Rusiya hər ay təxminən 140 ballistik raket istehsal edir və hazırda ölkənin arsenalında 700 belə raket var.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
“Clash Report”un məlumatına görə, Zelenski Rusiya raketlərinin istehsalında xarici ölkələrdən gətirilən komponentlərdən istifadə olunduğunu açıqlayıb.
Onun sözlərinə görə, hər ballistik raketin hissələrinin təxminən 70 faizi Asiya, ABŞ və Avropa ölkələrindən tədarük edilir.
“Hamı bu raketlərdən danışır, amma problemi həll etmək mümkündür. Komponentlərin təxminən 70 faizi başqa ölkələrdən gəlir. Siz bunu dayandıra bilərsiniz, çünki söhbət sizin şirkətlərinizdən gedir”, – deyə Zelenski bildirib.
Ukrayna Prezidenti ABŞ-dan Rusiyanın ballistik raketlərin buraxıldığı ərazilərində “Starlink” peyk rabitəsinin aktivləşdirilməsini də istəyib.
“Amerikalı tərəfdaşlarımıza dedik ki, Rusiyanın ballistik raketlər buraxdığı ərazilərdə ‘Starlink’i aktivləşdirin. Biz hər şeyi özümüz edəcəyik. Əgər Rusiya bu müharibəni dayandırmasa, bunun öhdəsindən gələcəyik”, – deyə o vurğulayıb.
Zelenski həmçinin Ukraynanın ən azı növbəti 10 il ərzində güclü və böyük orduya ehtiyac duyacağını bildirib.
Onun sözlərinə görə, müharibə nəticəsində ölkə iqtisadiyyatına ciddi ziyan dəyib və bərpa prosesi üçün beynəlxalq tərəfdaşların uzunmüddətli maliyyə dəstəyi vacibdir.
