Tanınmış sosial media mütəxəssisi və şirkət rəhbəri İlqar Mirzə barəsində cinayət işi başlanıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, o, Cinayət Məcəlləsinin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə təqsirli bilinir.
Belə ki, İlqar Mirzə bu il yanvarın 8-də həyat yoldaşını birgə yaşadıqları evdə döyüb. O, ailə münaqişəsi zəminində xanımının baş nahiyəsindən bir neçə dəfə vurmaqla, burun qanaxması və göz nahiyəsində əzilmələrə səbəb olub.
Məsələ ilə bağlı Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsində təhqiqat aparılıb. İlqar Mirzə barəsində cinayət təqibi başlanaraq toplanan materiallar baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib.
Cinayət işi ilə əlaqədar məhkəmənin hazırlıq iclası 27 yanvara təyin edilib.
Hadisə ilə bağlı mövqeyini öyrənmək üçün İlqar Mirzənin özü ilə də əlaqə saxladıq. O, “Qafqazinfo”ya açıqlamasında məsələnin həqiqətəuyğun olmadığını və bu işin sifariş olduğunu iddia edib: “Hadisəni araşdıran təhqiqatçıdan daha ətraflı məlumat əldə edə bilərsiniz”.
Qeyd edək ki, uzun müddətdir sosial media sahəsində mütəxəssis kimi çalışan İ.Mirzə TedX, MilliNet, Xaricdə Təhsil Forumu kimi bir sıra böyük tədbirlərdə təlimçi kimi çıxış edib. O, hazırda SMM şirkətlərindən birinin rəhbəridir.