Sami Yusufdan daha bir möhtəşəm kompozisiya - Video
Xüsusi

29 Dekabr 2019
 
Bu il iyunun 30-da Bakıda – Heydər Əliyev Mərkəzində UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasının açılış mərasimində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə hazırlanmış “İrsin sonsuz ruhu” (“Timeless spirit of heritage”) adlı mədəni proqram təqdim olunmuşdu.
 

Axşam.az Mədəniyyət Nazirliyinin saytına istinadən xəbər verir ki, proqramının müəllifi olan Azərbaycan əsilli məşhur müğənni və bəstəkar Sami Yusufun ölkəmizin musiqiçiləri ilə birlikdə ifa etdiyi kompozisiyalar böyük rəğbətlə qarşılanmışdı.

Bir müddət sonra isə Sami Yusufun həmin proqramdan bir parçanı – böyük Azərbaycan şairi İmadəddin Nəsiminin “Sığmazam” qəzəli əsasında hazırladığı kompozisiyanı özünün “YouTube” kanalında yerləşdirməsi internet məkanında əsl hadisəyə çevrilmiş, “Məndə sığar iki cahan...” adlı musiqili kompozisiya qısa müddətdə yüz minlərlə izləyici toplamışdı.

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində isə Sami Yusuf həmin konsertdən daha bir möhtəşəm parçanı – “Azərbaycan” kompozisiyasını “YouTube” kanalında yayaraq bütün soydaşlarımıza yüksək sənət zövqlü bayram hədiyyəsi bəxş edib.

Dünya azərbaycanlılarının həmrəyliyinə töhfə, ölkəmizin keçmişi, bu günü və gələcəyə baxışının tərənnümü olan bu kompozisiyanı Sami Yusuflə bərabər xanəndə Təyyar Bayramov, Kənan Bayramlı, müğənni Sevda Ələkbərzadə, aşıq Samirə, instrumental ifaçılarımız (sol tarda Sahib Paşazadə) və xor ifa edir.

 Qeyd edək ki, sözügedən mədəni proqram doqquz elementdən ibarət idi və “Qobustan”, “Atəşgah”, “Nəsimi poeziyası”, “Rəqs edən ürəklər”, “Xalçalar”, “Şirvanşahlar sarayı”, “Novruz bayramı”, “Şəki Xan sarayı” və “Azərbaycanın gələcəyə baxışı” mövzularına həsr olunmuşdu.
 

ŞƏRHİNİZİ YAZIN

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.

Top