"AZAL" ləğv edilən reyslərə bilet almış müştərilərin pulunu qaytarmayıb
Xüsusi

17 Mart 2020

 

Koronavirus infeksiyası COVİD -19 ilə bağlı dünyadakı vəziyyət ilə əlaqədar Azərbaycanın milli aviadaşıyıcısının (AZAL) rəhbərliyi sərnişinlər istədikdə bütün ləğv edilmiş istiqamətlər üzrə biletlərin qaytarılması və dəyişdirilməsi, həmçinin fəaliyyətdə olan istiqamətlər üzrə biletlərin dəyişdirilməsi barədə qərar qəbul edib.

Buna baxmayaraq sərnişlər hələ də biletlərinin geri qaytarılması və dəyişdirilməsi ilə bağlı problemlər yaşayır.
 
Jurnalist Tapdıq Fərhadoğlu anews.az-a açıqlamasında bu problemi hələ də həll olunmaması barəsində danışdı:
 
"Silkway travel”ə müraciət etdim. Bilet satan xanımlardan biri dedi ki, pulumuz yoxdur. Daha sonra məni başqa masaya yönləndirdilər ki, pulunuzu qaytaracaqlar. Mən həmin xanımdan da "pulumuz yoxdur” kəlməsini eşitdim. Təxminən 3 saata yaxın vaxtımı itirdim. Daha sonra karta ödənişlə bağlı razılıq verdilər. Bildirdim ki, mənim kartım dollar kartıdır, siz manatla necə ödəniş edəcəksiniz? Nyu Yorka 2 biletim var idi. Hələ ki,  məsələ öz həllini tapmayıb", deyə Tapdıq Fərhadoğlu vurğuladı.
 
 
Jurnalist həmçinin bildirdi ki, "Azal”-ın mətbuat katibi ilə danışıb. Amma belə başa düşüb ki, o da bu problemi həll edə bilməyib.
 
 
Məsələ ilə bağlı "Azal”-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski ilə əlaqə saxladıq.
 
O, açıqlamasında bildirdi ki, ləğv olunmuş reyslər üzrə əldə edilmiş aviabiletləri uçuş tarixindən sonra da qaytarıb, ödənişi geri almaq mümkündür. Sərnişinlərimizə ödənişlərin tam şəkildə geri qaytarılacağına zəmanət veririk.
 

"Xahiş edirik heç kim  təşvişə düşməsin və müştəri xidmətlərinin cavabını gözləsin. Bütün müraciətlərə növbə ilə baxılır", - deyə o, əlavə edib. 

Gülnar Nazimqızı

ŞƏRHİNİZİ YAZIN

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.

Top