SOSİAL (909)

Azərbaycanda şənbə günü gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralın 23-də havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 2-5, gündüz 9-11, Bakıda gecə 3-5, gündüz 9-11 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu, nisbi rütubət 55-65 faiz olacaq.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 1-6, gündüz 10-15, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 4-8 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza gəlincə, fevralın 23-24-də Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi və zəif küləklərin üstünlüyü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Nazirlik xəbərdarlıq edir ki, fevralın 25-də əsasən şimal və şərq rayonlarında yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

 

“Son vaxtlar yol-nəqliyyat hadisəsinə düşən sürücülər şikayətlənirlər ki, bəzi sığorta şirkətləri hadisənin sadələşdirilmiş (protokol) qaydasında sənədləşməsini qəbul etmirlər, müvafiq şərtlər olsa da, deyirlər ki, gedin DYP-dən arayış (forma 4 kimi məşhur olan) gətirin. Belə yanaşma sadəcə qanun pozuntusu yox, həm də sığortaçının və ya onun məsul əməkdaşının öz müştərisinə hörmətsizliyi, ən nəhayətdə sığorta şirkətlərinə etimada zərbədir”. 

 

Cebhe.info xəbər verir ki, bunu yol-nəqliyyat eksperti Ərşad Hüseynov deyib. O qeyd edib ki, belə sadələşmiş sənədləşmənin şərtləri “İcbari sığortalar haqqında” Qanunda (58-ci maddə) çox aydın yazılıb və aşağıdakı kimidir: 

 

 

 

“1. Hadisə 2-dən artıq olmayan nəqliyyat vasitəsinin iştirakı ilə baş verib; 

2. Hadisənin baş verməsində təqsirli olan sürücünün müəyyən edilməsi üzrə tərəflər arasında mübahisə yoxdur; 

3. Hadisə nəticəsində sağlamlığa zərər dəyməyib (yəni yalnız maddi ziyan var); 

4. Dəymiş zərərin həcminin 1000 manatdan çox olmaması hadisə iştirakçıları və sığortaçı tərəfindən ağlabatan şəkildə ehtimal edilir. Burada söhbət əvəzində sığorta təminatı veriləcək zərərdən gedir, yəni məsələn, təqsirkar sürücüyə dəyən zərər bura daxil deyil. Bu 4 şərtin hamısı varsa, məşhur forma 4 arayışına ehtiyac yoxdur. Sığorta əməkdaşı belə hallarda sürüclərə izah etməlidir ki, gəlin, oturun, bu protokolu doldurun, imzalayın, hər şey həll olunsun. Hətta onlara bunun üçün kömək də etməlidir. Protokolun hazır blankı (onun forması Maliyyə Nazirliyi tərəfindən təsdiq olunub) hər bir sığorta şirkətində var. Eşitdiyimə görə, belə sadələşmiş formadan ən çox “hadisə mübahisəlidir” bəhanəsi ilə imtina olunur. Amma qanunda aydın şəkildə yazılıb ki, təqsirli olan şəxsin müəyyən edilməsi üzrə tərəflər arasında mübahisə olmasın. Hər iki sürücü protokol formasını tələb edirsə, deməli, təqsir məsələsində mübahisə yoxdur. Müşahidələrimiz göstərir ki, xeyli hadisələrdə belə mübahisə olmur, sürüclər günahkarın kim olduğunu dərhal müəyyən edirlər”. 

 

Ekspert digər bir məqama da diqqət çəkib. O deyib ki, istənilən yol-nəqliyyat hadisəsi barədə DYP-yə məlumat verilməlidir və DYP orqanı da qanuna uyğun olaraq təqsirli sürücü barəsində inzibati tənbeh (daha çox cərimə) tətbiq edərək qərar çıxarmalıdır: 

 

“Bu qərarın olması heç bir halda o demək deyil ki, sürücülər öz aralarında təqsir məsələsini həll edə bilməyiblər və bunu DYP həll edib. Əgər təqsirkar sürücü DYP-nin bu qərarından şikayət edərsə, onda mübahisə olduğunu demək olar. Əsas odur ki, protokolu dolduranda hər iki sürücü altında imza çəkir, özü də biri zərəçəkmiş kimi, digəri də təqsirkar kimi… Protokol qaydasında sənədləşmə mümkün olan halda bunun əngəllənməsi və sürücünün problemlərlə dolu bürokratiya mexanizmini keçərək DYP-dən arayış almağa məcbur edilməsi ciddi qanun pozuntusudur. Ümumiyyətlə isə həmin arayışın dövriyyədən çıxarılması və elektron məlumat mübadiləsi ilə əvəzlənməsi çoxdan edilməlidir. Bu məsələdə çox gecikirik. Bunun üçün texniki problem də yoxdur. Hamı bilir ki, DYP və İSB arasında inteqrasiya çoxdan var, sığortası olmayan sürücülər elektron qaydada cərimələnir. Belə olan halda hadisə barədə müvafiq məlumatı dərhal və onlayn qaydada DYP-dən müvafiq sığortaçıya ötürməyin nə problemi olmalıdır? Düşünürəm ki, tezliklə xırda qanunvericilik düzəlişini edib, belə məlumat mübadiləsini real təmin etmək lazımdır”. 

"Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyi Bakının qəsəbədaxili yollarının təmirini planlaşdırır. Addim.az modern.az-a istinadla xəbər verir ki, bunu "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.

 

Onun sözlərinə görə, hazırda Bakının 11 rayonunda yolların təmirinə start verilib:

 

"Bakıda abadlıq işləri vüsət alıb. Artıq Xəzər, Binəqədi, Sabunçu, Xətai, Qaradağ, Nəsimi rayonlarının ərazisində bərbad vəziyyətdə olan yolların yenidən qurulmasına başlanılıb. Həmin yollar üzərində yeraltı və yerüstü piyada keçidlərinin inşası bu il başa çatdırılacaq".

 

O qeyd edib ki, gələcəkdə qəsəbədaxili və məhəllələrarası yolların yenidən təmir olunması da var.

 

S.Məmmədovun sözlərinə görə, Bakı-Quba yolunun Gəndobdan Hacı Zeynəlabdin Tağıyev qəsəbəsinə qədər olan hissəsi bu il yenidən qurulacaq.

 

O bildirib ki, hazırda həmin yolda təmir-bərpa işləri aparılır: "Bu yolda vaxtilə yoilun çəkilişində bəzi texnoloji məsələlərə riayət olunmayıb. Digər tərəfdən isə həmin beton yolda ağır tonlu yük maşınlarının hərəkətinin tənzimlənməsinə zəif nəzarət olunduğundan bu yolun Gəndob qəsəbəsindən Hacı Zeynəlabdin Tağıyev qəsəbəsinə qədər olan hissəsində müəyyən qüsurlar yaranıb. Biz hazırda bu yolda yaranan qüsurların aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər görürük. Müəyyən hissəslərdə isə bu il təmamilə bərpa və yenidənqurma işləri görəcəyik".

 

S. Məmmədov bildirib ki, həmin beton yolun asfaltla əvəz olunması nəzərdə tutulmayıb: "Beton yolu hissə-hissə bərpa edəcəyik".

 

“Prezident İlham Əliyevin sosial inkişafın təmin edilməsinə yönələn fərman və sərəncamları uşaqların dövlət qayğısı ilə əhatə olunması tədbirlərinin də güclənməsinə imkan yaradıb”.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov bizimyol.info-nun soruğusuna cavabında bildirib.

O, qeyd edib ki, bu siyasətin əsas istiqamətlərindən biri də müvafiq kateqoriyalardan olan uşaqların sosial müdafiəsinə yönəlib: “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sağlamlıq imkanları məhdud uşaqlar, müharibə əlilləri və şəhid ailələrinin, I və II qrup Çernobıl AES əlillərinin, müddətli hərbi xidmət qulluqçularının uşaqları, ünvanlı dövlət sosial yardımı alan aztəminatlı ailələrdəki 1 yaşınadək uşaqlar aylıq sosial müavinətlə təmin olunurlar”.

F.Talıbov bildirilib ki, Prezidentin “Beşdən çox uşağı olan qadınlara müavinətin məbləğinin müəyyən edilməsi haqqında” 27 dekabr 2013-cü il tarixli Fərmanı uşaqlara dövlət qayğısının artırılmasının növbəti nümunəsi olmaqla, çoxuşaqlı anaların sosial müdafiəsinin gücləndirilməsində mühüm rol oynayıb: “Həmin Fərmana əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən beşdən çox uşağı olan qadınların 18 yaşına çatmamış uşaqlarının hər birinə görə aylıq sosial müavinət verilir.

Bundan əlavə “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununda uşağın anadan olmasına görə birdəfəlik müavinət verilir. Qanunvericiliyə uyğun olaraq uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara da müavinət ödənilir”.

Bakı şəhəri, Səbail rayonu, Bayıl sürüşmə zonasında yerləşən 98 ev söküləcək.

"Ölkə.Az"ın xəbərinə görə, yaxın müddətdə bununla bağlı müvafiq qərar qəbul ediləcəyi gözlənilir. Hazırda Nazirlər Kabineti və Səbail Rayon İcra Hakimiyyəti qərar layihəsi üzərində iş aparır.

Söküləcək evlərdən 71-nin sahibinə kompensasiya verilməsi planlaşdırılır. Digər 27 evin isə məcburi köçkünlərə məxsus olduğu əsas gətirilərək onlara kompensasiya ödənilməyəcəyi, dövlətin məcburi köçkünlər üçün tikdiyi evlərdə yerləşdiriləcəyi bildirilib.

Məcburi köçkünlər isə həmin evlərin onların mülkü olduğunu əsas gətirərək kompensasiya verilməsini istəyirlər. Onlar bu məsələ ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə də müraciət edib.

Xatırladaq ki, 2018-ci ilin yanvar ayının sonuncu ongünlüyündən etibarən Bayıl yamacında, Teleqüllənin yaxınlığındakı mövcud sürüşmə zonasında aktivlik başlayıb, növbəti günlərdə bir neçə ev dağılıb. Bayıl yaşayış massivində baş vermiş sürüşmə hadisəsi ilə əlaqədar Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb.

Fevralın 22-nə gözlənilən hava şəraiti açıqlanıb.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən aməlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq, axşam arabir güclənəcək.
 
Havanın temperaturu Abşeron yarımadasında gecə 3-6, gündüz 8-11, Bakıda gecə 4-6, gündüz 8-10 dərəcə isti təşkil edəcək.
 
Atmosfer təzyiqi normadan yüksək 762 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-70 , gündüz 50-55 faiz olacaq.
 
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 3-7 dərəcə isti təşkil edəcək.
 
Tibbi-meteoroloji proqnoza gəlincə, fevralın 22-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

 

Dövlət Tikinti və Şəhərsalma Komitəsi və "ASAN xidmət" birlikdə "Ekspertizanın keçirilməsi tələb olunmayan tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsi" üçün elektron sistem yaradıb.

Addim.az oxu.az-a istinadla xəbər verir ki, Komitənin aparat rəhbəri Anar Quliyevin sözlərinə görə, tikintiyə icazə indikatoru üzrə Azərbaycan "Doing Business" sistemində 100 pillə irəliləyib.

Təsdiq edilən yeni qayda ilə tikintiyə icazə üzrə tələb olunan sənədlərin sayı 18-dən 7-yə, xərclər 6700 manatdan 1500 manata düşüb.

Eyni zamanda, icazənin alınması üçün vaxt 116 gündən 35 günə salınıb.

"Sahibkar-məmur əlaqəsini minimuma endirməklə, şəffaflığa nail olmağa çalışırıq.

Bu gündən fəaliyyətə başlayan sistemə müraciət edildikdən 10 gün ərzində istismara icazə almaq mümkün olacaq. Sahəsi kiçik olan birmərtəbəli, aşırımlarının uzunluğu böyük olmayan binaların istismardan keçməsi tələb olunmur", - deyə A.Quliyev vurğulayıb.

Onun sözlərinə görə, tədricən ekspertiza tələb olunan tikililərin qeydiyyatı ilə bağlı proseslər də elektronlaşdırılacaq.

Milli Məclisin deputatı Cavanşir Feyziyev ona məxsus olan "Porsche Cayenne GTS” markalı, 90 FC 111 dövlət qeydiyyat nişanlı avtomobillə fevralın 15-də Bakı şəhərinin Xəzər rayonunda baş vermiş ağır yol qəzasından danışıb.

"Ölkə.Az" xəbər verir ki, C.Feyziyev Demokrat.az-a açıqlamasında sözügedən "Porsche Cayenne GTS” markalı avtomobilin ona məxsus olduğunu təsdiqləyib. 

Deputat qəza törədilən zamanı sükan arxasında özünün deyil, sürücüsünün olduğunu bildirib:

"Qəza baş verən zaman mən Bakıda olmamışam. Mən ayın 12-dən Brüsseldə səfərdəyəm. Bakıya yeni qayıtmışam. Maşını idarə edən sürücüm olub. Adam qəza törədib, araşdırılır, kim günahkardırsa cəzasını da çəkəcək. Adətən, mən ölkədə olmayanda sürücüm öz maşınını idarə edir. Bu qədər illər ərzində birinci dəfədir ki, belə hadisə baş verir. Hesab edirəm ki, burada qeyri-adi nə isə yoxdur. Kim günahkardırsa, cəzasını çəkəcək. Qəza hər kəsin başına gələ bilər, heç kəs bu cür hadisələrdən sığortalanmayıb. Kimki yalandan deyir, guya qəza vaxtı mən sükan arxasında olmuşam və sairə, Allah özü onların cəzasını verəcək".

Cavanşir Feyziyev qəzaya düşən "Porsche Cayenne GTS” markalı avtomobilinin elə də bahalı olmadığını söyləyib:

"Məgər Bakıda cəmi bir-iki "Porsche” var? Bakıda minlərlə "Porsche” var. Digər tərəfdən isə "Porsche" nə vaxtdan bahalı maşın olub? "Porsche" orta qiymətə olan maşındır. Məgər deputatın "Porsche"-si ola bilməz? Burada qeyri-adi nə var?!".

Xatırladaq ki, qeyd edilən qəza Xəzər rayonu Qala qəsəbəsi ərazisində baş verib. Belə ki, “Porsche Cayenne GTS” markalı, 90 FC 111 dövlət qeydiyyat nişanlı avtomobil Mərdəkan istiqamətində hərəkət edərkən 40-45 yaşlı qadını vurub. Zərbənin gücündən yolun əks istiqamətinə düşən qadın “Wolksfagen Passat” markalı, 99 CD 689 nömrə nişanlı avtomobilin altında qalıb və yerindəcə keçinib.

İlkin araşdırmalar zamanı ölən qadının 1975-ci il təvəllüdlü Hüseynova Sevinc Cabir qızı olması müəyyənləşdirilib. 

Hadisə ilə bağlı mediada yayılan məlumatda bildirilir ki, qəzanı törədən Abbasov Fərdi Həsənağa oğlu “Avromed” MMC-də çalışır və avtomobil də həmin şirkətin adına qeydiyyatdadır. 

“Qadını vuran “Porsche Cayenne GTS” markalı avtomobilin üzərindəki 90 FC 111 dövlət qeydiyyat nişanının müxtəlif vaxtlarda başqa avtomobillərin də üzərinə taxıldığı məlum olub” – deyə yayılmış məlumatlarda bildirilir. 

Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, qohumu İsmayıl Hidayətzadə, sabiq deputat Dünyamin Xəlilov, Camal Həsənov, Sərxan Rəsulov, Natiq İmanov, Samir Hacıyev, Təbriz Əbdülhəmidov, Mahir Qafarov, Sadıx Murtuzayev, Tərlan Məhərrəmov, Fəxrəddin Heybətov, Ramin Əhmədov, Fariz Muradov, Səlahəddin Qədirov, Erxan Cavad, Arif Ramazanov, Navai Şirinov, Svetlana Əsədullayeva, Arif Mədətov, Adil Mikayılov, Ramis Kərimovun cinayət işi üzrə məhkəmə iclası davam edir.

Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə ifadə verən təqsirləndirilən Nəvai Şirinov olduqca ilginc ifadə verib. Aydın olub ki, 500-600 manat maaş alan təqsirləndirilənin adına 23 milyon manatdan artıq kredit götürülüb.

Onun ifadəsinə diqqət edək.

Sitat: “007-ci ildə ”General Consalting" şirkətində direktor kimi fəaliyyətə başladım. Məni bu vəzifəyə Dünyamin Xəlilov gətirmişdi. Onu 2005-ci ildə deputatlığa namizəd olan zaman tanımışam. Şirkətimiz tikinti işi ilə məşğul idi. Mən sonradan podratçı “Kənan İnşaat” şirkəti ilə işləməyə başladım və Beynəlxalq Bankdan kredit götürdüm. Forma 2 podratçı şirkətdən gəlirdi, mən də imzalayırdım. Adıma bir neçə kredit xətti açılmışdı. 2010-cu ilə qədər Beynəlxalq Bankın Zaqatala filialından kredit götürmüşəm. Əvvəl 300 min, sonra 450-800 min manat kredit götürülüb. Kredit müqaviləsi hazır formada gəlirdi və mən də imzalayırdım. 2010-cu ildən sonra isə Bakıya gəldim".

N.Şirinov məhkəmədə deyib ki, adına Beynəlxalq Bankdan ümumilikdə 23 milyon 53 min manat kredit götürülüb: “Məbləğlərin şişirdilməsi ilə razı deyiləm. İttihamda qeyd edilib ki, 2 milyondan çox şişirdilmə olub, həmin pulları mənimsəmədə təqsirləndirilirəm. Hazırda pulları ödəmək fikrim yoxdur”.

Təqsirləndirilən şəxs bildirib ki, D.Xəlilovun şirkətində direktor vəzifəsində çalışan zaman 300-600 manat arası maaş alıb: “Elə olurdu ki, heç maaş da ala bilmirdim”.

Daha sonra ifadə verən digər təqsirləndirilən Camal Həsənov bildirib ki, D.Xəlilovun göstərişi ilə Azərbaycan Beynəlxalq Bankından adına kredit götürülüb, pulu isə şirkətin kassiri Əli Muradova verib. Hazırda o, 8 milyon manatdan artıq pulu mənimsəmədə təqsirli bilinir.

Məhkəmənin bu şəxslərlə bağlı verəcəyi qərar da maraq doğurur. Bu adamlar, sadəcə, işçi olublar. Aydındır ki, onlar istəsəydilər belə nəinki 23 milyon, heç 20 min manat kredit ala bilməzdilər. Belədə barələrində ağır cəzaların verilməsi ədalət məhkəməsi adına rəzalət olacaq.

Rəsmi məlumata əsasən, aparılmış istintaqla 2001-2015-ci illərdə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş C.Hacıyevin göstərişləri əsasında ayrı-ayrı ölkələrdə yaradılmış hüquqi şəxslərlə real dəyəri olmayan sadə veksellərin alqı-satqısına dair 3,4 milyard ABŞ dolları və 987 milyon avro məbləğində (müvafiq dövrün məzənnəsi ilə 3,8 milyard manat) müqavilələr bağlanılaraq qanunsuz veksel əməliyyatları aparılmasına dair əsaslı şübhələr müəyyən edilib.

Aparılmış istintaqla C.Hacıyevin tanışı Dünyamin Xəlilov, digər 20 nəfər və qeyriləri ilə birlikdə qanunsuz maliyyə əməliyyatları aparılan və real dəyəri olmayan veksellərin alınması, eləcə də təminatı olmayan kreditlərin verilməsi yolu ilə ümumilikdə 4,7 milyard manat məbləğində pul vəsaitini mənimsəmə və digər cinayətlər yolu ilə 2,5 milyard manat hissəsini ələ keçirməklə cinayət yolu ilə əldə edilmiş həmin vəsaitin 2 milyard manatını leqallaşdırmasında, digər 2,2 milyard manat məbləğində pul vəsaitinin isə müxtəlif əməliyyatlara yönəltməklə “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib. Xatırladaq ki, C.Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il, D.Xəlilov 13 il və İ.Hidayət-zadə isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə D.Xəlilovun cəzası 13 ildən 12 il 9 aya, Ali Məhkəmə isə İ.Hidayət-zadənin cəzasını 5 ilə endirib.
“Yeni Müsavat”
 

 "Ölkələrimiz - Rusiya və Azərbaycan, Çeçenistan və Azərbaycan arasında mövcud olan münasibətlər, əməkdaşlıq və dostluq son illərdə baş verən hadisələrlə sübut edilən ənənəvi tarixi əlaqələrdir. Bu onu göstərir ki, bizim dostluğumuzu pozmaq çətindir".

"Report" xəbər verir ki, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu azərbaycanlı və çeçen ağsaqqalların görüşündə deyib.

"Təəssüf ki, münasibətləri pozmağa səy göstərən üçüncü qüvvələr var. Onlar cəhd edirlər, amma biz buna qarşı çıxacağıq və bu qarşıdurma rəhbərlərimizin iradəsinə, xalqlarımızın iradəsinə, çeçen və Azərbaycan xalqlarının təcrübədən keçmiş dostluğuna əsaslanır. Bu günlərdə bu məsələdə iştirak edən və təxribatın miqyasının artmasına imkan verməyən hər kəsə minnətdarlığımı bildirirəm. Bunu edənlər və olayı qızışdıranlar cəzalandırılmalıdır", - deyə səfir bu yaxınlarda Rusiyada azərbaycanlılar və çeçenlər arasında baş vermiş insidenti şərh edərkən bildirib.

Fevralın 20-də Bakı və Abşeron yarımadasında yağıntının səhər tədricən kəsiləcəyi, gün ərzində havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi günün ikinci yarısında cənub-qərb küləyi ilə əvəz olunacaq.
 
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatında deyilir.
 
Havanın temperaturu Abşeron yarımadasında gecə 1 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-7 dərəcə isti, Bakıda gecə 1 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 5-7 dərəcə isti təşkil edəcək.
 
Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu, nisbi rütubət gecə 85-95, gündüz 60-70 faiz təşkil edəcək.
 
Fevralın 19-dan 20-nə keçən gecə bəzi şəhərətrafı və nisbətən yüksək ərazilərdə yolların buz bağlama ehtimalı var.
 
Rayonlarda hava əsasən yağmursuz keçəcək, lakin gecə və səhər əsasən şimal və şərq rayonlarında yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək.
 
Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz  6-11 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti təşkil edəcək. Gecə və səhər saatlarında dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.
Milli Məclisin bugünkü iclasında "Əmək pensiyaları haqqında” qanuna dəyişiklik sənədi müzakirəyə çıxarılıb. 
 
Anews.az xəbər verir ki, iclasda Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli qanun layihəsinə təklif olunan dəyişiklik barədə məlumat verib.
 
H.Rəcəli vurğulayıb ki, qanun layihəsi Prezident İlham Əliyev tərəfindən parlamentə daxil olub.
 
"Bu qanun layihəsi cəmiyyət tərəfindən yüksək dəyərləndirilir. Hesab edirəm ki, bu qanuna dəyişiklik vətəndaşların sosial rifahına yüksək təsir göstərəcək”.
 
Layihəyə əsasən, "Əmək pensiyaları haqqında” qanunun 6-1-ci maddəsinin (Əmək pensiyasının minimum məbləği) mətni yeni redaksiyada verilir: 
 
"Əmək pensiyasının minimum məbləği 2019-cu il 1 mart tarixindən 160 manat məbləğində müəyyən olunur. Təyin edilən əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir”.
 
Müzakirələrdən sonra Milli Məclis əmək pensiyasının minimum məbləğinin 116 manatdan 160 manata qaldırılmasına səsə verib.
 
Beləliklə, bu dəyişiklik nəticəsində Azərbaycanda əmək pensiyalarının minimum məbləği 116 manatdan 160 manata çatdırılıb ki, bu da 233 min nəfərin pensiyasında artıma səbəb olacaq. 
 
9 min nəfərin pensiyasında 93 faiz (75 manat), 26 min nəfərin pensiyasında 30 faiz (37 manat), 74 min nəfərin pensiyasında 16 faiz (27 manat) və s. artım olacaq.
 
Pensiyanın minimum məbləğinin artımı 2019-cu il 1 mart tarixindən hesablanacaq.
Mərkəzi Rusiyadan hərəkət edən siklonun təsiri nəticəsində axşama doğru Bakıda və Abşeron yarımadasında havanın temperaturu 0 dərəcəyə yaxınlaşacaq.
 
Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.
 
Onun sözlərinə görə, dünənlə müqayisədə bu gün Bakıda və Abşeron yarımadasında havanın temperaturu kəskin, yəni 8-10 dərəcə enib: "Axşama doğru havanın temperaturu 0 dərəcəyə yaxınlaşacağından Bakıətrafı ərazilərdə və şəhərin nisbətən yüksək ərazilərində zəif qar örtüyü əmələ gələ bilər. Fevralın 19-dan 20-nə keçən gecə şəhərətrafı yolların buz bağlama ehtimalı var".
 
Gün ərzində əlverişsiz, yağıntılı hava şəraitinin davam edəcəyini deyən U.Tağıyeva qeyd edib ki, sabahdan hava şəraiti sabitləşəcək. Əksər rayonlarda, eləcə də Abşeron yarımadasında yağıntıların tədricən kəsiləcəyi gözlənilir.
 
Hazırda Bakıya yağan qarın paytaxt üçün ilk qar hesab edilmədiyini söyləyən departament direktoru builki qış mövsümü ərzində Bakıda və Abşeron yarımadasında bir neçə dəfə sulu qarın yağdığını nəzərə çatdırıb.
 
U.Tağıyeva əlavə edib ki, Mərkəzi Rusiyadan hərəkət edən siklon respublikanın əsasən şimal və şərq rayonlarına öz təsirini göstərib. Bu gecə ərzində əsasən şimal rayonlarında – Quba, Şabran, Altıağac, Xaçmaz, Qəbələ və İsmayıllıda yağıntılar qar şəklində düşüb: "Neftçala, Salyan, Biləsuvar, Yardımlı, Astarada yağıntılı hava şəraiti müşahidə edilib. Bakıda və Abşeron yarımadasında düşən yağıntının miqdarı 5 mm təşkil edib ki, bu da aylıq normanın 23-24 faizini təşkil edir".
 
O deyib ki, respublikanın bir sıra rayonlarında - Ağstafa, Mingəçevir, Tovuz, Gəncə, Yevlax, Quba, Ağsu, Ağdam və Sabirabad rayonlarında külək güclənib. Küləyin maksimal sürəti saniyədə 25-28 metr olub. Bakıda və Abşeron yarımadasında küləyin maksimal sürəti saniyədə 20 metrə çatıb.

Bu gün - fevralın 19-da Milli Məclisin növbəti iclası keçiriləcək. Addim.az modern.az-a istinadla xəbər verir ki, iclasın gündəliyinə 27 məsələ daxil edilib.

Qeyd edək ki, müzakirəyə çıxarılan əsas qanun layihələrindən biri pensiyalarla bağlıdır. Belə ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə əmək pensiyasının minimum məbləğinin əhəmiyyətli şəkildə artırılmasına dair qanunvericilik layihəsi hazırlanaraq Milli Məclisə təqdim olunub.

Layihəyə əsasən, "Əmək pensiyaları haqqında" qanunun 6-1-ci maddəsinin (Əmək pensiyasının minimum məbləği) mətni yeni redaksiyada verilir:

"Əmək pensiyasının minimum məbləği 2019-cu il 1 mart tarixindən 160 manat məbləğində müəyyən olunur. Təyin edilən əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir".

Maddənin hazırki mətni isə belədir: "Əmək pensiyasının minimum məbləği 2017-ci il 1 iyul tarixindən 110 manat məbləğində müəyyən olunur".

Dəyişiklik layihəsi bu gün deputatların müzakirəsinə çıxarılacaq.

Bu dəyişiklik nəticəsində Azərbaycanda əmək pensiyalarının minimum məbləği 116 manatdan 160 manata çatdırılacaq və nəticədə 233 min nəfərin pensiyasında artım olacaq.

Ümumilikdə 233 min pensiyaçıdan (o cümlədən 140 min nəfər əlilliyə görə pensiya alan şəxs) 9 min nəfərin pensiyasında 93 faiz (75 manat), 26 min nəfərin pensiyasında 30 faiz (37 manat), 74 min nəfərin pensiyasında 16 faiz (27 manat) və s. artım olacaq.

Pensiyanın minimum məbləğinin artımı 2019-cu il 1 mart tarixindən hesablanacaq.

Milli Məclisin bu gün müzakirə edəcəyi qanun layihələri aşağıdakılardır:

1. Milli Məclisin Gənclər və idman komitəsinin tərkibində dəyişiklik edilməsi haqqında;

2. "Kitabxana işi haqqında" qanun layihəsi (III oxunuş);

3. Əmək Məcəlləsinə dəyişiklik;

4. "Dövlət rüsumu haqqında" qanun layihəsi (III oxunuş);

5. "Patent haqqında" qanun layihəsi (III oxunuş);

6. "Üzümçülük və şərabçılıq haqqında" qanuna dəyişiklik;

7. "Azərbaycan Respublikasında Dövlət dili haqqında" qanuna dəyişiklik;

8. Cəzaların İcrası Məcəlləsinə dəyişiklik;

9. İnzibati Xətalar Məcəlləsinə dəyişiklik;

10. "Milli Məclisin komitələri haqqında" qanun layihəsi (IIIoxunuşda);

11. "Azərbaycan Respublikasının Dövlət Gerbinin istifadə qaydası haqqında" qanun layihəsi (IIIoxunuşda);

12. "Azərbaycan Respublikasının Dövlət Himninin istifadə qaydası haqqında" qanun layihəsi (III oxunuşda);

13. "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanun layihəsi (II oxunuşda);

14. "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanun layihəsi (II oxunuşda);

15. "Gənclər siyasəti haqqında" qanun layihəsi (II oxunuşda);

16. "Reklam haqqında" (II oxunuşda);

17. Əmək Məcəlləsinə dəyişiklik;

18. "Kitabxana işi haqqında" qanun layihəsi (II oxunuşda);

19. "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanun layihəsi (I oxunuşda);

20. İnzibati Xətalar məcəlləsinə dəyişiklik;

21. "Ümumi təhsil haqqında" qanun layihəsi (II oxunuşda);

22. "Telekommunikasiya haqqında" qanun layihəsi (I oxunuşda);

23. Cinayət Məcəlləsinə dəyişiklik;

24. Mülki Prosessual Məcəlləsinə dəyişiklik;

25. "İpoteka haqqında" qanun layihəsi (I oxunuşda);

26. "Əmanətlərin tam sığortalanması haqqında" qanuna dəyişiklik;

27. "Əmək pensiyaları haqqında" qanuna dəyişiklik.

Yaxın aylarda Azərbaycanda indeksasiya nəticəsində orta aylıq əmək pensiyası 5% artacaq.
Oxu.Az xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev məlumat verib. Onun sözlərinə görə, indeksasiya tətbiq edildikdən sonra orta aylıq pensiya məbləği 222 manatdan 228-229 manata, yaşa görə orta aylıq pensiya isə 240 manatdan 250 manata qalxacaq.
"233 min pensiyaçının əmək pensiyasının minimum məbləğinin 160 manatadək artırılacağını nəzərə alsaq, yaxın aylarda orta aylıq əmək pensiyasının 5% artacağını proqnozlaşdırmaq olar. Real mənzərə ilin ortalarında aydın olacaq”, - deyə nazir bildirib. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi 19 fevralda gözlənilən hava şəraitini açıqlayıb. 
 
Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yağışın sulu qara keçəcəyi gözlənilir. Şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.
 
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə və gündüz 2-3 dərəcə isti olacaq, gecəyə doğru 0-yə yaxınlaşacaq.
 
Atmosfer təzyiqi 759 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz təşkil edəcək.
 
Azərbaycanın rayonlarında arabir yağış, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi şimal və şərq rayonlarında intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturu gecə 0-4, gündüz 5-8 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 2-5 dərəcə isti təşkil edəcək.
 
Tibbi-meteoroloji proqnoz
 
Fevralın 19-da Abşeron yarımadasında havanın təzadlı dəyişəcəyi, xəzri küləyinin güclənəcəyi və yağıntılı hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.
 
Xəbərdarlıq
 
Bakıda və Abşeron yarımadasında fevralın 18-dən 19-na keçən gecədən başlayaraq fevralın 20-dək hava şəraitinin dəyişəcəyi, yağışın sulu qara keçəcəyi gözlənilir. Şimal küləyinin sürəti 15-20 m/s olacaq, arabir 23-25 m/s-dək güclənəcək. Havanın temperaturu fevralın 19-da ötən günlə müqayisədə 6-8 dərəcə aşağı enəcək, gün ərzində 2 dərəcəyə yaxın isti olacaq.
 
Azərbaycanın rayonlarında fevralın 18-i axşamdan 20-si səhərədək əsasən şimal və şərq rayonlarında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, ayrı-ayrı rayonlarda intensiv olacağı gözlənilir. Qərb küləyi bəzi yerlərdə arabir 20-25 m/s-dək güclənəcək. Havanın temperaturu fevralın 19-da ötən günlə müqayisədə 5-7 dərəcə aşağı enəcək

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti gecədən başlayaraq ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib.

Addim.az-ın xəbərinə görə, Baş Dövlət Yol Polisi İdarəsi bununla əlaqədar sürücülərə müraciət edib.

Qeyd olunub ki, yollarda yarana biləcək yol qəzaları və diqər xoşagəlməz halların qarşısının alınması üçün, avtomobilləri idarə edərkən sürücülər diqqətli olmalıdırlar.

Həmçinin bəzi yolların buz bağlama ehtimalının nəzərə alaraq, idarə etdikləri nəqliyyat vasitələrinin hərəkət sürətini hava şəraitinə uyğun seçmələri, zərurət olmadan ötmə əməliyyatı aparmamaları və qəfil manevrlər eləcədə kəskin tormazlama etməmələri tövsiyə olunur.

"Qarlı, buzlu yollarda sürücülük təcrübəsi az olan sürücülərin belə hava şəraitində avtomobil idarə etmələrinin onların özləri eləcədə digər hərəkət iştirakçılarının həyat və sağlımlığı üçün təhlükə yaratma ehtimalının yüksək olması nəzərə alınaraq, qeyd olunan hava şəraitində sükan arxasına əyləşməmələri xahiş olunur"-deyə bildirilib.

Bakı şəhəri üzrə pensiyaların verilməsinə başlanılıb.

Addim.Az azvision.az-a istinadən xəbər verir ki, pensiyalar yanvar və fevral ayları üzrə nəzərdə tutulan artımla birlikdə verilir.

Ümumilikdə isə bir neçə gün ərzində ölkə üzrə pensiyaların verilməsi prosesi başa çatdırılacaq.

 

Qeyd edək ki, Azərbaycanda əmək pensiyalarının minimum məbləği 160 manata qaldırılıb. Belə ki, yanvarın 1-nə olan məlumata görə, Azərbaycanda orta aylıq əmək pensiyası 222 manat, yaşa görə pensiya 240 manat idisə, 3 faizli indeksasiya tətbiq edildikdən sonra orta aylıq pensiya 229, yaşa görə orta aylıq pensiya 250 manat olub.

 

Əmək pensiyalarının minimum məbləği 116 manatdan 160 manata qaldırılır.

Bu barədə Oxu.Az-a açıqlamasında Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin sədri, professor Hadi Rəcəbli məlumat verib.

Onun sözlərinə görə, bu da təxminən 38 faiz artım deməkdir:

“Bu artımdan 233 min pensiyaçımız yararlanacaq ki, onların doqquz mininin pensiyası, ümumiyyətlə, iki dəfə artmış olacaq.

Eyni zamanda, bu 233 minin içində əlilliyə görə pensiya alanlarımızın sayı daha çox üstünlük təşkil edəcək. Bu artım üçün dövlət büdcəsindən 41 milyon manatın ayrılması nəzərdə tutulur və bu artım bütövlükdə martın 1-dən qüvvəyə minəcək. Gələn il isə bu artımın məbləği 49 milyon manat təşkil edəcək.

                                                         Hadı Rəcəbli

Qeyd edim ki, bununla bağlı qanun layihəsi məhz qanunvericilik təşəbbüsünün subyekti-ölkə prezidenti cənab İlham Əliyev tərəfindən parlamentə göndərilib. Həmçinin, qanun laihəsi müvafiq şəkildə komitəmizin gündəliyinə daxil edilmişdi. Biz də onu parlamentin fevralın 19-da keçiriləcək növbəti plenar iclasına tövsiyə etdik. İnşallah, ayın 19-da həmin məsələ müzakirələrdən sonra qəbul ediləcək və hüquqi qüvvəsinə minməsi, imzalanması üçün ölkə prezidenti cənab İlham Əliyevə göndəriləcək.

Bu, çox böyük və çox mütərəqqi addımdır. Bir neçə gün öncə ölkə başçısının fərmanı ilə ölkədə minimum əməkhaqqı birdən-birə 50 manat artırıldı, yəni minimum əməkhaqqı 130 manatdan 180 manata qaldırıldı.

Bu artım həm də özəl sektora öz təsirini göstərəcək, burada çalışanların minimum əməkhaqqı 180 manat məbləğində olacaq. İndi isə növbəti addım olaraq, pensiyalar 116 manatdan 160 manata qaldırılır ki, bunun özü də çox böyük addım və hadisədir. Bu, Azərbaycan dövlətinin öz vətəndaşlarına olan münasibətinin daha bir bariz nümunəsidir”.

Ötən il dekabr ayının sonunda MDB ölkələrində 1365,1 min işsiz olub.

Addim.Az report-a istinadən xəbər verir ki, bu, MDB Dövlətlərarası Statistika Komitəsinin məlumatına görə, öncəki ayla müqayisədə 20 min daha çoxdur.

Azərbaycan işsizlərin sayına görə MDB-də ən aşağı səviyyədə olanlar sırasındadır - 20,1 min nəfər.

İşsizlərin sayının ən az olduğu ilk üç ölkə həmçinin Belarus (12,5 min nəfər) və Moldova (18,7 min nəfər) var.

Tacikistanda işsizlərin sayı 51,8 min, Ermənistan 64,6 min, Qırğızıstanda 70,9 min, Qazaxıstanda 91,6 min, Ukraynada 341,7 min, Rusiyada isə 693,2 min nəfər təşkil edib.

 

Bir il ərzində Qazaxıstanda, Qırğızıstanda və az da olsa, Tacikistanda işsizlərin sayı artıb. Digər ölkələrdə say azalması baş verib. Ümumilikdə isə MDB-də işsizlik səviyyəsi 6,6% azalıb.

Ötən aya nisbətən isə ümumi işsizlik səviyyəsi Ukrayna, Tacikistan, Rusiya, Moldova və Qırğızıstandakı artım səbəbiylə 1,5% artıb.

Qeyd edək ki, 2018-ci il noyabr ayının sonunda MDB-də işsiz kimi cəmi 1,3 milyon nəfər qeydiyyatdan keçmişdi.

2018-ci ilin sonunda qeydiyyata alınmış işsizlik səviyyəsi belə olub: Belarus - 0,3%, Azərbaycan - 0,4%, Rusiya - 0,9%, Qazaxıstan - 1%, Moldova - 1,3%, Tacikistan - 2,2% , Qırğızıstan - 2,8%. Ermənistan və Ukrayna barədə məlumat yoxdur.

44 -dən səhifə 46
Top