SOSİAL (998)

Azərbaycanda ali təhsilin səviyyələri üzrə bəzi ixtisaslaşmalarda dəyişikliklər edilib.

Nazirlər Kabinetinin qərarına əsasən "Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) Təsnifatı"nda Azərbaycan dili və ədəbiyyatı müəllimliyi olan birinci hissə ləğv edilib.

"Ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə bəzi ixtisasların (ixtisaslaşmaların) Təsnifatı" adlı sənədin adında da dəyişiklik edilib və burada ixtisaslaşmalar (bakalavriat səviyyəsinə aid olan 1-ci hissə ləğv edilməklə) yalnız magistratura səviyyəsinə aid edilib.

Bu Qərar 2019-cu il 15 sentyabr tarixindən qüvvəyə minəcək.

Yeni nəsil şəxsiyyət vəsiqələrində elektron imza sertifikatlarının aktivləşdirilməsi yaxın zamanlarda başlayacaq.

Trend-in məlumatına görə, bunu jurnalistlərə nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.

Nazir müavini bildirib ki, bu proses müəyyən prosedurların keçirilməsini tələb edir və hazırda bunun üzərində iş gedir:

“Bu gün yeni nəsil şəxsiyyət vəsiqələrində elektron imza sertifikatları mövcuddur. Hazırda söhbət elektron imza sertifikatlarının aktivləşdiriməsindən gedir”.

Sertifikatın qiymətinə gəldikdə isə, E.Vəlizadə bildirib ki, qiymət hələlik müəyyən edilməyib.
 

Bu gün səhər saatlarında "ARB Media Qrup"a daxil olan tematik musiqi kanalı "ARB Ulduz"un peyk vasitəsi ilə yayımının dayanması müşahidə olunub.

Addim.Az xəbər verir ki, məsələ ilə bağlı "ARB Media Qrup"un mətbuat xidmətinin rəhbəri Ozal İbrahimli azxeber.com-un suallarını cavablandırıb.

- Bu gün səhər saatlarından etibarən "ARB Ulduz"un peyk vasitəsilə yayımının olmadığı müşahidə edilir. Bu hansısa texniki problemlə bağlıdır?

"Xeyr, texniki problemlə bağlı deyil. "ARB Ulduz" telekanalının peyk vasitəsilə yayımının birdəfəlik dayandırılması qərarı qəbul edilib".

- Buna səbəb nədir?

 

"Bildiyiniz kimi müasir dövrdə telekanallar bir çox hallarda reklam gəlirlərinin hesabına maliyyələşir. "ARB Media Qrup"a daxil olan kanallar da buna istisna deyil. "ARB Ulduz" telekanalı ölkə reklam bazarında özünü tam maliyyələşdirəcək qədər gəlir əldə edə bilmirdi. Təəssüf ki, ölkəmizdə tematik televiziyalar reklam bazarından kifayət qədər vəsait əldə edə bilmirlər. Reklam bazarının əsas iştirakçıları, ümumölkə və çoxşaxəli məzmunda fəaliyyət göstərən telekanallardır. Elə məhz bu səbəbdən də musiqi yönümlü tematik kanal olan "ARB Ulduz" da reklam bazarının oyunçularından birinə çevrilə bilmədi".

- Bəs "ARB Media Qrup"a daxil olan digər tematik kanal olan "ARB Günəş"in taleyi necə olacaq?

Bəli, "ARB Günəş" Azərbaycanın ilk  və yeganə tematik uşaq kanalıdır. Bu telekanalın əsas auditoriyası azyaşlı tamaşaçılardır. Yuxarıda qeyd etdiyim kimi, digər tematik telekanallarda olan kommersiya problemləri "ARB Günəş"ə də şamil edilir. Lakin, Azərbaycan dilində yayımlanan uşaq telekanalının nə dərəcədə vacib bir iş olduğunu nəzərə alsaq, "ARB Media Qrup" daxili imkanlar hesabına kanalın yayımını davam etdirməyi düşünür.

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gün ərzində arabir çiskin olacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 2-5, gündüz 5-8, Bakıda gecə 3-5, gündüz 5-7 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 faiz olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 2-5, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-6 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza görə, fevralın 12-13-də Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü və iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

 

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) 2019-cu ildə ali təhsil müəssisələrinin bakalavr səviyyəsinə qəbul imtahanının ikinci mərhələsinin modelinə uyğun sınaq imtahanı keçirəcək.

DİM-dən  verilən məlumata görə, imtahanda iştirak etmək üçün internet vasitəsilə 28 337 abituriyent qeydiyyatdan keçib. İmtahanlar Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Şəmkir, Qazax, Tovuz, Şəki, Mingəçevir, Zaqatala, Bərdə, Ağcabədi, Göyçay, Şamaxı, İsmayıllı, İmişli, Füzuli, Sabirabad, Salyan, Kürdəmir, Şirvan, Xaçmaz, Lənkəran, Cəlilabad, Masallı şəhərlərində ümumilikdə 55 binada təşkil olunacaq.

Sınaq imtahanı bütün binalarda saat 11:00-da başlanacaq. Buraxılış rejiminin yeni qaydalarına əsasən imtahan binasına buraxılış saat 10:45-də başa çatacaq. İmtahanın başlanmasına 15 dəqiqə qalmış heç kim binaya buraxılmayacaq. İmtahan iştirakçıları bunu nəzərə almalı və buraxılış vərəqəsində göstərilən vaxtdan gec olmayaraq imtahan binasında olmalıdırlar.

İmtahanın müddəti 3 saatdır. Yazı tələb olunan açıq tipli tapşırıqların cavabları cavab vərəqində nəzərdə tutulan müvafiq yerlərdə, digər tapşırıqların cavabları isə cavab kartında qeyd olunur. İmtahanın sonunda cavab vərəqləri və cavab kartları abituriyentlərdən təhvil alınır.

Abituriyentlərə hər fənn üzrə 30 test tapşırığı təqdim olunur. Bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq formalıdır. Açıq formalı tapşırıqlardan 3-ü yazılı şəkildə cavablandırılması tələb olunan situasiya, mətn və ya mənbə əsasında hazırlanıb. Digər açıq formalı tapşırıqlar uzun müddət istifadə olunan və cavabları kodlaşdırıla bilən hesablama, seçim, xronologiya, uyğunluğu müəyyənetmə tipli tapşırıqlardır.

İmtahanların idarə edilməsi üçün 180 imtahan rəhbəri, 1654 nəzarətçi-müəllim ayrılıb.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ölkədə minimum əməkhaqqının artırılmasının gələcək inflyasiya səviyyəsinə necə təsir edəcəyinə münasibət bildirib.

Addim.az-ın məlumatına görə, S. Babayev REAL TV-yə müsahibəsində qeyd edib ki, ölkəni inflyasiya dalğası gözləmir: "Bizim hesablamalarımıza görə, bu ilin dövlət büdcəsindən 335 milyon manat minimum əməkhaqqının artırılması istiqaməti üzrə yönəldiləcək. Gələn il isə bu rəqəm 400 milyon manat olacaq.

 

Hökumətin müvafiq qurumları ilə müzakirədə bu fikir hakim oldu ki, maaş artımının inflyasiyaya ciddi təsiri gözlənilmir. Biz idarə edilən inflyasiya ilə davam edəcəyik. Bu, vətəndaşlarımızın rifahına, Ümumi Daxili Məhsulun artımına təsir edəcək.

Özəl sektorda da 150 milyon manatlıq artım olacaqsa, bu da fikrimizcə 500 milyon manat ÜDM-in artımına gətirib çıxaracaq. Bundan əlavə, əməkhaqlarının özəl sektorda leqallaşmasına da ciddi təsir edəcək".

Şamaxıda zəzlələ səbəbindən yararsız hala düşən evlərin sayı 41-ə çatıb.

Addim.az qafqazinfo-ya istinadən xəbər verir ki, fevralın 5-i gecə saatlarında baş verən zəlzələdən sonra rayon icra hakimiyyətinə bu günə qədər 1484 müraciət daxil olub. FHN-in əməkdaşları ilə birgə icra nümayəndələrindən ibarət komisiya müraciət edilən 1484 evdən bu günə kimi 375-nə baxış keçirib.

 

Məlum olub ki, 41 ev yaşamaq üçün tamamilə yarasızdır. Eyni zamanda, 135 evin bərpasına, 42 evin təmirinə ehtiyac var. 87 ev qənaətbəxş hesab edilib.

Şəhər ərazisində yaşamaq üçün yararsız olan ev sakinləri üçün 12 mənzil kirayələnib.

Bir çox inkişaf etmiş ölkələrdə böhtan və təhqirə görə, sosial şəbəkələr nəzarətə götürülərək ciddi tədbirlər görülür. Bu gün sosial şəbəkələrdə şərəf və ləyaqətin təhqir olunması hallarına daha çox rast gəlinir. Bizdə də bir neçə müddətdir ki, sosial şəbəkələrə nəzarətlə bağlı məsələlər gündəmə gəlib. 
 
Bəs, bu bizdə mümkündürmü?
 
Moderator.az-ın sualını cavablandıran hüquqşünas Ələsgər Məmmədli saytımıza bildirdi ki, bu istiqamətdə hələ ki, çətinliklər var:
 
“Sosial şəbəkələrə nəzarətin iki forması var: birincisi hüquqi nəzarət, ikincisi də ki, qəti müdaxilə nəzarətidir. Müdaxilə isə hər zaman mümkündür. Amma hüquqi baxımdan sosial şəbəkəni necə tənzimləyəcəklər? Sosial şəbəkə hansı domenə aiddirsə, o ölkənin qanunvericiliyinə uyğun fəaliyyət göstərir. Biz Amerikanın qanunlarına müdaxilə edə bilmədiyimiz kimi, Amerika da bizim qanunlara müdaxilə edib bunu tənzimləyə bilməz. “com”la olan sosial şəbəkələr yalnız “com”un aid olduğu ölkənin qanunvericiliyi daxilində tənzimlənə bilər. Azərbaycanda da sosial şəbəkələrin hamısı “com”dadır. Bunların da hamısı Amerikada yerləşir və bu dövlətin qanunvericiliyi çərçivəsində fəaliyyət göstərir. O çərçivədə də bizim hökumətin buna müdaxilə imkanları yoxdur. Bunu tənzimləmə cəhdi parlamentə olsa belə, ancaq ölkə içində bloklamaq ola bilər. Bu da ki, birbaşa senzura tətbiqi kimi başa düşülər”.
2018-ci ildə Prezident Administrasiyasına vətəndaşlar 100-dən çox tikinti şirkəti tərəfindən çoxmərtəbəli yaşayış binalarının inşasında müvafiq norma və qaydalara, həmçinin müqavilə şərtlərinə riayət edilməməsindən, bəzi şirkətlərin mənzilləri 2 və daha artıq şəxsə satmasından, razılığa gəlinmədən, kompensasiyalar verilmədən söküntü işlərinə başlanılmasından, binaların təhlükə törədəcək dərəcədə yaxın məsafədə tikilməsindən şikayət edib.
 
Addim.az xəbər verir ki, bu barədə Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun AZƏRTAC-da dərc olunmuş məqaləsində qeyd olunub.
 
Bunlardan "Hermes-S", "Murad M.S.", "İnteks", "Grand Plaza", "Elite City", "N Turan", "Pearl Construction", "TFM Smart Project", "Fədək", "Sizin mənzil", "NV Construction", "Dönüş-1", "MVVL Verus Praedium", "Azadlıq Residence", "Pilot-1", "FVS İnşaat", "Rahatlığın məkanı", "Poleks", "Park Bayil", "İnşaat Konstruksiyaları", "Draft Construction", "Qlobal-SF", "Malibo", "Avrasiya Construction", "İnkişaf-S", "SKY Residence", "Xəmsə-İnşaat", "Buta Qroup", "Cavid 2016", "Rahat Həyat", "Qismət-M Construction", "Archico" MMC-lər, "Sabah Residence", "Best Construction", "Regal Residence", "Orbita", "Merkuri", "Pilot İnşaat A", "Yeni ev-19", "Məkan", "EDİF", "Mahal", "Teymuroğlu", "Olympus Park", "Bəhrə", "İqtisadçı-2005" və digər MTK-lar barədə şikayətlər daha çox olub.
 
Eyni zamanda, vətəndaşlar "Belıy lebed", "Rahatlığın məkanı", "Burhan", "Altes Park", "AAAF" yaşayış komplekslərində idarəetmədə illərdən bəri mövcud olan problemlərin həll olunmadığından şikayət ediblər.
 
"İnanırıq ki, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, eləcə də digər qurumlarda vətəndaşların müraciətlərinə, xüsusilə şikayətlərinə daha çox diqqət yetiriləcək və şikayətlərin sayı getdikcə azalacaq", - S.İsmayılov vurğulayıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib. 

Nazirliyin Milli hidrometeorologiya departamentindən verilən məlumata görə, fevralın 7-də Bakıda və Abşeron yarımadasında cənub-qərb küləyinin 15-18, arabir 20-23 m/s, fevralın 8-də isə şimal-qərb küləyinin 15-20 m/s olacağı, arabir 23 m/s-dək güclənəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında fevralın 7-8-də qərb küləyinin ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcəyi, fevralın 8-i axşamdan fevralın 12-dək bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimalı var.

Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyinin (RİİB) nümayəndələri və könüllüləri ötən gecə zəlzələ olan bölgələrdə dağıntılar qeydə alınan yerlərdə sakinlərlə görüşüb.

Addim.Az xəbər verir ki, bu barədə Trend-ə İctimai Birlikdən məlumat verilib.

Fondun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən hər bir sakinin evində olan RİİB nümayəndələri mövcud vəziyyət barədə məlumatlar toplayır və onların həlli üzrə müvafiq icra strukturları ilə birgə işlər aparır.

 

Sakinlərin hər birinin zəlzələdən sonrakı problemlərinin qısa müddət ərzində həll ediləcəyi bildirilib.

 

Zəlzələ nəticəsində Şamaxı rayon Təcili Tibbi Yardım Stansiyasına müraciət edənlərin kimliyi məlum olub.

Addim.az trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində təcili yardıma 19 nəfər müraciət edib:

1. Kərimova Sahilə

2. Şirəliyeva Könül

3. Mirzəliyeva Əzizə

4. Əsgərova Nübar

5. Sadıqov Həsrət

6. Baxşıyeva Məxruqət

7. İsmayılova Lətifə

8. Bilalov Elmar

9. Kərimov Rüstəm

10. Süleymanova Arzu

11. Xankişiyeva Yaqut

12. Əhmədova Zülfiyyə

13. Salahova Vəfa

14. Əliyev Yasər

15. Şükürova Aygül

16. Zeynalov Səhrab

17. Mehdiyeva Afaq

18. Mehdiyev Həsən

19. Ədilova Arzu

Məlumata görə, təcili yardıma müraciət edən xəstələrə ilkin tibbi yardım göstərilərək evə buraxılıblar.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində aparılacaq islahatların, atılacaq addımların növbəti beş illik dövrü üçün yol xəritəsi hazırlanır. 
 
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən  verilən məlumata görə, bu məqsədlə müvafiq təkilflərin hazırlanması üçün nazirlikdə işçi qrupu fəaliyyət göstərir və bu işlərə beynəlxalq ekspertlər də cəlb edilib.

Dünya boyu qadınlar kişilərlə müqayisədə daha uzun ömür sürürlər.

Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) görə, dünyada əhalinin ortalama ömür uzunluğu 2016-cı ildə 72 ilə bərabər olub.

Amma qadınlarla kişilərin ömür uzunluğu arasında fərq var: qadınlar üçün bu göstərici 74 il 2 aydır, kişilər üçün isə - 69 il 8 ay.

100 yaşı tamam olanlar
100 yaşı tamam olanların arasında qadınların sayca daha çox olması ehtimalı böyükdür
2010-cu ilin statistikasına əsasən, həmin ildə ABŞ-da yaşı 100-dən çox olan 53364 insan olub. Onlardan yalnız 9162 nəfər kişi olub, 44202 nəfər - qadın.

Görəsən, qadınların kişilərdən daha çox yaşamasının səbəbi nədir?

1. Genlər

Dünya boyu bütün ölkələrdə statistik göstəricilər qadınların kişilərdən daha uzun ömür sürdüklərini sübut edir.

Göründüyü kimi, bu fərq genetika ilə bağlı ola bilər.

Qadınların iki dəst X xromosomları var
Qadınların iki dəst X xromosomları var
Rüşeymlər
"Kişi rüşeymləri qadın rüşeymlərilə müqayisədə daha çox sayda ölürlər," - University College London-un professoru David Gems deyir.

Bunun mümkün səbəblərindən biri cinsiyyəti müəyyən edən xromosomlarla bağlı ola bilər. Qadınların xromsomları XX kimi təsvir olunursa, kişilərdə bu XY kimidir.

Xromosomların tərkibində genlər var. X xromosomlarında insanı yaşadan xeyli genlər var.

Quşlar
Erkək quşların X xromosomlarının əlavə ehtiyatı var
"Əgər siz qadınsınızsa və sizin X xromosomunuzda bir qüsur varsa onda ehtiyat resursunuz var. Amma əgər kişisinizsə, onda belə resursunuz yoxdur," - David Gems BBC-yə deyib.

"Hamiləlik dövrünün son mərhələlərində oğlan körpələrinin ölüm ehtimalı 20-30 faiz təşkil edir. Eləcə də onların vaxtından əvvəl doğulması ehtimalı 14 faiz daha yüksəkdir. Oğlan körpələr daha iri olur və doğuş zamanı onların zədə alması riski daha böyükdür", - Exeter Universitetinin müəlliməsi Lorna Harries deyir.

Amma, misal üçün, quş erkəklərin isə X xromosomlarının ehtiyatı da olur, odur ki, onlar dişi quşlardan daha çox yaşayır.

2. Hormonlar

Hormonların təsiri nəticəsində yeniyetməlik dövründə oğlanlar və qızlar kişi və qadına çevrilir.

Müharibələr zamanı kişilər daha çox sayda ölür
Müharibələr zamanı kişilər daha çox sayda ölür
Testosteron hormonu qalın səs və tüklü sinə kimi kişi xüsusiyyətlərinə cavabdehdir, bədəni daha iri və daha güclü edir.

Yeniyetməlik dövrünün son mərhələlərində testosteron artdıqca kişilər arasında ölüm faizi də artır.

Ekspertlər bunun səbəbini kişilərin dava-dalaşa, avtomobil və velosiped sürməyə, intihara daha çox meyl göstərmələrilə izah edirlər.

Müxtəlif araşdırmalardan belə nəticəyə gəlmək olar ki, xayasız insanlar (və heyvanlar) daha çox yaşayır.

Digər tərəfdən isə qadın cinsi xüsusiyyətlərinə cavabdeh olan estrogen hormonu "antioksidant" kimi də təsirə malikdir, yəni bu hormon hüceyrələri zəhərli kimyəvi maddələrdən təmizləyir.

Heyvanlar üzərində aparılan təcrübələr göstərib ki, estrogen çatışmazlığı olan dişi heyvanların ömrü belə qüsuru olmayan dişi heyvanların ömründən daha qısa olub.

Ürək
Qadın hormonu estrogen ürək xəstəliklərinə gətirən pis xolesterollun qarşısını almağa kömək edir.
Estrogen eləcə də pis xolesterolu yox etdiyindən bu hormon ürək xəstələrindən, müəyyən mənada qoruyucu vasitə rolunu da oynayır.

3. İş və həyat tərzi

Münaqişələr baş verən ərazilərdə kişilərin ömür uzunluğu qısalır.

Səhiyyə sistemi yüksək səviyyədə olmayan ərazilərdə isə qadınlar çox vaxt doğuş zamanı ölürlər.

Siqaret, spirtli içki və həddən artıq yemək yeyilməsi ömür uzunluğunun gender fərginin ölkədən ölkəyə nəzərəçarpan dərəcədə dəyişməsinin səbəblərini izah edir.

Misal üçün, Rusiyada spirtli içkilər kişilərin ömrünü orta hesabla 13 il qısaldır.

Uzun, amma sağlam ömür?

Uzun ömür yaşamağın fəsadları da var. Qadınlar daha uzun ömür sürsələr də, xəstəliklərdən daha çox əziyyət çəkirlər. Xüsusən də, yaşlanarkən.

Qadın arabada
Kişilərlə müqayisədə qadınlar həkimlərə daha tez-tez müraciət edirlər
Müxtəlif ölkələrdə 16-60 yaş arası qadınlar eyni yaş intervalında olan kişilərlə müqayisədə həkimlərə daha tez-tez baş çəkirlər.

Fərq azalmaqdadır
Bu yaxınlarda keçirilmiş tədqiqatlar göstərib ki, kişilərlə qadınların ömür uzunluğu arasında fərq yaxın gələcəkdə azalacaq.

Uşaqlar
Britaniyada yaxın 20 ərzində kişilərlə qadınların ömür uzunluğu müddətləri arasındakı fərqin azalacağı gözlənilir.
Imperial College London tərəfindən keçirilmiş tədqiqatın nəticələrinə əsasən, Britaniyada qadınlarla kişilərin ömür uzunluğu arasında fərq 2030-cu il üçün 1 il 9 ay təşkil edəcək.

Britaniya Milli Statistika İdarəsinin məlumatına əsasən, bu gün Britaniyada doğulmuş körpə oğlan uşağının 79 il 2 ay yaşayacağı proqnozlaşdırılır, körpə qız üçün isə proqnoz 82 il 9 aydır.

Cass Business School-da statistika professoru Les Mayhew tərəfindən aparılmış tədqiqatın nəticələrinə əsasən, kişilərin və qadınların ömür uzunluğu 2032 il üçün bərabərləşəcək.

Les Mayhew Guardian qəzetinə bildirib ki, "tütün və spirtli içkilərin istehlakının azalması, ürək xəstəliklərinin qarşısının alınmasında əldə edilən böyük irəliləyiş" kişilərin ömür uzunluğunun artmasına yol açır.

Yol-nəqliyyat qəzalarının sayı azalan ölkələrdə də bu amil kişilərin ömür uzunluğunun artmasına təsir edir.

"Musavat"

Tanınmış hüquqşünas və media ekspert Ələsgər Məmmədli Nazirlər Kabinetinin ötən gün "Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında” verdiyi qərarların Konstitusiya və Meşə Məcəlləsinə zidd olduğunu açıqlayıb.
 
Ekspert sosial şəbəkədə bildirib ki, Nazirlər Kabinetinin məlum qərarından belə anlaşılır ki, meşədəki meyvələrin, yarpaqların və s. toplanması qadağandır: " qərarı qəbul edənlər ölkə qanunvericiliyini yaxşı incələməyiblər. Çünki, İstənilən qərara dayanaq qanun olmalıdır. NK-nın dünən yenidən əl gəzdirdiyi qərar 1993-cü ilin dekabrında qəbul edilib. O zaman bugünkü Konstitusiya mövcud deyildi.
 
1995-ci ildən etibarən istənilən Nazirlər Kabineti qərarları Konstitusiyaya ziddirsə tətbiq edilə bilməz. Çünki, 1993-cü ildə qəbul olunan qərarlar 1995-Konstitusiyasına görə ziddiyət varsa tətbiq edilməyəcəkdi. Bu qərarın yenilənməsi onun Konstitusiyaya uyğun yenilənməsini tələb edirdi.
 
Məsələnin mahiyyəti belədir:
 
1. Konstitusiynın 71-ci maddəsinin 9-cü bəndində deyilir ki, "IX. Hər kəs qanunla qadağan olunmayan hərəkətləri edə bilər və heç kəs qanunla nəzərdə tutulmayan hərəkətləri etməyə məcbur edilə bilməz.” Yəni qısacası, meşədə fərdlərin öz istifadəsi üçün meyvə toplamasını Qanun qadağan etməlidir. Nazirlər Kabineti qərar qəbul edərkən əgər "olmaz”, "qadağandır”, "cəriməsi var”- deyirsə, açıq hansısa Qanunun adına və müvafiq maddəsinə istinad etməlidir.
 
Konstitusiyanın 71-ci maddəsinin 10-cu bəndi də məhz Nazirlər Kabineti kimi qərarlar qəbul edənlərə xatırlatma edir: "X. Dövlət orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər” Yəni, siz səlahiyyətlərinizi Allahdan almırsız, Konstitusiyadan alırsız. Orada bütün meşələrdə giləmeyvə, meyvə, yarpaq toplamaq qadağandır yazılmayıbsa, o zaman qadağa və cərimə qoya bilməzsiz.
 
2. Məsələnin 2-ci tərəfi Qanunla nəyin nəzərdə tutulduğudur. 30 dekabr 1997-ci il-də qəbul edilən Meşə Məcəlləsinin 53-cü maddəsi deyir: Maddə 53. Fiziki şəxslərin meşələrdə olması Azərbaycanın qanunvericiliyi ilə başqa hallar nəzərdə tutulmadıqda, fiziki şəxslər haqqı ödənilmədən meşələrdə olmaq, şəxsi istifadələri üçün yabanı meyvə, giləmeyvə, göbələk, gərzəklilər və digər meşə sərvətləri, dərman bitkiləri, texniki xammal yığmaq, mədəni-sağlamlaşdırma, turizm və idman tədbirlərində iştirak etmək hüququna malikdirlər. Azərbaycanın Qırmızı kitabına düşmüş bitki və göbələk növlərinin, habelə təbii narkotik tərkibli bitki və digər xammalın yığılması, tədarükü qadağandır. Fiziki şəxslər meşədə yanğın təhlükəsizliyi qaydalarına əməl etməyə, ağacların və kolların zədələnməsinə, sındırılmasına, kəsilməsinə, meşə əkinlərinin korlanmasına, meşələrin zibillənməsinə, qarışqa və quş yuvalarının dağılmasına yol verməməyə, habelə Azərbaycan qanunvericiliyinin digər tələblərinə riayət etməyə borcludurlar. Fiziki şəxslərin ov etmək məqsədilə meşələrdə olması bu Məcəllə və müvafiq qanunvericilik ilə tənzimlənir. Fiziki şəxslərin meşədə olması və meşə sərvətləri yığması Azərbaycan qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yanğın təhlükəsizliyi, meşə toxumçuluğu, yabanı meyvə və digər meşə sərvətləri tədarükü ilə əlaqədar olaraq qoruq meşələrində milli parklarda və xüsusi mühafizə edilən ərazilərdə isə onlar üçün müəyyən edilmiş xüsusi qaydaya müvafiq olaraq məhdudlaşdırıla və qadağan edilə bilər. Deməli, Məcəllə nəyi qadağan edir: Qırmızı kitaba düşənləri, Narkotik tərkibli bitkiləri, Bitkilərin və ağacların zədələnməsini Ayrıca qoruq meşələrində milli parklarda və xüsusi mühafizə edilən ərazilərdə müəyyən məhdudlaşdırma və qardağa mümkündür. İndi gələk Nazirlər Kabinetinin dünənki qərarına. Qərarda bu istisnaları görmürük və bəhs edilən meşə meyvələrinin, yarpaqlarının toplanmasını birbaşa meşəyə dəyən zərər hesab edilir və hər hansı fərdi istifadə üçün fiziki şəxslərin meşədən istifadəsini istisna kimi göstərmir. Xüsusi qoruqlardan, parklardan yox, bütün meşə təsərrüfatından bəhs edir. Odur ki, Qərar Konstitusiyaya və Meşə Məcəlləsinə ziddir”.
Təhsil Nazirliyi ötən gecə Şamaxıda baş verən zəlzələnin məktəblərə vurduğu ziyanla bağlı məlumat yayıb.

"Addim.Az" xəbər verir ki, nazirlikdən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, zəlzələ nəticəsində İsmayıllı rayonunda 1, Şamaxı rayonunda isə 4 məktəbdə çatlar əmələ gəlib.

Hazırda Təhsil Nazirliyinin nümayəndələri həmin məktəblərə baxış keçirirlər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraiti ilə bağlı xəbərdarlıq yayıb.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dekabrın 4-də arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var.

Dekabrın 5-i axşamdan 6-sı gündüzədək bəzi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Bakıda və Abşeron yarımadasında dekabrın 4-də arabir yağış yağacağı gözlənilir, yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Şimal-şərq küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 7-9, gündüz 11-13 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu təşkil edəcək, nisbi rütubət 80-90 faiz olacaq.

Bölgələrdə də bəzi yerlərdə arabir yağış yağacağı, gündüz yağışda fasilə olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 4-9, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti təşkil edəcək.

Dekabrın 4-5-də Abşeron yarımadasında rütubətli hava şəraitinin üstünlüyü meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

 

50 -dən səhifə 50
Top