Son günlər avtomobillərin texniki baxışdan keçmə tələbinin ləğv olunması ilə bağlı fikirlər səsləndirilir. Bu cür fikirlərin yaranması heç də təsadüfi deyil. Çünki bəzi ölkələrdə avtomobillərin texniki baxışdan keçirilməsi tələbi artıq bir neçə ildir ki, ləğv edilib və ya fərqli formada həyata keçirilir.
İddialara görə, texniki baxışın ləğv edilməsi fonunda avtomobillərin icbari sığortası üçün təklif edilən qiymətlərdə artım müşahidə ediləcək.
Məsələ ilə bağlı bir neçə sığorta şirkəti ilə əlaqə saxladıq. Sualımıza cavab olaraq bu barədə heç bir məlumatın olmadığı, yayılan xəbərin şayiə olduğu deyildi. Bununla yanaşı, şirkət əməkdaşları bildirdilər ki, qaydalara əsasən, avtomobil ilk dəfə sığorta edildikdə məbləğ yüksək olur: “Əvvəldən qayda belədir. İkinci və növbəti dəfələr üçün icbari sığorta qiymətləri azalır. Yəni hər növbəti il üçün bu məbləğ bir neçə faiz aşağı düşür. Düzdür, hələ ki, bizdə qiymət artımının olacağı ilə bağlı hansısa dəqiq məlumat yoxdur, amma olsa belə bu, yalnız ilk dəfə sığorta edilən avtomobillərə aid olacaq”.
İkinci önəmli məsələ – texniki baxışın ləğv edilməsi məsələsinə gəlincə, beynəlxalq təcrübədə bu məsələ ilə bağlı müxtəlif üsullar tətbiq edilməkdədir.
Məsələn, qardaş Türkiyədə istehsal müddəti üç ildən çox olan avtomobillər 2 ildə bir dəfə texniki müayinədən keçirilir. Bunun üçün əvvəlcədən onlayn qaydada növbə götürülməlidir. Gürcüstanda yeni avtomobillər buraxılış tarixindən 4 il sonra baxışdan keçirilir. İstehsal müddəti 4 ildən 8 ilə qədər olan avtomobillər isə 2 ildən bir texniki müayinədən keçməlidir.
ABŞ-da texniki baxış proseduru yalnız 37 ştatda mövcuddur. Bəzilərində nəqliyyat vasitəsinin istismarının davam etməsinə icazə verilməsi prosesi çox sərtdir. Avtomobilin bütün komponentləri və birləşmələri yoxlamadan keçir. Digərlərində katalizator hərtərəfli yoxlanılır, bəzilərində əksinə, işləyən təhlükəsizlik yastıqları və təhlükəsizlik kəmərlərinin olması kifayətdir, müfəttişlər nəqliyyat vasitəsinin texniki vəziyyəti ilə xüsusi maraqlanmırlar. Avtomobil texniki baxışdan keçdiyi halda sahibinə ön şüşə stikeri və ödəniş qəbzi verilir. Avropa ölkələrində də texniki baxış var. Fransa hakimiyyəti məsələyə çox ciddi yanaşır.
Almaniya, Böyük Britaniya, İspaniya və digər Avropa ölkələrində nəqliyyat vasitəsindən istifadə üçün texniki baxışdan keçmək şərtdir. Bu olmadığı halda avtomobilin sahibinə cərimə tətbiq edilir. Sənədin müddəti bitibsə, sahibinə böyük məbləğdə cərimə tətbiq edilir, təkrar pozuntuya görə isə sürücü həbs edilə bilər. Fransada istehsal müddəti 10 ildən az olan avtomobillər 2 ildə bir dəfə texniki baxışdan keçirilir. 10 ildən çox olan avtomobillər isə hər il müayinədən keçirilir. Texniki baxışın ən baha olduğu ölkə isə Yaponiyadır. Onlar avtomobilləri köhnəlməmiş yenisi ilə əvəzləyirlər. Yaponiyada bu tendensiya geniş yayılıb. Təbii ki, qeyd olunan nümunələr minik avtomobillərinə aiddir və iri maşınlar üçün qaydalar hər ölkə üçün fərqlidir.
Bəs ölkəmizdə texniki baxışın ləğvi gündəm mövzusudurmu? Prosesdən imtina hansı hallarda mümkündür? Hansı nəticələrlə üzləşə bilərik?
Nəqliyyat eksperti Elməddin Muradlı “Yeni Azərbaycan”a açıqlamasında avtomobillərin texniki baxışdan keçirilməsinin önəmindən danışıb. Ekspert deyir ki, texniki baxış tələbi olmasa, bəzi sürücülər ümumiyyətlə, avtomobillərinə texniki qulluq etməyəcəklər: “Texniki baxışın ləğvi ilə bağlı hələlik heç bir qərar yoxdur və bununla bağlı heç bir müzakirə də getmir. Azərbaycanda texniki baxış qanunla tənzimlənən bir məsələdir. Və qanunda göstərildiyi kimi, avtomobil yeni olduqda 4 ildən sonra texniki baxışdan keçir, sonra 2 ildən bir, 10 il tamam olduqdan sonra isə hər il texniki baxışdan keçirilməlidir.
Avtobus və yük maşınlarında isə hər il texniki baxışdan keçmək tələb olunur. Bundan başqa, avtobusların taksi parkının saxlanılması məsələsi var ki, onların reysqabağı texniki müayinəsi həyata keçirilməlidir. Doğrudur, bu proses qarajlarda həyata keçirilir. Amma görün nə qədər ciddi bir məsələdir ki, bu, qanunla tənzimlənir. Bu gün bəzi sürücülər var ki, texniki baxışa getmək tələbi olmasa, avtomobilinə ümumiyyətlə qulluq etmir. Yəni texniki baxışın qorxusundan gedib avtomobilinin işıqlarını, sükan, əyləc və işıq sistemlərini qaydaya salır. Səmimi bir etiraf edim ki, hələ cəmiyyətimiz elə bir səviyyəyə gəlib çatmayıb ki, texniki baxışı ləğv edək, sürücülərin avtomobillərinə texniki qulluq göstərəcəklərinə əmin olaq”.
Nəqliyyat eksperti beynəlxalq təcrübədən də söz açıb. Bildirib ki, bir çox ölkələrdə bu, hansısa fərqli formada həyata keçirilir: “Rusiyada texniki baxışın ləğvi tamam başqa bir formada həyata keçirilir. Şəxsi avtomobillər üçün texniki baxış ləğv olunub, amma digər avtomobillərə yenə də əvvəlki qaydada texniki baxışın keçirilməsi təmin olunacaq.
Texniki baxışı o ölkələr ləğv edir və ya baxış müddətini uzun müddətlə hesablayır ki, həmin ölkələrin özlərinin avtomobil istehsalı var və hansılarda ki, avtomobil sənayesi geniş inkişaf edib. Yəni onlarda bizdəki kimi 30-40 ilin avtomobilini istifadə etmirlər. Bizdə bu gün 80-ci ilin VAZ2107-ni hələ də sürürlər. İndi o avtomobilə texniki baxış lazımdır, ya yox? Texniki baxışı ləğv edən ölkələr var ki, onlarda 80 il yox, 8-10 ildən sonra avtomobili yeniləyirlər, dəyişirlər. Çünki həmin ölkələrin daxili istehsalı var və o qiymət də onlar üçün ucuzdur. Bizim pula çevirdikdə 10 min manata çox da gözəl bir avtomobil alıb idarə edirlər. Bizdə bu yoxdur axı… Biz bu addımları hələ ki, ata bilmərik”.
“Bundan başqa, texniki baxış zamanı nə qədər oğurluq, qeydiyyata alınmamış, saxta nömrə ilə idarə olunan, qaçırılmış avtomobillər aşkarlanır. Yəni texniki baxış formal bir şey deyil. Sürücülərimiz ciddi düşünsə, görəcəklər ki, texniki baxış doğrudan da bu gün üçün yol hərəkəti təhlükəsizliyi baxımından çox önəmlidir”, – deyə ekspert diqqətə çatdırıb.