“İdman Azərbaycan” kanalı “Qarabağ” – “Olimpiya” oyununun gec yayımlanması ilə bağlı açıqlama yayıb.
Kanalın yaydığı məlumatda deyilir:
“Hörmətli futbol azarkeşləri, “Qarabağ” – “Olimpiya” komandalarının Avropa Liqasının pley-off mərhələsi çərçivəsində ilk görüşün “İdman” TV ilə göstərilməməsi ilə bağlı narahatlığınızı və iradlarınızı başa düşür və üzr istəyirik. “Qarabağ” futbol klubundan fərqli olaraq biz yaranmış problemin əsl mahiyyətini araşdırmadan kimisə ittiham etmək istəmirik. Çünki birmənalı şəkildə bildiririk ki, yayımla bağlı ortaya çıxan problemdə “İdman” TV qədər “Qarabağ” FK da məsuliyyət daşıyır. Odur ki, ən yaxın zamanda klub rəhbərləri ilə AzTV rəhbərliyi arasında görüş keçiriləcək və yalnız bundan sonra ictimaiyyətə açıqlama veriləcək”.
Qeyd edək ki, ötən gün baş tutan “Olimpiya” – “Qarabağ” matçı yalnız oyunun 68-ci dəqiqəsindən etibarən “İdman Azərbaycan” kanalında yayımlanıb.