Ukrayna ilə bağlı daha bir müzakirə keçirilib. Avropa İttifaqına (Aİ) üzv ölkələr 2026-2027-ci illərdə onun maliyyələşməsinə yardım üçün yollar arayır.
Bu günlərdə Rusiyanın işğalına qarşı mübarizəni davam etdirmək üçün Ukraynaya yardım etməyə dair planın razılaşdırılması və açıqlanması gözlənilir.
Planın reallaşması üçün əsas variant Aİ ölkələri banklarında Rusiyanın dondurulmuş aktivlərindən istifadədir, yəni həmin maliyyə vəsaitinin Ukraynanın hesabına köçürülməsidir. Ancaq bu da Belçikanın qeyri-müəyyən rəyindən, onun təsdiqindən asılıdır. Dekabrın 19-da İttifaq liderlərinin qərar qəbul etməsi üçün vaxt daralır.
Rusiyanın Ukraynaya təcavüzünün dördüncü ilinə iki ay qalır. Avropa İttifaqı əsas müttəfiqi ABŞ ilə bu məsələni həll etmək istiqamətində hələ ortaq mövqe ortaya qoymaqda çətinlik çəkir. ABŞ Prezidenti Donald Trampla rusiyalı həmkarı Vladimir Putinin mövqeyi bir-birinə daha yaxın görünür. Bu isə avropalıları qane etmir. Çünki siyasət və hərb meydanında Avropanın gələcəyi, Ukraynanın taleyi var. İttifaq Rusiyanın 210 milyard dollarlıq dondurulmuş ehtiyat fondunu Ukraynaya yardım etmək məqsədi ilə xərcləmək üçün qərar qəbul etməlidir. Müharibə nəticəsində Rusiyanın vurduğu ziyanın nəticələrini aradan qaldırmaq, humanitar və hərbi yardım məqsədi ilə ona onlarla milyard dollar lazımdır.
Odur ki, məsələnin həlli Aİ və Ukrayna üçün vacib sayılır.

Belə mülahizə edirlər ki, Avropa İttifaqı Ukraynaya yardım məsələsini həll edə bilməzsə, yaxın gələcəkdə o, dağıla, yaxud yarasız bir quruma çevrilə bilər.
Münxen Təhlükəsizlik Konfransının keçmiş sədri Volfqanq İşinger “DW”yə müsahibəsində bildirib ki, Rusiyanın Ukraynaya qarşı müharibəsində ukraynalılar qətiyyət və cəsarət göstərirlər: “Onların bu müqaviməti davam edənədək Avropa təhlükəsizlikdədir. Çünki ukraynalılar artıq neçə ildir ki, güclü Rusiya ordusunu inanılmaz dərəcədə inadlı mübarizədə uğurla əngəlləyir, ölkələrini müdafiə edirlər. Bu müharibə bitdiyi anda, Donbasda və Ukraynanın digər bölgələrində silahlar susduğu zaman, Rusiya yenidən dünyanın bütün saat qurşaqlarını əldə edəcək. Hazırda Rusiya on – on bir saat qurşağına uzanan ölkədir”.
Keçmiş sədr bu açıqlaması ilə Rusiyanın Avropanı ələ keçirə biləcəyinə dair həyəcan təbili çalır.
Ukrayna iflas olacağı təqdirdə təkcə müdafiəni deyil, ölkənin gündəlik həyatını maliyyələşdirməkdən məhrum olacaq. Belə zəif Ukrayna Donbasla Krımdan əl çəkməklə bağlı Ağ Ev və Kremlin kapitulyasiya şərtlərini qəbul edər.
Hazırda Ukrayna üçün ərazi bütövlüyü və təhlükəsizliyə təminat başlıca hədəfdir.

Vaşinqton və Moskva isə ərazi itkisi, güzəşti nəticəsində təhlükəsizliyə təminat verə biləcəklərini vurğulayırlar.
Belə vəziyyət Avropa İttifaqını qane etmir. O, Vladimir Putinin başçılıq etdiyi işğalçı Rusiyaya və Aİ-yə sərt mövqe sərgiləyən Donald Trampın lideri olduğu ABŞ-nin yardımı, dəstəyi olmadan Ukraynada müqavimətə hazırlığını göstərməyə cəhd edir.
Almaniya kansleri Fridrix Merts bunu sonuncu şans sayır. Onun qənaətinə görə, Ukraynaya dair məlum layihə ilə bağlı qərar qəbul edilməzsə, İttifaqın fəaliyyət qabiliyyəti illərlə, bəlkə də, daha uzun müddətə ciddi şəkildə zəifləyəcək: “Bu müharibəni yalnız güc nümayişi ilə sona çatdırmaq olar”.
Avropa İttifaqı Komissiyasının sədri Ursula fon der Lyayen isə qeyd edib ki, nəzərdə tutulan maliyyə Ukraynanın müdafiəsinə və cari xərclərinə sərf ediləcək: “Müharibədən sonra Ukraynanın dirçəlməsinin xərclərini təcavüzkar ödəməlidir”.
O, Ukraynanın gələcək maliyyələşməsi üçün İttifaqa üzv 27 ölkənin liderlərinə iki variant təklif edib: Rusiyanın dondurulmuş maliyyə vəsaitindən istifadə, o biri isə bu vəsaitdən istifadə etməmək.
Komissiya sədri ukraynalıların fədakarlıqları ilə müqayisə oluna bilmədiklərini vurğulayaraq deyib ki, Kreml yalnız gücə reaksiya verir: “Biz onlara müdafiə olunmaq və sülh danışıqlarında güclü mövqeyə sahib olmaq üçün vəsait təqdim etməliyik”.

Onun açıqlamasına əsasən, belə qənaətə gəlmək olar ki, Ursula fon der Lyayen bütün hallarda Ukraynaya yardım edilməsinin tərəfdarıdır.
Metslə Komissiya sədrinin açıqlamalarını biləşdirsək, belə qənaətə gələ bilərik: Rusiyanın təcavüzünə Ukrayna müqavimət, güc göstərməli, buna görə bütün hallarda maliyyə yardımı olmalıdır.
Beynəlxalq Valyuta Fondunun hesablamasına əsasən, 2025 və 2026-cı illər üçün 135 milyard avro lazımdır. Donald Tramp maliyyələşdirməni dayandırıb. Avropada isə bu məbləğ yoxdur. Ona görə gözlər Rusiyanın dondurulmuş 210 milyard dollarına dikilib.
Vəziyyətdən çıxmaq üçün Komissiya iki variant təklif edib. Birincisi, bu pulları kollektiv şəkildə borc götürüb Ukraynaya borc olaraq verməkdir. Bunun üçün üzv 27 ölkə yekdil qərar qəbul etməlidir. Ancaq əvvəldən bu məsələyə etiraz etdiyi üçün Macarıstanın razılıq verəcəyində çətinliklər var. Ondan başqa, İttifaqın şimalındakı üzvlərin də bu təklifə veto qoyacağı ehtimalı az deyil.
İkinci variant isə “təzminat krediti” adlanır. Aİ Rusiyanın dondurulmuş aktivlərini Avropa ölkələrindən birinin hesabına köçürülür. Sonra həmin vəsait sıfır faizlə Ukraynaya verilir. O da Rusiya Ukraynaya vurduğu ziyana görə təzminatı ödəyəndə qaytarılır.

Bu təklifin təsdiq olunması üçün yekdillik tələb olunmur. İkinci variantın qəbul olunmasına sadə səs çoxluğu yetərli sayılır.
Dünya Bankının hesablamasına əsasən, hazırda Ukraynanın bərpasına 500 milyard dollar lazımdır. Bu isə dondurulmuş aktivlərdən çoxdur. Ona görə də Aİ üzvlərinin ikinci təklifə səs verəcəkləri mümkün sayılır.
Bu məsələnin həllində ABŞ-nin də mövqeyi əsas sayılır. Cozef Baydenin prezidentliyi dönəmində dodurulmuş məbləğdən 50 milyard dollar civarında kredit təşkil edilmişdi. Donald Tramp isə bu prosesi dayandırmaqla yanaşı, həmin addımın yanlış olduğunu da dəfələrlə açıqlayıb.
Mütəxəssislər bildiriblər ki, “Euroclear”də ən çox Rusiyanın pulu var, buna görə də son təklifləri də onlar dəyərləndirməli olacaq.
Yeri gəlmişkən, “Euroclear” Belçikada yerləşən, qiymətli kağızlar (səhmlər, istiqrazlar, fondlar) üzrə əməliyyatların həlli (settlement), saxlanılması (safekeeping) və xidmətini təmin edən qlobal maliyyə infrastruktur xidmətləri provayderidir. Əsas məqsədi maliyyə bazarlarında riskləri azaldaraq təhlükəsiz və səmərəli əməliyyatların aparılmasını təmin etməkdir.
Bu məsələnin həllində ABŞ-nin mövqeyi həlledici sayılır. Ukraynanın nümayəndə heyəti sülh planını müzakirə etmək üçün Ştatlara yola düşüb. Görüşdə avropalı tərəfdaşlar da iştirak edəcək. Ukrayna Prezidenti Volodimir Zelenski bu barədə məlumat verərkən deyib: “Donbasa dair məsələlərdə mövqeyimizlə bağlı bir neçə sual var. Bu barədə artıq dəfələrlə danışmışam. Biz Rusiyanın mövqeyini bilirik. Onlar Donbası bütövlükdə ələ keçirmək istəyirlər. İndi isə bizim Donbasdan çıxmağımızı istəyirlər. Bu onların mövqeyidir, açıqdır”.

ABŞ isə dondurulmuş maliyyə vəsaitinin Ukraynaya verilməsindən çəkinməyi təklif edib. “Times”ın məlumatına əsasən, Avropa liderlərinin görüşü ərəfəsində Donald Tramp administrasiyasının nümayəndələri avropalılara aktivlərin müsadirəsi planlarından imtina etmək üçün təzyiq göstərir.
ABŞ iddia edir ki, bu addım aktivləri dondurulmuş başqa ölkələr üçün də təhlükəli örnək ola bilər.
Avropa liderlərinin dekabrın 14-15-də məlum pullarla bağlı Berlində keçirdikləri görüş nəticəsiz başa çatıb. Bu, İttifaq ölkələri arasında parçalanmaya səbəb olub. Yaranmış qeyri-müəyyənlik Ukraynanın ərazi bütövlüyü və təhlükəsizliyini təhdid edir. Bir vaxtlar bu ölkədə keçirilən NATO və Avropa İttifaqını dəstəkləyən, anti-Rusiya aksiyalarını maliyyələşdirən qurumlar indi ona Rusiyaya qarşı müdafiə olunmaq üçün maliyyə qaynağı tapmaqda çətinlik çəkdiklərini nümayiş etdirirlər.
Belə qənaətə gəlmək olar ki, onların maliyyə vəsaiti çatmır, Ukrayna isə müharibəni davam etdirməlidir. Bu savaşın aqibəti və davamı Rusiyanın dondurulmuş aktivlərindən asılıdır. Aİ-nin “dişsiz”, çox ehtiyatlı davranışından belə anlaşılır ki, onlar danışıqların sonunda rəsmi Kiyevə təxminən belə bir təklif verəcək: “Pulumuz yoxdur, torpağından keç, dövlətini qoru”.
Onda belə qənaətə gəlmək olar ki, Avropa İttifaqı təhlükəsizliyini Ukrayna torpaqlarının işğalı və ilhaqı hesabına təmin etmək istəyir. Əks halda, məsələyə dair qərarın taleyini ilin son günlərinə saxlamağa nə ehtiyac var idi? Bu uzatmalar rəsmi Kiyevi seytnota sala bilər. Ukrayna məsələsinin həllinin nəticəsindən asılı olaraq Aİ-nin də gələcəyi müzakirə masasına çıxarıla bilər. Belə getsə, qurulmasına xeyir-dua verən, onun dağılmasına da fətva verəcək. Dondurulmuş maliyyə vəsaitinin aqibəti bu kimi məsələlərə də aydınlıq gətirəcək.(Report)
