Ərdoğanın səfərində hərbi bazanın yaradılması rəsmiləşə bilərmi? - GƏLİŞMƏ
Xüsusi

02 İyun 2021

 

İyunun 3-də Bakıda Azərbaycan-Türkiyə 13-cü Yüksək Səviyyəli Hərbi Dialoq İclası işinə başlayacaq. Prezident Rəcəb Tayyib Ərdoğanın səfərindən öncə Yüksək Səviyyəli Hərbi Dialoq İclasının keçirilməsi Azərbaycan və Türkiyənin hərbi sahədə yeni addımlara hazırlaşmasından xəbər verir.

Hazırda bir çoxlarını düşündürən sual budur: Türkiyə Azərbaycanda hərbi baza qura bilərmi? Qeyd edək ki, bu ilin ilk ayında Türkiyənin Azərbaycanın üç şəhərində (Gəncə, Lənkəran və Qəbələ) hərbi baza aça biləcəyi barədə xəbərlər yayılmışdı. Eyni zamanda sosial mediada Türkiyə hərbi təyyarələrinin Lənkəran və Yevlax şəhərlərinə eniş etməsi barədə məlumatlar dolaşdı. Azərbaycan Müdafiə Nazirliyi ölkə ərazisində üç Türkiyə hərbi bazasının qurulacağı barədə xəbərlərin həqiqətə uyğun olmadığını bildirmişdi. Nazirlik vurğulamışdı ki, Azərbaycan Respublikası tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallar istisna olmaqla, öz ərazisində xarici hərbi bazaların yerləşdirilməsi siyasətindən kənardır. Qeyd olunmuşdu ki, Azərbaycanın Qoşulmama Hərəkatının üzvü olduğunu və 2019-2022-ci illər üçün bu hərəkata sədrlik etdiyini nəzərə almaq lazımdır.

Düzdür, o zaman məlumat rəsmi səviyyədə təkzib olundu və səbəb kimi Azərbaycanın Qoşulmama Hərəkatına üzvlüyü göstərildi. Amma Qoşulmama Hərəkatının nizamnaməsində üzv dövlətlərin ərazisində digər ölkənin hərbi bazasının mövcud olması haqda qadağa qeyd olunmayıb. Bu mənada istisna olunmur ki, Yüksək Səviyyəli Hərbi Dialoq İclasında Türkiyənin Azərbaycanda hərbi mövcudluğunun rəsmiləşdirilməsi məsələsi müzakirə olunacaq: bu, indiki dövrdə hərbi baza kimi olmasa belə, hansısa təmsilçilik formatında mümkündür. İclasda R.T.Ərdoğanın Bakı səfərində imzalanacaq sənədin hazırlığının həyata keçiriləcəyi ehtimalı da böyükdür. Modern.az yazır ki, yanvar ayında yayılan xəbərdə üç şəhərin adı çəkilirdi, hərçənd indiki dövrdə işğaldan azad edilmiş ərazilərdə olması versiyası da istisna deyil. Mümkündür ki, hərbi mövcudluq - hərbi baza, yaxud təmsilçilik - hərbi hava bazası da ola bilər - Zəngilanda olsun. Çünki bu bölgə Zəngəzur dəhlizinə yaxındır və Türkiyə bununla dəhlizin gələcək təhlükəsizliyini Naxçıvandan və Zəngilandan nəzarət altına ala bilər.

Zəngəzur dəhlizinin açılacağını Azərbaycan rəhbərliyi dəfələrlə əminliklə bəyan edib. Eyni zamanda bu dəhlizin regional əməkdaşlıq üçün çox önəmli olduğu da qonşu ölkələr tərəfindən etiraf olunur. Hətta Ermənistan rəsmiləri də kommunikasiyaların açılmasının ölkə üçün faydalı olacağını deməyə başlayıblar. Ancaq revanşistlərin hələ də ayaqda olması, davamlı təxribatlar Zəngəzur dəhlizinin təhlükəsizliyi məqsədilə ciddi qərarları labüd edir ki, burada da Türkiyənin iştirakı arzuolunandır.

Qeyd edək ki, ötən ilin oktyabrında, Vətən müharibəsi gedən zaman Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyənin NTV televiziyasına müsahibəsində Azərbaycanda Türkiyə hərbi bazasının yaradılması mümkünlüyü ilə bağlı sualı cavablandırmışdı. “Bu haqda bu günə qədər bizim ikitərəfli münasibətlərdə məsələlər müzakirə olunmayıb”, – deyə dövlət başçısı bildirmişdi.

Prezident qeyd etmişdi ki, bizim Türkiyə ilə çox geniş hüquqi sənədlər bazası var: “Bir çox sahələrdə bizim imzaladığımız müqavilələr qüvvədədir. O cümlədən bu müqavilələrdə hərbi sahədə əməkdaşlıq və qarşılıqlı yardım haqqında da maddələr var. Bu, bizim haqqımızdır. Əgər Azərbaycan üçün çox ciddi təhlükə yaranarsa, təbii ki, Türkiyə bizim müttəfiqimizdir və biz bu imkanlardan istifadə edə bilərik. Amma Türkiyənin Azərbaycanda hərbi bazasının yaradılması haqqında hər hansı müzakirə olmayıb”.

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası mövcuddur və əməkdaşlıq məsələləri bu qurumda mütəmadi şəkildə müzakirə olunur. Eks-nazir Azərbayan Prezidentinin Türkiyə ilə hərbi əməkdaşlığa üstünlük verdiyini bildirərək, “Azərbaycanda türk ordusunun kiçik modelini quracağıq”, söylədiyini xatırlatdı. “Bu baxımdan hərbi əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün siyasi cəhətdən yaşıl işıq mövcuddur”, T.Zülfüqarov əlavə etdi. Diplomatın sözlərinə görə, Azərbaycan ictimaiyyətində və mediada hansısa stereotiplər var: “Baza deyəndə biz başa düşməliyik ki, indiki zəmanədə müxtəlif hərbi obyektlərin bu və ya digər ölkədə olması hansısa hərbi əməkdaşlığın növünə həsr olunur. Məsələn, hərbi hava qüvvələrinin bazası. Amma dünya təcrübəsində quru qoşunlarının bazasına bənzər məfhum görməmişəm. Artıq buna aid məlumatlar var ki, burada Türkiyənin F-16-ları da mövcuddur və bu, hətta Prezident tərəfindən təsdiqlənib. Sadəcə, kimisə qıcıqlandırmamaq baza söhbəti hərbi yox, daha çox siyasi məna daşıyan bir məfhumdur. Biz deyirik ki, hərbi hava qüvvələrinin əməkdaşlığı yüksək səviyyədədir. Türkiyə uçaqları da burada var. Bir vaxtlar Azərbaycan təyyarələri Türkiyədə olmuşdu. Bu o demək deyildi ki, Azərbaycanın Türkiyədə hərbi bazası var idi. Yəni bizim ordumuzun ehtiyacı olan hansısa təlim-tədris məkanlarından söhbət gedə bilər və bu, bizim üçün vacibdir. Ona görə mən təbliğat cəhətdən bizə qarşı kiminsə istifadə etdiyi terminlərdən istifadənin tərəfdarı deyiləm”.

T.Zülfüqarov hesab edir ki, hərbi baza ilə bağlı məsələlərin qabardılmasındansa, real işlərin aparılmasınını faydalıdır: “Mən bunu hərbi hava qüvvələrinin tədris mərkəzi adlandırardım. Bu, elə həmin baza mənasını verir”. Sabiq nazir onu da vurğuladı ki, Türkiyə hərbi hava qüvvələrinin burada olması bizimçün çox vacibdir: “Ən təsirli silah növü hərbi hava qüvvələridir. Biz başa düşməliyik ki, müasir və modernləşmiş uçaqların burada olması əhəmiyyətli məsələdir. Bu və ya digər uçaqlarda RLS sistemlərin olması məhduddur. Deməli, digər sistemlər lazımdır. Yəni hədəf göstərən, təyyarələrin fəaliyyətini təmin edən sistemlər. Burada daha çox sistemin olmasından söhbət gedir. Bəzən bizdə fikirləşirlər ki, hansısa kazarmalar tikilsin, Türkiyə piyadaları gəlsin, parad keçirsin və sair. İndiki zamanda hərbi baxımdan bunlar bir qədər öz təsirini itirmiş məfhumlardır. Raket silahların təlim bazasının olması çox vacibdir. Çünki raket sistemlərinin lokasiyası, hədəflərin seçilməsi və sairlə bağlı təlimlərin mühüm əhəmiyyəti var. Ancaq bu mövzuların siyasətçilərin yox, daha çox hərbi mütəxəssislərin şərhinə böyük ehtiyac var”. T.Zülfüqarov istina etmir ki, budəfəki müzakirələr nəticəsində hansısa təkliflər formalaşacaq və siyasi cəhətdən bu təkliflərə dəstək verilməsi baş verəcək: “İndiki mərhələdə hərbi mütəxəssislər öz sözünü deməlidir ki, bizə daha çox nə lazımdır. Bəlkə xüsusi təyinatlıların, bəlkə tankçıların təlim mərkəzi lazımdır, çünki bizdə tank növləri fərqlidir”. Sabiq nazir Prezident Ərdoğanın səfərinə böyük önəm verdiyini vurğuladı: “Birincisi, Ərdoğanın Şuşa ziyarətini biz hamımız gözləyirik. İkincisi, məlumat yayılıb ki, guya ermənilər parlamentdə belə bir qərara gəliblər ki, üçtərəfli bəyanatda nəzərdə tutulan dəhliz məsələsini guya dəstəkləmirlər və bu, icra olunmayacaq. Bu da çox ciddi siqnaldır. Çünki əgər hansısa razılaşmanın bir hissəsi icra olunmayacaqsa, deməli, razılaşmanın tam pozulması deməkdir. Bunun siyasi fəzadları isə çox ciddi olacaq. Bu mərhələdə Ərdoğanın Azərbaycana dəstək olaraq səfər etməsi çox vacibdir”.

Politoloq, Ədalət Partiyasının sədr müavini Elxan Şükürlü isə “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanla Türkiyə arasında Yüksək Səviyyəli Hərbi Dialoq İclasının iyunun 3-nə salınmasının çox ciddi siyasi əhəmiyyəti var: “Çünki iyunun14-də NATO-nun Brüsseldə zirvə görüşü keçiriləcək. Həmin vaxt ABŞ prezidenti Baydenin Türkiyə prezidenti Ərdoğanla, iyunun 16-da isə Cenevrədə Rusiya prezidenti Putinlə görüşü gözlənilir. Belə bir həssas siyasi şəraitdə Azərbaycanla Türkiyənin hərbi və təhlükəsizlik baxımından bir yerdə olduğunun nümayişi çox gərəkli, Azərbaycan üzərində müxtəlif ssenarilər planlaşdıran bütün güclərə veriləcək yaxşı bir mesajdır. 2020-ci ilin sentyabrında başlayan və Azərbaycan-Türkiyə ittifaqının qələbəsi ilə başa çatan Qarabağ savaşı bölgədə hərbi və təhlükəsizlik baxımından yeni şərait yaradıb: Ermənistan yerində oturdulub, rus hərbçiləri sülhməramlı adıyla Qarabağa yerləşib, ilk dəfə olaraq Türkiyə hərbçiləri də rəsmi şəkildə Cənubi Qafqazdakı münaqişələrin həllinə cəlb edilərək, Rusiya ilə birgə Monitorinq Mərkəzində təmsil olunur”. E.Şükürlü digər məqama da diqqət çəkdi: “Əlbəttə, biz çox arzulayırıq ki, Azərbaycanla Türkiyə arasında ikitərəfli hərbi ittifaq sazişi imzalansın və Türkiyə bazalarının ölkəmizə yerləşməsi təmin edilsin. Ancaq Azərbaycanın iki böyük qonşusu - Rusiya və İran buna qarşıdırlar və onlar NATO üzvü olan Türkiyənin hərbi bazlarının ölkəmizdə yerləşməsini öz maraqlarına əsas təhlükə kimi qiymətləndirərək, bunu qətiyyən istəmir və hətta Prezident Əliyevə ciddi təzyiq də göstərirlər. Ruslar çalışırlar ki, Qarabağdakı vəziyyətdən istifadə edərək, Azərbaycanı KTMT-yə və Avrasiya İttifaqına qatsınlar. KTMT nizamnaməsində isə göstərilir ki, bu quruma üzv ölkə bloka daxil olmayan ölkələrin hərbi bazasını öz ərazisində yerləşdirə bilməz. Bu baxımdan, Azərbaycan əslində indi çox çətin seçim qarşısındadır və bunu qardaş Türkiyə də çox yaxşı görür, bilir. Ona görə də Türkiyə rəhbərliyi Azərbaycan hakimiyyətini xarici basqılardan qorumaq üçün hərbi bazaların yaradılması məsələsində israr etmir. Ancaq münasibətləri də elə qurur ki, Azərbaycanla Türkiyə xarici təhdidlərə qarşı bütün müstəvilərdə bir dövlət kimi çıxış edə bilsin”. Politoloq perspektivlərlə bağlı düşüncələrini də bölüşdü: “Mən düşünürəm ki, Bayden-Ərdoğan və Bayden-Putin görüşlərinin nəticəsi bilinməyənə, Rusiya ilə Türkiyənin Azərbaycan üzərində qurulmuş əməkdaşlığının perspektivi aydınlaşmayanadək, rəsmi Bakı hərbi bazalar məsələsində çox ehtiyatlı davranacaq. Azərbaycanın ehtiyatlandığı da odur ki, Türkiyənin hərbi bazalarının ölkəmizdə yerləşməsinə razılıq verən kimi, Rusiya da Qarabağa hələlik sülhməramlı kimi yerləşdirdiyi hərbçilərinə hərbi baza statusu qazandırmaq siyasəti yürüdə bilər və bu, Azərbaycanın Qarabağ siyasətini yerə vurar. Açıq desək, ruslar bizim hökumətin qarşısına şərt qoyurlar: ya Azərbaycan ərazisində həm Rusiyanın, həm də Türkiyənin daimi bazaları olacaq, ya da heç bir baza olmayacaq və rusların Qarabağda sülhməramlı missiya müddəti başa çatdıqdan sonra çıxıb gedəcəklər. Belə çətin seçim şəraitində isə Azərbaycanın Qoşulmama Hərəkatında təmsliçiliyini qabartması yeganə uduşlu mövqedir və bu siyasət qardaş Türkiyəni də qane edir. Çünki Türkiyə dövləti bilir ki, gələcəkdə daha uğurlu strategiyanı həyata keçirmək üçün indi Azərbaycanı qorumaq zamanıdır və onun əsgəri Türk-İslam birliyinin bayrağını daşıdıqca, Azərbaycanda, Azərbaycan insanının qəlbində həmişə onun yeri olacaq”.

Yeri gəlmişkən, 2017-ci ilin iyununda, Türkiyənin Harran bölgəsində “Yeni Müsavat”ın - elə bu sətirlərin müəllifinin “Türkiyə Qətərdə olduğu kimi, Azərbaycanda da hərbi baza qura bilərmi”, sualına cavabında “çox uzağa getdin”, deməklə diplomatik cavab verilmişdi. Ancaq ötən 4 il ərzində həm Türkiyə-Azərbaycan münasibətlərində, həm də regionda çox şey dəyişib, Türk əsgərinin bir qrupu Ağdamda... İyun ayı həlledici ay ola bilər, gözləyək...

ŞƏRHİNİZİ YAZIN

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.

 

Top