Uşaqların sağlamlığı hər şeydən vacibdir. Amma buna məktəbi bağlamaqla nail olmaq mümkün deyil.
Bu sözləri Unikal.org-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. O, bildirib ki, həmin uşaqların valideynləri, ailə üzvləri hər gün marketdə, aptekdə, restoranda olur, ictimai nəqliyyatdan istifadə edirlər: “Biz isə heç bir yerin bağlanmasını yox, ancaq məktəblərin bağlanmasını istəyirik. Uşaqların valideynləri iş yerində yoluxub, evdə uşaqlarını yoluxdura bilməz?! Bizim qədər təhsilə qeyri-ciddi yanaşan ikinci toplum yoxdur. Bu məsələdə çox ciddi olmalıyıq”.
Ekspert bildirib ki, distant təhsil keyfiyyətli və əlçatan deyil: “Amma sərt nəzarət və tələbkarlıq olsa, nəyəsə nail olmaq olar. Bəlkə pandemiya 10 il davam etdi, biz də yoluxma azalanda, təhsil müəssisələrini açıb, çoxalanda bağlamaqla tədbir görəcəyik?”.