İQTİSADİYYAT (534)

Azərbaycan Mərkəzi Bankı 12 fevral tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.

Mərkəzi Bankdan  verilən məlumata görə, fevralın 12-nə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,7000 manat təşkil edir.

Manata nəzərən avronun məzənnəsi 1,9170 manat təşkil edir.

 

1 türk lirəsi 0,3220 manat, 1 rus rublu 0,0258 manat, 100 İran rialı 0,0040 manat, 1 gürcü larisi isə 0,6429 manatdır.

Cari il yanvarın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən illə müqayisədə 1,6 faiz artaraq 1 milyon 548,9 min nəfər olub. Onlardan 883,9 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 665 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Dövlət Statistika Komitəsinidən AZƏRTAC-a verilən məlumata görə, muzdla işləyənlərin 21,6 faizi təhsil, 18,6 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri, 13,4 faizi sənaye, 8,6 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7 faizi dövlət idarəetməsi, müdafiə və sosial təminat, 6,8 faizi tikinti, 4,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 3,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,6 faizi maliyyə və sığorta fəaliyyəti, 11,1 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olub.

2018-ci ilin ilkin məlumatlarına əsasən, ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilə nisbətən 3 faiz artaraq 544,1 manat təşkil edib.

İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, eləcə də tikinti sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

Keçən il meqalayihənin bütün seqmentlərinə 1 milyard dollaradək investisiya yatırılıb

Azərbaycan bu vaxtadək “Cənub Qaz Dəhlizi” layihəsi üzrə maliyyə öhdəliklərini 90 faizədək icra edib.

AZƏRTAC-ın sorğusuna cavab olaraq SOCAR-dan bildirilib ki, “Cənub Qaz Dəhlizi” layihəsinin bütün seqmentləri üzrə ümumi investisiya məbləğinin təqribən 82 faizdən çox hissəsi artıq reallaşdırılıb. Azərbaycan “Cənub Qaz Dəhlizi” layihəsi üzrə maliyyə öhdəliklərini 90 faizədək icra edib. “Cənub Qaz Dəhlizi” QSC isə ötən il meqalayihənin bütün seqmentlərinə təqribən 1 milyard ABŞ dolları investisiya yatırıb.

Xatırladaq ki, “Cənub Qaz Dəhlizi” QSC Azərbaycan Prezidentinin “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” 2014-cü il 25 fevral tarixli Sərəncamı əsasında yaradılan və səhmlərinin 51 faizi dövlət mülkiyyəti olmaqla İqtisadiyyat Nazirliyinə, 49 faizi isə SOCAR-a məxsus olan qapalı səhmdar cəmiyyətidir.

Qeyd edək ki, Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan Cənub Qaz Dəhlizinin seqmentlərini “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, TANAP və TAP layihələri təşkil edir. Bu boru kəmərləri zənciri Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunan təbii qazı Türkiyəyə çatdırır və həmin ölkədən isə Avropaya nəql edəcək. Uzunluğu 3 min 500 kilometr olan Cənub Qaz Dəhlizi vasitəsilə ilkin mərhələdə Türkiyəyə 6 milyard kubmetr, Avropaya isə 10 milyard kubmetr Azərbaycan qazının nəqli planlaşdırılır.

Ötən il mayın 29-da Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi keçirilib və Azərbaycan təbii qazı Cənub Qaz Dəhlizi sisteminə vurulub. İyunun 12-də isə Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəməri istifadəyə verilib. Türkiyəyə ilk qaz həcmlərinin nəqli planlaşdırıldığı kimi iyunun 30-da başlayıb. TANAP boru kəməri ilə bu vaxtadək Türkiyəyə 1,1 milyard kubmetrdən çox Azərbaycan təbii qazı nəql olunub. Bu həcm cari ildə 2 milyard kubmetrə, 2020-ci ildə 4 milyard kubmetrə və 2021-ci ildə isə 6 milyard kubmetrə çatdırılacaq. TANAP-ın Avropaya qaz nəqlini nəzərdə tutan ikinci fazası üzrə boru kəməri bu il TAP boru kəmərinə birləşmək üçün hazır olacaq. Azərbaycan təbii qazının Avropaya nəqli 2020-ci ildə nəzərdə tutulur.

Qırğızıstanın “Kabar” Milli İnformasiya Agentliyi Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) baş katibi Bağdad Amreevin müsahibəsini dərc edib.

AZƏRTAC xəbər verir ki, müsahibədə təşkilatın fəaliyyətindən söhbət açılır, TDƏŞ-in 2018-ci ilin sentyabrında Qırğızıstanın Çolpon-Ata şəhərində keçirilən sammitində əldə edilən razılaşmaların yerinə yetirilməsi haqqında danışılır. Bildirilir ki, Macarıstan ilk dəfə iclasda müşahidəçi qismində iştirak edib.

Müsahibədə deyilir ki, Azərbaycan Prezidenti İlham Əliyev bir il əvvəl İnvestisiya Fondunun yaradılması təşəbbüsünü irəli sürüb. İqtisadi istiqamətdə belə bir fondun yaradılması mühüm məsələdir. Qazaxıstan Prezidenti Nursultan Nazarbayev isə Türk İnteqrasiyası Fondunun yaradılmasını təklif edib. Bu iki təşəbbüs əsasında fond yaratmaq istiqamətində iş aparılır. Baş katib deyib ki, bu, iqtisadi əlaqələrə, kiçik və orta biznesin inkişafına müsbət təsir göstərəcək. Bu günlərdə isə Azərbaycan tərəfi ilə belə qərara aldıq ki, növbəti sammit Bakıda keçirilsin. Bu sammit orta və kiçik biznesin inkişafına dəstəyə həsr olunacaq.

Bağdad Amreev qeyd edib ki, keçən il Daşkənddə Türk Şurasının üzvü olan dövlətlərin Ticarət Sənaye Palataları rəhbərlərinin görüşü keçirildi. Burada təşkilatın daimi üzvü olan dörd dövlətdən əlavə Özbəkistan və Türkmənistan da iştirak edib. “Bu görüşdə isə ümumu Ticarət Sənaye Palatası yaratmaq qərarına gəldik və konsepsiyanın hazırlanmasına başlandı. Elə bilirəm ki, yaxın iki ay ərzində bu konsepsiya tam hazır olacaq və müvafiq müqavilə imzalanacaq”, - deyə o bildirib.

Avtomat ötürücülü “Khazar” avtomobilləri fevralın sonunda satışa çıxarılacaq.

Oxu.Az xəbər verir ki, “Azərmaş” İdarə Heyətinin sədri Emin Axundovun sözlərinə görə, bu avtomobillərin qiyməti 17 min manatdan başlayacaq. 

Zavodun direktoru bildirib ki, artıq avtomat ötürücülü avtomobillərin ilk partiyası istehsal olunub:

 

“Hazırda avtomobillər sınaq müddətindədir. 10 gün sonra həmin avtomobilləri satışda görəcəksiniz”.

O qeyd edib ki, bu il üç min ədəd “Khazar” avtomobilinin istehsalı nəzərdə tutulub:

“Ümumilikdə bizim zavodda istehsal olunan avtomobillərin qiymətləri 13 min 500 manatdan 21 min manatadək dəyişir. Hazırda ölkədə bu qiymətə yeni avtomobil yoxdur”.

 

Cari ildə Azərbaycanda 350 min ton metanol istehsalı nəzərdə tutulur.

AZƏRTAC xəbər verir ki, illik gücü 650 min ton olan “SOCAR Methanol” zavodunda bu il 350 min ton metanol istehsalı planlaşdırılır.

Bu ilin yanvar ayında Azərbaycanda istehlak məhsullarının və xidmətlərin qiymətləri 2018-ci ilin yanvar ayına nisbətən 1,7%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 0,7%, qeyri-ərzaq mallarının qiymətləri 1,2%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 3,4% bahalaşıb.

Dövlət Statistika Komitəsindən  verilən məlumata görə, bu ilin yanvar ayında 2018-ci ilin dekabr ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,2%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 0,9%, qeyri-ərzaq mallarının qiymətləri 0,2% bahalaşıb, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,8% ucuzlaşıb.

Ötən ilin dekabr ayı ilə müqayisədə cari ilin yanvar ayında düyü, un, manna və qarabaşaq yarmasının, makaron məmulatları, qoyun və mal ətinin, suda bişmiş kolbasa, balıq məhsulları, süd məhsulları, kərə və bitki yağları, limon, naringi, banan, alma, armud, heyva, nar, kivi, qoz, fındıq, kələm, göyərti, xiyar, pomidor, bibər, badımcan, çuğundur, kartof, soğan, şəkər və şəkər tozu, energetik içkilər, spirtli içkilərin qiymətlərində bahalaşma, toyuq əti, yumurta, hisə verilmiş, yarım hisə verilmiş kolbasalar, portağal, şabalıd, yerkökünün qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Ay ərzində qeyri-ərzaq mallarından parçalar, geyim və ayaqqabılar, xalça və digər döşəmə örtükləri, mebel və ev əşyaları, minik avtomobilləri və onların ehtiyat hissələri, velosipedlər, paltaryuyan maşınları, soyuducular, televizorlar, planşet tipli kompüterlər, dəftərxana ləvazimatları, kərpic, nitro və sulu boyaların qiymətlərində bahalaşma, kəsilmiş taxta, sement, yağlı boyalar, mobil telefon və qaz plitələrinin qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər qeyri-ərzaq mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Bu ilin yanvar ayında ötən ilin dekabr ayına nisbətən əhaliyə göstərilən ödənişli xidmətlərdən avtomobillərin təmiri, otel və mehmanxanalar tərəfindən göstərilən gecələmə xidmətləri, ölkə daxilində istirahət turlarının qiymətləri bahalaşıb, dəmir yolu və hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətləri isə ucuzlaşıb. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

 

İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Bakıda Azərbaycan-Belarus işgüzar görüşü keçirilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, tədbirdə rəsmi şəxslərlə yanaşı, hər iki tərəfdən qida, tekstil və digər sahələrdə fəaliyyət göstərən 50-dək sahibkar iştirak edib.

AZPROMO-nun rəhbəri vəzifəsinin icra edən Yusif Abdullayev Azərbaycanda qeyri-neft ixracının stimullaşdırılması, “Made in Azerbaijan” brendinin və xarici investisiyaların təşviqi, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması istiqamətində görülən işlər, eləcə də Azərbaycan-Belarus iqtisadi əlaqələri barədə məlumat verib, belaruslu iş adamlarını ölkəmizdə yaradılmış əlverişli biznes mühitdən yararlanmağa dəvət edib.

Belarusun Qrodno şəhərinin icra komitəsinin sədri Meçislav Qoy ölkəsinin Azərbaycanla əlaqələrə böyük önəm verdiyini və ölkəmizlə iqtisadi əməkdaşlığın inkişafında maraqlı olduqlarını bildirib, əlaqələrin daha da genişlənməsi üçün potensialı vurğulayıb.

İşgüzar görüşdə Qrodno vilayətinə dair video-çarx nümayiş olunub.

Tədbir sahibkarlar arasında ikitərəfli görüşlərlə davam edib.

2020-ci ildə “Ümid-2” platformasından ilk quyunun qazılması nəzərdə tutulur.

Bu barədə AZƏRTAC-a eksklüziv müsahibəsində SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.

“Azərbaycan neftçilərinin müstəqillik dövründə kəşf etdiyi “Ümid” yatağında hasilat artırılır. Yatağın tammiqyaslı işlənilməsi üçün əlavə olaraq “Ümid-2” platformasının tikilməsi, 2020-ci ilin sonlarında isə həmin platformadan ilk quyunun qazılması planlaşdırılır. “Babək” perspektiv strukturunda 2020-ci ildə qazılması nəzərdə tutulan axtarış quyusunun yeri artıq müəyyənləşdirilib. Bundan başqa, “Aypara” kimi perspektivli sahələrdə də axtarış qazması üçün hazırlıq işləri görülür”, - deyə R.Abdullayev əlavə edib.

Neft qiymətləri hələlik "rahatdır", 60-70 dollar arası təyin olunsa bu Azərbaycan iqtisadiyyatı, ölkənin planları üçün çox müsbət olacaq.

Addim.Az Trend-ə istinadən xəbər verir ki, bunu "Bloomberg" agentliyinə müsahibəsində ölkəmizin energetika naziri Pərviz Şahbazov deyib.

Nazir qeyd edib ki, OPEC ölkələri və onların müttəfiqləri, çox guman ki, neft qiymətlərini "rahat" səviyyədə saxlamaq üçün neft hasilatının azaldılması barədə razılaşmanı uzadacaqlar.

 

Azərbaycan Mərkəzi Bankı (AMB) fevralın 7-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən AZƏRTAC-a bildirilib ki, Mərkəzi Bankın fevralın 7-dən etibarən USD/AZN rəsmi məzənnəsi 1,7000 manat səviyyəsində müəyyən edilib.

Azərbaycan Hotel Assosiasiyasının təşəbbüsü ilə təşkilata üzv olan hotellər üçün qarşılıqlı fikir mübadiləsinə əsaslanan seminar-təlim keçirilib. Tədbir Azərbaycan Turizm Bürosu ilə birgə əməkdaşlıq çərçivəsində təşkil olunub.

Dövlət Turizm Agentliyindən AZƏRTAC -a bildirilib ki, seminar-təlimdə hotel nümayəndələri ilə Azərbaycan Turizm Bürosunun müxtəlif şöbələrinin əməkdaşları arasında görüşlər keçirilib, hotellərin turizm sənayesindən gözləntiləri ilə bağlı fikirləri dinlənilib.

Azərbaycanda "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanuna dəyişiklik edilməsi təklif olunur. 

Addim.Az report-a istinadən xəbər verir ki, dəyişiklik maliyyə bazarlarındakı yoxlamalara tətbiq edilən məhdudiyyətin aradan qaldırılmasını nəzərdə tutur. 

Xatırladaq ki, sözügedən qanuna görə, ölkədə sahibkarlıq sahəsində aparılan yoxlamalar 2020-ci ilin sonuna qədər dayandırılıb. Lakin insanların həyat və sağlamlığının qorunması, dövlətin təhlükəsizliyinin və iqtisadi maraqlarının müdafiəsi məqsədilə qanunun 2.1-ci maddəsində göstərilən hallarda yoxlamaların həyata keçirilməsinə icazə  verilir. Təklif edilən dəyişikliyə əsasən bu siyahıya maliyyə bazarlarında aparılan yoxlamalar da əlavə edilib.

2018-ci ilin yanvar-sentyabr aylarında Bakıda əvvəlki ilin müvafiq dövrünə nisbətən işçilərin orta aylıq nominal əməkhaqqısının səviyyəsi 0,2 faiz artaraq 785,6 manat olub.

Ən yüksək orta aylıq əmək haqqı sənaye, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, tikinti fəaliyyəti göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə olub.

Ən aşağı əməkhaqqı isə səhiyyə və sosial xidmətlər, kənd təsərrüfatı, daşınmaz əmlakla əlaqədar əməliyyatlar, təhsil, istirahət, əyləncə və incəsənət sahələrində fəaliyyət göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə olub.

Xəbər verdiyimiz kimi, 2018-ci ilin yanvar-sentyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,8 faiz artaraq 540,5 manat olmuşdur. 

27 -dən səhifə 27
Top