Müdafiə Nazirliyinin “İstirahət evi”nin həbsdə olan sabiq rəisi İlham Haqverdiyevin barəsində olan cinayət işi üzrə məhkəmənin baxış iclası başlayıb.
Bu gün Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.
İttiham aktına görə, İlham Haqverdiyev xidməti vəzifəsini icra edərkən “İstirahət evi”nin müfəttiş vakansiyasına qəbul üçün 2500 manat, xadimə vakansiyasına görə 1000 manat, əmək müqaviləsinin uzadılması üçün 800 manat, növbə dəyişdirilməsi üçün 500 manat olmaqla, ümumilikdə 4800 manat rüşvət alıb.
Təqsirləndirilən İlham Haqverdiyev özünü təqsirli bilməyib. Məhkəmə prosesi şahid ifadələri ilə davam edib.
Cinayət işi üzrə şahid qismində tanınan, əvvəllər “İstirahət evi”nin Maddi-texniki təminat bölməsinin rəisi olmuş, hazırda isə “İstirahət evi”nin rəisi vəzifəsini icra edən Muraz Həsənov ifadə verib.
Bildirib ki, İlham Haqverdiyevlə ötən ilin əvvəlində tanış olub. Onun sözlərinə görə, İ. Haqverdiyev vəzifəyə yeni təyin olunduğu dövrdə iclaslar keçirərək “İstirahət evi”ndə vakansiyaların olduğunu və yeni şəxslərə ehtiyac yarandığını deyib: “Əməkdaşımız bacısı oğlunu işə düzəltmək istədiyini dedi. Mən məsələni İlham Haqverdiyevə çatdırdım. Sənədlər hazırlandı, əmr verildi və 2500 manat onların xidməti otağında mənə təqdim olundu. Mən də həmin pulu İlham Haqverdiyevə verdim. Sonra sürücümüz bacısını xadimə kimi işə düzəltmək istədiyini dedi. Bu barədə də İlham Haqverdiyevə məlumat verdim. 1500 manata razılaşdıq, lakin əmr çıxandan sonra qarşı tərəf yalnız 1000 manat verə bildi. Həmin məbləği də aparıb İlham Haqverdiyevə təqdim etdim”.
Şahid əlavə edib ki, 65 yaşlı əməkdaş da əmək müqaviləsinin bir il uzadılması üçün ondan kömək istəyib: “Bu barədə də İlham Haqverdiyevə məlumat verdim. Müqavilə bir il uzadıldı və bunun üçün 800 manat verildi. Həmin pulu da ona çatdırdım. Gündüz növbəsində çalışan əməkdaş növbəsini dəyişmək istədiyini dedi. İlham Haqverdiyevin razılığı ilə mənə 500 manat verildi, onu da aparıb təqdim etdim”.
Şahid əlavə edib ki, müəssisədə vəzifələr üzrə İlham Haqverdiyev tərəfindən müəyyən məbləğlər müəyyənləşdirilib: “Məsələn, xadimə işi üçün 1000 manat, bağban üçün 1500 manat müəyyən edilmişdi. Əməkhaqqı yüksək olduqca məbləğ də artırdı. Mənə müfəttiş vakansiyası üçün 2500 manat, xadimə üçün 1000 manat, müqavilə uzadılması üçün 800 manat, növbə dəyişdirilməsi üçün 500 manat təqdim olunub və hamısını İlham Haqverdiyevə vermişəm. Mənə isə ümumilikdə 1000 manat çatıb”.
Dövlət ittihamçısının suallarını cavablandıran şahid bildirib ki, işə götürülənlərdən alınan rüşvətin müəyyən məbləği ona verilib: “Maddi-texniki təminat bölməsinin rəhbəri olmuşam. Bizə verilən avtobusları rəngləmişəm, 650 manat xərc çəkmişəm. Verilən 500 manatı ora sərf etmişəm. Həmçinin televizor almışam, çatışmayan avadanlıqları öz vəsaitim hesabına təmin etmişəm”.
Vəkilin suallarına cavab olaraq isə o, “Cari təmir üçün vəsait nazirlik tərəfindən ayrılır. Lakin bunun üçün təqdimat yazılmalı, göndərilməli, baxılmalıdır, yəni vəsait ayrılması vaxt aparır. Rəhbərlik istirahətə gedəndə narazılıq olmasın deyə bəzi işləri öz hesabıma görürdüm”, cavabını verib.
İlham Haqverdiyevin vəkili prosesdə onu da bildirib ki, müdafiə etdiyi şəxs məhz Muraz Həsənovun şikayəti əsasında saxlanılıb.
Şahid istintaqın onun ifadəsi əsasında başlandığını təsdiqləyib.
Məhkəməyə sədrlik edən hakim isə deyib ki, istintaqa rüşvətlə bağlı müraciət olmayıb, Hərbi hospitalın Maddi texniki təminat bölməsinin rəisi Azər Paşayevin cinayət işi üzrə şahid qismində ifadə verən Murğuz Həsənovun şahid ifadəsi əsasında başlandığını bildirib.
Vəkil, həmçinin Muraz Həsənovun digər şahidlərə təsir imkanının olduğunu əsas gətirərək, onun tutduğu vəzifədən uzaqlaşdırılması üçün müdafiə naziri Zakir Həsənova müraciət etdiyini bildirib.
Məhkəmənin növbəti prosesi martın 2-nə təyin edilib.
Qeyd edək ki, Müdafiə Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində Nazirliyin “İstirahət evi”nin rəisi mayor İlham Haqverdiyevin qanun pozuntusuna yol verdiyi müəyyən edilib və işə hüquqi qiymət verilməsi üçün materiallar Hərbi Prokurorluğa göndərilib. Məhkəmənin qərarı ilə İlham Haqverdiyev barəsində 2 ay 20 gün müddətə həbs qətimkan tədbiri seçilib. Ötən ilin dekabr ayında həbs müddəti 1 ay 20 gün uzadılıb.
Təqsirləndirilən İlham Haqverdiyev Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə ittiham edilir.
