“Azərbaycanda dərman bazarına ən pis təsir edən qərar Tarif Şurasının dərman vasitələrinin qiymətinin tənzimlənməsi qaydaları oldu”.
Bunu “Unikal”a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. Onun sözlərinə görə, bu qaydalar tətbiq edildikdən, dərmanların qiyməti artır, keyfiyyəti isə aşağı düşür:
“Ona görə ki, istehsalçı ölkələr və molekullar üzrə təsnifat qərarı alınır. Bu zaman molekulların ən ucuzu, keyfiyyətsizi alınıb ölkəyə gətirilir, keyfiyyətli dərman qıtığı yaranır və qiymətlərin yüksəlməsi prosesi baş verir. Ölkədə Tarif Şurasının tənzimlənməsi tətbiq olunandan, onlarla kiçik və orta şirkətlər iflas edib bazardan çıxdılar. Böyük şirkətlər qalıblar ki, onlar da qiyməti diktə etməkdə çətinlik çəkmirlər”.
Ekpsert qeyd edib ki, dərman preparatları ilə bağlı ən vacib qərar Tarif Şurasının tənzimləmə mexanizminin ləğv olunmasıdır:
“Bununla yanaşı, bu sahə ilə bağlı gömrük rüsumları sıfırlanmalı, ƏDV isə nəzərəçarpacaq formada aşağı salınmalıdır. Dərman preparatlarında qiymətin 35-40 faizini vergi və gömrük rüsumları təşkil edir. Belə ki, 10 manata aldığımız dərmanın 4 manatını vergi və gömrük rüsumu formasında ödəyirik. Daxili istehsal yoxdursa, bu qədər yüksək vergi və gömrük rüsumu olmamalıdır. Bu, həssas və sosial sahə olduğundan, qərarlara yenidən baxılmasına ehtiyac yaranıb”.