Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətində baş verən genişmiqyaslı meşə yanğını səbəbindən təxminən 1,8 min nəfərin təxliyəsinə başlanılıb.
“Bild” nəşri xəbər verir ki, yanğın Hüürtgenvald kommunasında, Qay rayonunda baş verib.
Məlumata görə, alov bütün gecə davam edib və təxminən 25 hektar ərazini əhatə edib. Yanğın Hüürtgenvald yaşayış məntəqəsinə təxminən 500 metr məsafədə başlayıb və Qay rayonu istiqamətində yayılıb.
Vəziyyət yerli hakimiyyət orqanları tərəfindən “böyük fövqəladə vəziyyət” kimi qiymətləndirilib. Yanğın səbəbindən B399 federal avtomobil yolu və ərazidəki L25 yolu nəqliyyatın hərəkəti üçün bağlanıb.
Yanğının söndürülməsinə cümə axşamı günorta saatlarından başlanılıb. Meşə ərazisinə helikopterlə su atılıb, lakin hava qaraldıqdan sonra uçuşlar dayandırılıb. Yanğınsöndürənlər gecə saatlarında da ərazidə işlərini davam etdiriblər.
Hazırda xəsarət alanların olmadığı bildirilir. Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
