normal həyat tərzini qurmaqdır. Onları bağışlamaq, onlara yeni şans vermək həyatlarında başqa yolu, cinayətə yer olmayan, qanunlara hörmətlə yanaşma prinsiplərinə əsaslanan yeni ömür yolunu vermək deməkdir. Cinayət törədən hər bir insan öz səhvini, təbii ki, dərk etməlidir və gələcəkdə bu səhvlərə yol verməməlidir.
Eyni zamanda, həm dövlətimiz, həm ictimaiyyətimiz, hər birimiz azadlığa çıxan insanlara onların normal həyat tərzini qurmasında yardım etməliyik”.