COVID-19-a görə İtaliyadan qayıda bilməyən müəllim: “Xaosdur, hər şey çox qeyri-müəyyəndir”
Xüsusi

11 Mart 2020

 

İtaliyanın Sapienza Universitetində təhsil alan ingilis dili müəllimi Turanə Hüseynova hazırda koronavirusa görə “Qırmızı zona” elan edilən ölkədən Azərbaycana qayıda bilmir.

T.Hüseynova özünün “Facebook” hesabında paylaşdığı postda vəziyyətin acınacaqlı olduğunu qeyd edib:

“Buraya magistr təhsili almaq üçün gəlmişəm. Əslində, sentyabrdan dərslərə gəlməli idim, lakin Qaxın Ləkit kəndində dərs deyirdim deyə, gecikdim. Noyabrdan buradayam. Bütün iş yerləri bağlanıb, “part-time” iş tapmaq çətindir. Əsas gəlir turizmdəndir, hazırda isə böhrandır.

 

Hotellər, restoranlar işə götürmür. Təhsil sektoru da həmçinin. Kurslar, bağçalar, universitetlər də işləmir. İstədim ki, Azərbaycana qayıdam. Çünki pulum bitib, iş yoxdur və burada qalmağa bir səbəb yoxdur. Tələbələr üçün nəzərdə tutulan təqaüdlər isə hələlik keçməyib.

Pulun olmadığı halda burada karantin vəziyyətində qalmaq dözülməzdir. İki il üçün nəzərdə tutulan təqaüd 10 min avrodur. Birinci il üçün isə 2500 avro nəzərdə tutulur. Hazırda blokada şəraitinə görə tələbələrə təqaüdlər verilməyib.

Koronavirusa görə maarifləndirici heç bir şey edilməyib, marketlərdə, apteklərdə növbə sistemi qurulub. Hər yerə növbə ilə girmək lazımdır. Çox vacib səbəblər olmasa, evdən çölə çıxmaq olmaz. Gələcək üçün marketlərin müəyyən saatlarla işləməsi nəzərdə tutulub.

Çox ciddi səbəbin yoxdursa, küçəyə çıxanda səni cərimələyib, həbs edirlər. Xaosdur, hər şey çox qeyri-müəyyəndir. Burada yaşayan əcnəbilərin çoxu ölkələrinə qayıtmaq istəyir, “Rynair” tipli ucuz hava yolları şirkətləri də uçuşları ləğv etdi.

Azərbaycanın İtaliyadakı səfirliyi ilə əlaqə saxladım, burada yaşayan tələbələrə Azərbaycan hökuməti tərəfindən qarşılanan uçuş təşkil edilməsi üçün zəng etdim, əvəzində isə məndən yemək və su ehtiyacımın olub-olmadığı soruşuldu.

Elə bir sualdır ki, mən utanıb “ehtiyac yoxdur” demək məcburiyyətində qaldım. Köməyə ehtiyacımız var, miqrant deyilik. Necə ki Çində yaşayan tələbələrə təxliyyə xidməti göstərildi, biz də eynisini tələb edirik. Bu halda qərib bir ölkədə az qala ev dustaqlığı yaşayırıq.

Bizim üçün tək sağlamlıq deyil, maddi və psixoloji cəhətdən də kritik bir vəziyyətdir. Bura gəlmədən öncə ucqar kəndlərdən birində üç ilə yaxın müəllim kimi işləmişəm, bacardığım qədər öz şagirdlərimə dəstək olmağa çalışmışam, çətin məqamlarda onları tək qoymamışam, hətta təhsil xərclərinə qədər belə əlavələr tapıb kömək olmuşam ki, təki həyatlarında bu yöndə məyusluq yaşamaq təcrübəsinə sahib olmasınlar. İndi də bir tələbə olaraq eyni dəstək və qayğını sizdən gözləyirəm”.

Qeyd edək ki, Turanə hazırda Romadadır. O, Qaxın Ləkit kəndində ingilis dili müəllimi kimi çalışıb. Sosial mediada ucqar kənddə dərs deməsi ilə məşhurlaşıb.

ŞƏRHİNİZİ YAZIN

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.

Top