Bakıda su problemi: Tələbat kəskin artıb, ehtiyat azalıb - AÇIQLAMA
Xüsusi

29 İyul 2020

 

Bakının Xətai rayonunda sakinlər su qıtlığından əziyyət çəkir.

Bu barədə Oxu.Az-ın redaksiyasına daxil olan məlumatda bildirilib.

Qeyd olunub ki, Xətai rayonu, Nəsirəddin Tusi küçəsi, 2 ünvanında yaşayan sakinlərə suyun verilməsində problem var:

 

“Hər gün su səhər saat 10:00-11:00 arası verilir. Bundan başqa, saat 18:00-dan 22:00-a kimi gəlir. İnsanlar su qıtlığı ilə üzləşir”.

Vətəndaşlar iddia edir ki, ərazidə yeni tikilən “ASAN Xidmət” mərkəzinin su ilə təminatını həmin binanın hesabına təmin etmək istəyirlər. Lakin sakinlərin etirazından sonra bu iş dayandırılıb.

Məsələ ilə bağlı “Azərsu” ASC ilə əlaqə saxladıq.

ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı Oxu.Az-a bildirib ki, ərazidə təsdiqlənmiş qrafikə uyğun su verilir:

“Səhərdən günortaya kimi, axşam da saat 18:00-dan gecəyə kimi verilir. Bu, razılaşdırılmış qrafikdir. Suya tələbat kəskin artıb. Eyni zamanda, su ehtiyatları azalıb. Ona görə bəzi ərazilərdə gündüz saatlarında suyun verilməsi dayandırılır və anbarlarda ehtiyat toplanır. Ötən ilin eyni dövrü ilə müqayisədə Bakıya verilən suyun həcmi azalıb. Bu da su təchizatına təsir edir”.

A.Cəbrayıllı qeyd edib ki, ərazidə yeni tikilən “ASAN Xidmət” mərkəzinin su ilə təminatı magistral xətdən suyun götürülməsi hesabına təmin olunacaq:

“Sakinlər “ASAN Xidmət” mərkəzinin su ilə təminatının sözügedən binadan götürülməməsi üçün müraciəti edib. Razılığa gəlinib ki, “ASAN Xidmət” mərkəzinin su ilə təminatı magistral xətdən təmin edilsin”.

ŞƏRHİNİZİ YAZIN

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.

Top