Prezidentdən yeni - SƏRƏNCAM
Xüsusi

29 Oktyabr 2019
Prezident İlham Əliyev Ağdaş şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması haqqında sərəncam imzalayıb. 
Anews.az- ın məlumatına görə, sərəncam Ağdaş şəhərində fin tipli, istismara yararsız evlərdə və XIX əsrə aid yerli əhəmiyyətli tarixi abidə olan "Qarabəy karvansarayı”nda ötən əsrin ortalarında məskunlaşmış sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi daşıyır.
Sərəncamla Ağdaş şəhərində qəzalı vəziyyətdə olan evlərdə məskunlaşmış sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 48 mənzilli yaşayış binasının tikintisi üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Ağdaş Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.
 

Sərəncamda qeyd olunub ki, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurlu icrası nəticəsində Ağdaş rayonunda bir sıra sosialyönümlü infrastruktur layihələri həyata keçirilmiş, o cümlədən Rayon Mərkəzi Xəstəxanası, Olimpiya İdman Kompleksi, Bayraq Meydanı, Habil Əliyev adına 500 şagird yerlik yeni musiqi məktəbi inşa edilmiş, 39 ümumtəhsil müəssisəsində təmir-tikinti işləri aparılmışdır. Bundan başqa, şəhərin su təchizatı sistemi, 110/35/10 kV-luq 2X25 MVA gücündə "Ağdaş” yarımstansiyası yenidən qurulmuş, Biyan Sənaye Parkının biyan tədarükü və emalı, bitki ekstraktı və sirop istehsalı zavodları və digər iri istehsal və emal müəssisələri yaradılmış, 13 mindən çox yeni iş yeri açılmış, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılmış, genişmiqyaslı abadlıq-quruculuq işləri görülmüşdür.

ŞƏRHİNİZİ YAZIN

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.

Top