Azərbaycanın inkişaf strategiyası, hədəflər - TƏHLİL
Xüsusi

21 May 2020

 

Prezident İlham Əliyev mayın 19-da Bakıda 3 saylı DOST mərkəzinin açılışından sonra AzTV-yə geniş müsahibə verib. Prezident müsahibəsində dövlətin sosial siyasəti, koronavirusla mübarizə sahəsində həyata keçirilən tədbirlər, ölkəmizin beynəlxalq miqyasda gördüyü işlər, dövlətin gənclər siyasəti, informasiya texnologiyaları və innovasiyaların tətbiqi və digər mühüm məsələlər barədə danışıb.

Dövlət başçısının bu açıqlamasında çox önəmli çağırışlar, mesajlar var. Eyni zamanda prezident həmçinin ölkənin inkişaf strategiyasını, perspektivləri də nişan verib.

Ən mühüm məqam ondan ibarətdir ki, bütün istiqamətlər üzrə atılan addımlarda vətəndaş amili prioritet seçilir və bir daha aydın olur ki, Azərbaycanda həyata keçirilən siyasətin əsasında insan faktoru, daha dəqiq desək, vətəndaşların yüksək yaşayışının təmini dayanır.

DOST mərkəzlərinə xüsusi önəm verilməsi də məhz bunun təzahürüdür.

Dünyanı Cənginə almış koronavirus pandemiyası dövründə demək olar ki, bütün ölkələr bütün işləri, layihələrin icrasını təxirə salsalar da, Azərbaycan məhz sosial siyasətə, vətəndaşların rifahının daha da yaxşılaşdırılmasına hesablanmış proyektlərin icrasını qətiyyən dayandırmadı, əksinə, sürətlə həyata keçirdi. Bu müddət ərzində daha bir DOST mərkəzinin inşası başa çatdı və prezident onun açılışını etdi.

Bir incə məqama diqqət edək: DOST ideyası da ASAN Xidmət kimi, məhz prezident İlham Əliyevin təşəbbüsü və ideyasıdır, hədəf vətəndaşlara daha yüksək səviyyədə xidmət göstərmək, dəstək olmaqdır. Əlbəttə, Azərbaycanın brendi olan və dünyanın bir çox ölkələrində də tətbiqinə başlanılan bu layihələrin yaratdığı imkanlar Azərbaycan vətəndaşlarının rahat həyat tərzini formalaşdırır. Təsadüfi deyil ki, vətəndaşların DOST mərkəzlərinin fəaliyyətini bəyənmə əmsalı 96 faizə çatıb.

Məsələnin mahiyyəti odur ki, DOST mərkəzlərində göstərilən xidmətlər - onların sayı 130-dan çoxdur - sosial təminat sahəsində böyük yenilikdir. Əgər əvvəllər vətəndaş sosial sahəyə aid hansısa bir addım atmaq, xidmət almaq istədikdə, nəinki digər işlər, hətta bəzən bir sənəd almaq üçün bir neçə qurumun qapısını döyməli olurdu, buna günlərlə vaxt sərf edirdi, bəzi hallarda bürokratik əngəllərlə üzləşirdi, yaxud da məqsədinə nail ola bilmirdi. İndi isə bu proseslər vahid mərkəzdə və sürətlə, ən yüksək səviyyədə həyata keçirilir və buna görə vətəndaşlar dövlətə, Prezidentə alqış edirlər.

Məsələyə digər kontekstdən yanaşdıqda, ümumiyyətlə, DOST mərkəzlərində tətbiq olunan innovasiyalar Azərbaycanın müasir dünya ilə tam ayaqlaşdığının bariz nümunəsidir. Sirr deyil, artıq dünyanın elə bir dövrü gəlib çatıb ki, innovatov texnologiyalar inkişafın əsas göstəricilərindən sayılır və dövlətlər müxtəlif qiymətləndirmədə həm də buna görə seçilirlər. Azərbaycan artıq bu sahədə iki mütərəqqi model ortaya qoyub - ASAN və DOST. Bu, Azərbaycan hakimiyyətinin gələcəyə baxışıdır, mənzərə budur ki, son illərdə həyata keçirilən siyasətin əsas istiqamətlərindən biri də məhz innovativ inkişafla bağlıdır.

***

Prezidentin müsahibəsində gənclər siyasəti ilə bağlı səsləndirdiyi fikirlər də maraqlıdır və onu deməyə əsas verir ki, dövlət vəzifələrinə təyinatlarda gənclərə böyük üstünlük veriləcək. Əslində bu proses uzun müddətdir davam edir və ötən 2 il ərzində xeyli sayda gəncin yüksək vəzifələrə təyin edilməsinin şahidiyik.

Prezident bu kontekstdə çox vacib bir çağırış edib: “Gənclər yaxşı oxumalı, peşəkar olmalı, öz fəaliyyətləri ilə ölkəmizin inkişafına daha böyük xidmət göstərməlidirlər”.

Bu, cəmiyyətə, xüsusən gənclərə çox ciddi mesajdır. O anlamda ki, müəyyən dönəmlərdə cəmiyyətdə belə fikirlər vardı ki, vəzifələrə, hansısa işə savadlı, yaxud savadsız olmasından asılı olmayaraq daha çox “arxalı” adamların qohumu olmaqla, yaxud da hansısa məmurlara “hörmət” etməklə keçmək mümkündür. Son illərdə isə biz şahidi oluruq ki, kimlərinsə havadarlıqları ilə vəzifələrə gələn şəxslər işdən azad edilir, hansısa qanunsuzluqlara yol verənlə kimin adamı olmasından asılı olmayaraq həbs edilir, onları isə savadlı, bilikli, intellektli gənclər əvəzləyir. Prezidentin son açıqlaması bu kontekstdə bir ismarışdır ki, qarşıda yalnız savadlı, peşəkar gənclər irəli çəkiləcək, onların dövlətin inkişafında potensialından geniş istifadə ediləcək. Odur ki, yeniyetmə və gənclər maksimum bilik və bacarıqlı olmağa, xarici dil öyrənməyə, müasir dünyanın tələblərinə cavab verən kadrlara çevrilməyə çalışmalıdırlar.

Bütünlüklə İlham Əliyevin həyata keçirdiyi siyasətə diqqət etdikdə, bir mənzərə canlanır: Prezidentin siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır, görülən bütün işlər əhalinin daha yüksək yaşayışının təmin edilməsinə yönəlib.

Çox uzağa getməyək, təkcə son 2 ildə - 2018-ci ilin prezident seçkilərindən sonra ölkədə aparılan köklü kadr və struktur islahatları, çoxşaxəli böyük sosial paketlər, əhalinin devalvasiyalardan sonra yaranan kredit borclarının dövlət tərəfindən ödənilməsi, yarıtmaz məmurlarla amansız davranış, aparılan antikorrupsiya əməliyyatları, icra başçılarının, nazir müavinlərinin, generalların belə həbsi yalnız bir məqsədə xidmət edib: Azərbaycan vətəndaşı daha rahat yaşasın, sosial problemləri olmasın, yoxsulluq azalsın, xidmətlərdən hər kəs razı qalsın.

Bu, çox uğurlu bir siyasətdir və təbii olaraq da xalq-hakimiyyət münasibətlərini daha da sıxlaşdırır. Eyni zamanda vətəndaşlarda dövlətə, hökumətə böyük inam və etimad formalaşdırır.

Prezidentin açıqlamaları onu göstərir ki, dövlət bu siyasətini daha da dərinləşdirməkdə israrlıdır.

Dövlət başçısının sosial siyasət kontekstində, pandemiya dövründə görülən işlərə dair açıqlamaları, habelə bundan doğan nəticələr də maraqlıdır. Dövlət başçısı müsahibəsində konkret rəqəmlər açıqladı:

- Pandemiya dövründə dövlət sektorunda fəaliyyət göstərən 900 min insanın əmək haqqı tam, özəl sektorda təxminən 700 min insanın əmək haqqının əhəmiyyətli hissəsi dövlət tərəfindən ödənildi;

- 600 min insana sosial yardım verildi;

- 80 min ailə ünvanlı sosial yardım proqramı ilə əhatə olunur və orta hesabla hər bir ailəyə hər ay 220 manatdan çox vəsait ödənilir.

- 90 min ödənişli ictimai iş yerlərinin açılması nəzərdə tutulur;

- Özünüməşğulluq proqramında 12 min insan əhatə olunur;

- Heç bir sosial proqram, sosial infrastruktur layihəsi ixtisar edilmədi.

Bu statistika onun göstəricisidir ki, dövlət qarşısına qoyduğu məqsədlərə çatmaq, vətəndaş məmnunluğu üçün gərəkən nə varsa edir və ediləcək. Bu məsələdə əlavə şərhə də ehtiyac qalmır, çünki hər şey göz önündə baş verir, hər kəs də bunu öz həyatında hiss edir.

Hə, bu məqamda bir vacib məsələyə diqqət çəkmək mühümdür: Prezident İlham Əliyevin ciddi nəzarəti altında Azərbaycan pandemiyanın qarşısının alınması üçün hətta mümkünsüz görünənləri belə etdi! Bunu hər kəs müşahidə etdi. Yoluxma səviyyəsi, vəfat edənlərin sayı maksimum az oldu, karantində saxlanılanlara ən yüksək səviyyədə müalicə və xidmət göstərildi, pandemiya dövründə əhalinin sosial problemlərinin həlli üçün dövlət bütün addımları atdı və atmaqda davam edir. Karantin rejimi yumşaldılmağa başlayıb və bu mərhələdə də lazımi bütün addımlar atılır. İndiki mərhələdə isə vətəndaş məsuliyyəti çox önəmli şərtdir! Dövlətin vətəndaşdan istədiyi yalnız pandemiya qaydalarına əməl etməkdir - bu isə çox asandır: maska taxmaq, fiziki məsafə saxlamaq və gigiyenik normalara əməl etmək. Bunlara əməl edək ki, yeni yoluxma dalğası başlamasın, dövlətin enerjisi postpandemiya tədbirlərindən ayrılıb, yenidən virusla mübarizəyə yönəlməsin. Belə olarsa, əziyyəti sonda həm də vətəndaş özü çəkəcək...

***

Nəhayət, Prezidentin toxunduğu çox əhəmiyyətli bir məsələ də Azərbaycanın dünyadakı yeri və nüfuzu ilə bağlıdır. Təbii, biz ən müxtəlif qütblərin iqtisadi, hüquq və siyasi mahiyyətli hesabatlarında Azərbaycanın reytinqinin əhəmiyyətli dərəcədə yüksəldiyinin, atılan addımların alqışlandığının, tənqidi məqamların minimuma enməsinin şahidi oluruq. Hətta bəziləri belə iddialar da səsləndirirdilər ki, bu təşkilatlar subyektiv yanaşır, hansısa maraqları var və s. Ancaq fakt ondan ibarətdir ki, Azərbaycanda qeyd edilən sahələrdə çox böyük islahatlar həyata keçirilib, beynəlxalq təşkilatlar da təbii olaraq bunun fərqindədir, obyektiv yanaşmamaları mümkünsüz görünür.

Digər tərəfdən, Azərbaycan beynəlxalq əməkdaşlıqlar və təşəbbüskarlıq, dəstək məsələlərində hətta bir çox inkişaf etmiş Avropa ölkələrindən də daha çevik və operativ addımlar atır, davranış sərgiləyir.

Buna dair Prezidentin dilindən səslənən faktlara diqqət etməyin özü obyektiv nəticə üçün əsasdır:

- Azərbaycan sədrlik etdiyi Türk Şurası və Qoşulmama Hərəkatının Zirvə toplantılarını ən yüksək səviyyədə təşkil etdi;

- Qoşulmama Hərəkatının və Türk Şurasının yekun bəyannaməsində Azərbaycanın xüsusi rolu qeyd olundu;

- Azərbaycan hər bir işə çox məsuliyyətlə yanaşır və ölkəmizin sədrliyi formal xarakter daşımır.

Pandemiya dövrünün də maraqlı statistikası səsləndirildi:

- Azərbaycan bu günə qədər 13 ölkəyə və 3 beynəlxalq təşkilata yardım göstərib;

- Azərbaycan bunu mənəvi borc bilərək edib, o ölkələrə ki, onlar müraciət edib;

- Azərbaycan dünya miqyasında çox böyük hörmətə və yüksək imicə malik olan ölkədir;

- Azərbaycan məsuliyyətli ölkədir, öz ləyaqətimizi qoruyur, tərəfdaşlara da hörmət edir;

- Azərbaycan o ölkələrdəndir ki, həmişə üzüağ, alnıaçıq olub və pandemiya bunu bir daha təsdiqləyib...

Pandemiya dövrü dünya ölkələrinin çox ciddi bir sınaq dövrü idi. Bu dönəmdə hər bir dövlətin və onun liderinin gücü, səxavəti hər kəs üçün aydın göründü. Azərbaycan və onun Prezidenti bu mərhələdə də nümunəvi davranışı ilə yaddaşlara yazıldı, tarixə düşdü. Heç şübhəsiz ki, biz bir dövlət olaraq bunun bəhrələrini daim görəcəyik.
“Yeni Müsavat”

 

ŞƏRHİNİZİ YAZIN

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.

Top