Müdafiə Nazirliyinin (MN) mənimsəməyə görə tutulan Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunları maliyyə idarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin (HDQ) maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən iclasda məhkəməyə təkrar çağırılan şahidlər ifadə verib.
Məhkəmə iclasında 143 milyonluq mənimsəmə işinə görə bir neçə ay öncə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Cinayət Məcəlləsinin 179.4 (Mənimsəmə, xüsusi ilə külli miqdarda ziyan vurmaqla) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinib həbs edilən maliyyəçi Vahid Novruzlu işlə bağlı şahid qismində dindirilib.
O, özünü mənimsəmə cinayətində qismən təqsirli bilib: “Bizim hərbi hissə 2020-ci ilin dekabr ayına kimi “N” saylı korpusa sonra isə birbaşa Müdafiə Nazirliyinə tabe olub. Yoxlama zamanı nağd ödənişlər- səhra və ezamiyyət pulu nəzərə alınmayıb. Nağd ödənişlərlə bağlı Maliyyə Nazirliyinin nümayəndələrinə sənədlər təqdim etsəm də, həmin məbləği silməyiblər. Bu məbləğ təxminən 40-50 min manat arasıdır. Bu çıxışlarla bağlı ya pul az ayrılırdı, ya da heç ayrılmırdı. Mən Hərbi Hospitalın maliyyə bölməsinin rəisi olduğum üçün büdcədən kənar vəsaitlərdə olurdu. Həmin pulları göstərilən istiqamət üzrə xərcləməmişəm, amma yeyinti də etməmişəm. 2020-ci il üzrə mənə çatan vəsait 30 faiz olub. Ümumilikdə mənim dövlətə vurduğum ziyan 610 min 538 manat hesablanıb, ondan da 104 min 300 manat ödəniş etmişəm. Qalan pulu ödəməməyimə gəlincə, pul mənim yastığımın altında olmayıb ki, gətirib ödəyim. Həmin məbləğin 230 min manatını nazirlikdən gələn Süleyman Abbasova vermişəm.”
Təkrar məhkəməyə çağırılan, hazırda təqaüddə olan şahid Ramin Qaraxanov bildirib ki, 1 milyon 452 min manat mənimsəmədən cəmi 51 manat manat ödəniş edib. Qalanını da yaxın vaxtda ödəyəcək.
Məhkəməyə təkrar çağırılan digər şahid Şirin Şükürov hazırda hərbi hissələrin birində maliyyə xidmət rəisi işlədiyini bildirib. onun tərəfindən ümumi mənimsənilən məbləğ 742 min manatdır, ondan da 33 min manat ödəniş edib. Qalanını da ödəyəcək.
Daha sonra müttəhim Cəlal Kazımovun vəkili Əli Adıgözəlovun göndərdiyi iki vəsatət elan edilib. Belə ki, vəkil 1-ci növbədə yoxlama aparan Maliyyə Nazirliyinin nümayəndələrinin, 2-ci növbədə isə bəzi şahidlərin təkrar dindirilməsini məhkəmədən xahiş edib.
Bəzi şahidlər- Rəfael Xələfov, Fariz Nəbiyev, Anar Məmmədov və Füzuli Ələkbərlinin ifadələri arasında ziddiyyətlər var. Onların Cəlal Kazımovla çarpaz dindiriləməsinə zərurət olduğundan vəsatəti verdim. Hərbi hissələrdə bütün çıxarışların çıxarılmasına aylar vaxt lazımdır, amma yoxlama 15 günə aparılıb.
Vəkil Rəşad Mirmehdizadə Akif Umudovla Allahverdi Rzayevin 10 aydan çox bir müddət ərzində məhkəməyə gətirilmədiyini vurğulayıb:
“Allahverdi Rzayev paralel olan başqa məhkəmə proseslərinə gəlib ifadə verib, bu məhkəməyə isə gəlmir.
Prosesə sədrlik edən hakim isə, Allahverdi Rzayevlə bağlı Binəqədi Rayon Polis İdarəsinin rəhbərliyi ilə danışdığını, onun barədə polis nəzarəti altında məcburi gətirmə qərarının çıxarıldığını qeyd etdi. Akif Umudovun isə xidməti zərurətlə əlaqədar iştirak edə bilmədiyini, ancaq onun da növbəti prosesdə iştirakını təmin edəcəyini söz verdi.
Vəkil əlavə şahid qismində Nizami Məmmədovdan qabaq Maliyyə və Büdcə İdarəsinin rəisi olmuş, hazırda təqaüddə olan Namiq Poladovun dindirilməsi ilə bağlı vəsatət verib.
O bildirib ki, 4 milyon 600 min manatla bağlı hissədə Namiq Poladovun dindirilməsi zəruridir. Onun sözlərinə görə, Nizami Məmmədov özünü təqsirli bildiyi hissə ilə bağlı 12 milyon 200 min manat vəsaiti dövlət büdcəsinə ödəniş edib. Vəkil qeyd edib ki, Nizami Məmmədov nazirliyin Maliyyə və Büdcə İdarəsinə rəis gələndə Namiq Poladov digər vəzifəyə keçirilib.
“Namiq Poladov Nizami Məmmədovun yeyinti faktlarından məlumatlı olmasını inkar edib. Namiq Poladov Maliyyə və Büdcə İdarəsindən çıxarıldıqdan sonra Müdafiə Nazirliyi Baş Hərbi İnspeksiyasının rəis müavini vəzifəsinə təyin olunub. Onun inspektoru olub. O da daim təftişçilərdən kurasiya pulu yığıb.
Hakim Fikrət Əliyev vəkilin Namiq Poladovla bağlı vəsatətinə növbəti prosesdə münasibət bildirəcəklərini deyib.
Növbəti məhkəmə prosesi iyun ayının 14-nə təyin olunub.
Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin sabiq rəisi Bayram Bayramov, Hərbi Dəniz Qüvvələrinin maliyyə idarəsinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.
Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.
Xatırladaq ki, cinayət işi üzrə dövlətə dəymiş ziyan ümumilikdə 143 milyon manatdır. Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib.
İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı artıq ödənilib. Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.
Təqsirləndirilən şəxslərin hər birinə Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb.