CƏMİYYƏT (1812)

Real TV-nin rəhbəri Mirşahin Ağayevin dələduzluqda təqsirləndirilən qardaşı Mirəddin Ağayev azadlığa çıxıb. 
 
Addim.az-ın Unikal.org-a istinadən verdiyi məlumata görə, M.Ağayev səhhətində ciddi problem yarandığı üçün  bir neçə gün bundan öncə məhkəmənin qərarı ilə şərti cəza ilə sərbəst buraxılıb. 
 
Qeyd edək ki, Qəzənfər Davud oğlu Qəzənfərov adlı şəxsin Səbail rayon Polis İdarəsinə şikayəti əsasında o, istintaqa cəlb olunub. Sözügedən vətəndaşın 2 min manatını, daha 3 vətəndaşın isə ümumilikdə 86 min manat məbləğində vəsaitini dələduzluq yolu ilə mənimsəyib. 2017-ci ilin 25 yanvar tarixində Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun hökmü ilə Mirəddin Ağayevə 3 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Fevralın 15-də Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin təşkilatçılığı ilə "Ailə institutunun formalaşmasında qanunvericiliyin rolu" mövzusunda dəyirmi masa keçirilib.

Modern.az-ın məlumatına görə, komitənin sədri Aqiyə Naxçıvanlı tədbiri açaraq mövzunun əhəmiyyətindən danışıb. Bildirib ki, bu tədbir cəmiyyəti narahat edən problemlər və onların həlli yollarının araşdırılmasına həsr edilib. Cəmiyyətin inkişafı, ilk növbədə, ailənin sabitliyindən, rifahından, ailə münasibətlərinin yüksək əxlaqi və mənəvi dəyərlər əsasında təşkilindən çox asılıdır. Ona görə də cəmiyyət hər zaman ailənin möhkəm bünövrə əsasında qurulmasına, onun inkişafına çalışmalıdır.

 

"Xalqımız hər zaman ailə dəyərlərini hər şeydən uca tutub və bu, bizim milli adət-ənənəmizə çevrilib. Biz bu qiymətli sərvəti yad təsirlərdən qorumaqla yanaşı, dünyanın mütərəqqi mənəvi dəyərlərindən istifadə edərək zənginləşdirir, gənc nəslin sağlam ruhda tərbiyə olunmasına çalışırıq. Milli-mənəvi dəyərləri xalqımızın ən böyük sərvəti hesab edən ulu öndər Heydər Əliyev bu dəyərlərin qorunmasının vacibliyini daim vurğulayırdı", - deyə A.Naxçıvanlı bildirib.

Qeyd edilib ki, Konstitusiyamızda, qanunlarımızda ailənin mahiyyəti, ailə üzvlərinin vəzifə və hüquqları ilə bağlı xüsusi maddələr əks olunub. Eləcə də 2000-ci ildə Ailə Məcəlləsinin qəbul olunması nəticəsində ailə üzvlərinin digər hüquq və vəzifələri ilə yanaşı, mülki hüquqları da təsbit edilib. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə gender bərabərliyinin təmin edilməsi, məişət zorakılığının aradan qaldırılması haqqında Azərbaycan Respublikasının qanunları qəbul edilib. Məişət zorakılığının aradan qaldırılması haqqında Qanunu icra etmək üçün müvafiq qanunvericilik aktlarına əlavələr edilib, yeni normativ hüquqi aktlar qəbul olunub.

"Dövlət müstəqilliyi bərpa edildikdən sonra ölkəmiz qadın hüquqlarının qorunması üzrə, demək olar ki, bütün mühüm beynəlxalq sənədlərə qoşulub. Ailə institutunun möhkəmlənməsi, gender bərabərliyinin təmin edilməsi dövlətimizin diqqətində olan mühüm məsələlərdən biridir. Bu istiqamətdə beynəlxalq hüquqa və ənənələrimizə söykənən hüquqi normativ aktlarımız var. Ancaq ölkəmizdə ailə institutunun formalaşması üçün yaradılan qanunvericilik bazası, aparılan profilaktik maarifləndirmə işlərinə baxmayaraq, təəssüflər olsun ki, bu sahədə hələ də problemlər mövcuddur. Belə ki erkən nikahlar, nikahdankənar evlilik sosial problem kimi bu gün aktual problemə çevrilib. Hazırda cəmiyyətimizi narahat edən ciddi problemdən biri də boşanma hallarıdır", - deyə A.Naxçıvanlı diqqətə çatdırıb.

Milli Məclisin səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov mövzunun aktuallığını vurğulayaraq deyib ki, ailənin möhkəm olması üçün, ilk növbədə, ailə quranlar sağlam olmalıdırlar. 2014-cü ildə Milli Məclisdə Ailə Məcəlləsində böyük əhəmiyyət kəsb edən dəyişiklik edildi. Belə ki, nikaha daxil olan bütün insanlar icbari tibbi müayinədən keçməlidirlər. Boşanmaların sayı haqqında danışan komitə sədri qeyd edib ki, bu gün dünya statistikasında sonsuzluq səbəbindən ailələrin dağılması təxminən 30-35 faiz təşkil edir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib ki, ailənin vətəndaş cəmiyyətinin inkişafında xüsusi rolu var:

"Azərbaycanın ailə modeli əsrlərboyu öz dəyərləri ilə ən nümunəvi sosial institutlardan biri olub. Hər xalqın özünü təsdiq və inkişaf etməsində ailənin rolu çox böyükdür. Bu institutun möhkəmliyi cəmiyyətin, dövlətin güclənməsi və inkişafı deməkdir. Prezident İlham Əliyev hər zaman qeyd edir ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun maraqları, rifahı durur. Bunun bariz nümunəsi hər il dövlətimizin başçısının imzaladığı fərman və sərəncamların 65 faizinin məhz sosialyönümlü olmasıdır. Dövlətimiz daim öz vətəndaşına qayğı ilə yanaşır və onun sosial problemlərinin həllini prioritet vəzifə kimi görür, bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirilir. Ölkəmizdə aparılan bu sosial və iqtisadi quruculuq işləri ailə institutunun möhkəmlənməsinə öz töhfəsini verir. Bu islahatların nəticəsi olaraq, Azərbaycanda qaçqın və məcburi köçkün, şəhid ailələri, təqaüdçülər, aztəminatlı, çoxuşaqlı, gənc ailələrin sosial vəziyyətlərinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılır".

Milli Məclisin gənclər və idman komitəsinin sədri Ülvi Quliyev deyib ki, hər bir xalqın özünəməxsus ənənələri və dəyərləri mövcuddur. Ailə institutu bizim cəmiyyətdə əvəzolunmaz dəyərdir, müqəddəsdir, milli-mənəvi dəyərlərimizin əsas sütunlarındandır. Ailə institutunun cəmiyyətimizin, dövlətimizin inkişafında böyük rolu var. Çünki şəxsiyyətlər məhz ailədə formalaşır. Humanizm, vətənpərvərlik, xeyirxahlıq, mərdlik, xeyriyyəçilik ailədə formalaşan ən yüksək keyfiyyətlərdir. Bu baxımdan ailənin rolu əvəzsizdir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov xatırladıb ki, komitənin nəzdində Mənəvi Dəyərlərin Təbliği Fondu yaradılıb. Bu qurumun fəaliyyətinin əsasını milli–mənəvi dəyərlərimizin təbliği təşkil edir. Bunun üçün qurum intensiv iş aparır, maarifləndirici filmlər çəkilir. Ailələrimizin bütövlüyünü qorumaq üçün mənəviyyatımızı gücləndirməliyik. Dinimiz insanlara düzgün təbliğ edilməlidir.

Konstitusiya Məhkəməsinin hakimi Ceyhun Qaracayev boşanmaların fəsadlarından danışıb. Bildirib ki, il ərzində 50-60 min nikah bağlanır. Lakin bu nikahların heç də hamısını qoruyub saxlamaq olmur. Belə ki, ailələr müxtəlif səbəblərdən dağılır. Boşanmadan öncə tərəflər ayrı yaşamağı bacardıqlarını sübut etməlidirlər. Amma hər şeydən əvvəl ailə daxilində qarşılıqlı hörmət olmalıdır. Tərəflər uşaqları da nəzərə almalıdırlar. Boşanmadan sonra uşaqlar təcrid olunmamalı, digər valideyni ilə görüşməsi təmin edilməlidir. Boşanmanın özü də ədalətli olmalıdır.

Sonra boşanma halları, qeyri-rəsmi nikahlar, erkən nikahlar, məişət zorakılığı və müvafiq problemlər ətrafında müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.

"Eldar Əzizov tikilinin qanunsuz olduğu üçün sökülməsini tapşırsa da, sökmədilər”.
 
Bu sözləri Xətai rayonu, S.Ə.Şirvani küçəsi mənzil 92-də yaşayan Elvira Dev "Qafqazinfo”ya müraciətində deyib. Bildirib ki, artıq bir neçə ildir ki, balkonunun qarşısında qanunsuz tikili fəaliyyət göstərir. Şikayətçi təhlükəsizlik baxımından həmin obyektin sökülməsi üçün bir çox quruma müraciət etsə də, hələ də müraciətinə baxılmayıb.
 
"Yanvarın 31-də Bakı şəhər icra başçısı Eldar Əzizovun qəbulunda oldum. Fotolara və təqdim etdiyim sənədlərə baxıb obyektin sökülməli olduğunu dedi. Bu işi Bakı şəhər İcra Hakimiyyətinin nəzarət şöbəsinin müdiri Zülfəli İsmayılova tapşırdı. Növbəti gün əraziyə baxış keçirildi, ancaq obyekt sökülmədi, sadəcə 60 sm aşağı endirildi.
 
Vəziyyət belə olduqda mən yenidən quruma üz tutdum və bildirildi ki, E. Əzizovun tapşırığı olsa da, obyektin sökülməsi üçün məhkəməyə müraciət etməliyəm.
 
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, FHN-ə müraciət etmişəm. Obyektin qanunsuz tikili olmasına dair sənədlərim var. Ancaq söküntü işi hələ də icra olunmur”.
 
Şikayətçi onu da qeyd edib ki, mağaza sahibi Eyvaz İsmayılov ona hədə qorxu gəldiyindən həyati təhlükəsizliyinin qorunması üçün polisə də müraciət edib.
 
"Qafqazinfo” şikayətlə bağlı Zülfəli İsmayılovla əlaqə saxlasa da, şöbə müdiri suallarımızı cavablandırmaq istəməyib. Sadəcə onu bildirib ki, obyekt 15 ildən çoxdur ki, fəaliyyət göstərir və məhkəmə qərarı olmadığı təqdirdə sökülə bilməz.
 

Prezident İlham Əliyev bütün gücüylə xalqla təmasları davam etdirir. İnsanların qayğılarıyla maraqlanır, onların dərhal həll edilməsi üçün tapşırıqlarını verir. Ən adi vətəndaşın belə ayağına gedir, onunla bir doğması kimi qucaqlaşır, yanında olduğunu sözdə deyil, əməldə göstərir. Məhz Prezidentin bu yanaşması sayəsində ölkə insanı hər keçən gün sabaha daha inamla yaşayır, Azərbaycanın hazırkı inkişaf səviyyəsindən də yüksəyə qalxacağına əmin olur. Bu, Prezident İlham Əliyevin yorulmadan həyata keçirdiyi fəaliyyət planına görə baş verir.

İlin 2-ci ayı yarı olub. Ölkədə bu qısa müddətdə xeyli diqqət çəkən hadisə baş verib. Baş verən hadisələrin hamısının da baş rolunda Prezident İlham Əliyevin özüdür. İstər yanvar ayında Azərbaycana çamur atıb gözdən salmaq üçün səfərbər edilmiş iç və dış bədxahların cəhdlərinin boşa çıxması üçün atdığı usta gedişi addımlar, istərsə də əmək haqlarının və təqaüdlərin artırılması üçün verilən tapşırıqlar ölkəni qarışdırmaq istəyənlərə qəfil zərbə oldu. Prezident İlham Əliyev topladığı təcrübə və mənimsədiyi dünyagörüşünə əsaslanaraq elə gedişlər etdi ki, onun siyasi rəqibləri ümumiyyətlə danışmağa söz tapmadı. Su bulandırmaqla məşğul olanlarsa sadəcə özlərini gülünc günə qoymaqdan başqa çıxış yolu tapa bilmədi. Hələ bütün bunların fonunda cənab Prezidentin xalqla gündəlik təmasları, ən sadə insanlarla birlikdə olması ümumiyyətlə bütün bu müsbət gedişlərə öz möhürünü vurdu.

Ölkədə görünən və vətəndaşı arxayın salan durum bundan ibarətdir. Mənzərə ürəkaçandır. Vətəndaş güvəndə olduğuna, ölkəsinə başçılıq edən şəxsiyyətin qətiyyətlə islahatlara davam edəcəyinə hər zamankından da artıq əmindir. Belə bir ortamı pozacaq-kirlədəcək kimsənin olmaması lazım. Olarsa, onlara qarşı tədbir görüləcəyinə də heç kim şübhə etməməlidir.

Xalqın adamı xalqın içində!

Prezident İlham Əliyevin bu davranış və gedişləri həm də ayrı-ayrı məmurlara, icra başçıları, nazirlər və parlament üzvlərinə bir örnəkdir. O, həmişə deyib ki, mənim vəzifəm xalqa xidmət etməkdir. Dediyini də əməldə həmişə sübut edib. Prezident onu da deyib ki, hər bir vəzifəli şəxsin – məmurun vəzifəsi xalqa, sadə insanlara xidmət etməkdir. Amma bəzi məmurlar, deyəsən hələ də cənab Prezidentin bu xoşməramlı çağırışını yetərincə mənimsəyə bilmir. Onların da başına nə gələcəyini Prezident İlham Əliyev çıxışlarında dəfələrlə deyib: yollarımız ayrılacaq! Həm də sadəcə deməklə qalmayıb, əməldə göstərib. Ona görə də bir sıra nazirlər, icra başçıları vəzifələrilə vidalaşmalı olublar. Aralarında elələri olub ki, vəzifə kürsüsünü məhkum kürsüsünə dəyişməli olublar. Yarıtmaz deputatlara gəlincə, ölkədə hakimiyyət bölgüsü olduğu üçün Prezident onlara birbaşa müdaxilə edə bilmir. Amma unutmamalı ki, onların yaxın parlament seçkisində kənarda qalacağı gün də uzaqda deyil.

Azərbaycanda aparılan islahatların daha sürətlə gerçəkləşib vətəndaşa fayda gətirməsi üçün hər kəs məhz cənab Prezidentin özü kimi davranmalı, işləməlidir. Zaman bunu tələb edir.

İndi ölkədə müəllifi İlham Əliyev olan islahatlar inqilabı baş verir. İnqilabsa uzun çəkə bilməz. Bu, elə bir prosesdir ki, gecikmək, ləngimək olmaz. Ona görə də Prezidentin həyata keçirdiyi bu inqilabda axsayan istənilən şəxs onun siyasi komandasını tərk etməli olacaq.

Hələ onu da vurğulamaq lazımdır ki, Prezidentlə xalqın arasında uçurum yaratmaq istəyən məmurlara əsla aman verilməyəcək. Ölkədəki islahatlar inqilabı fonunda hələ də vətəndaşları incidən, süründürməçilik və rüşvətxorluqla məşğul olan dövlət adamları qalmaqdadır. Bunu biz sadə insanlarla təmaslardan öyrənirik. Bəzən elə məmurlar haqqında danışılır ki, onların məqsədli şəkildə cənab Prezidentin fəaliyyətlərinə kölgə salmaq istəməsinə şübhə yeri qalmır. Belə şəxslər, nə qədər ki, gec deyil, o mənfur əməllərindən əl çəkməlidir.

Bu ölkədə xalqın – sadə vətəndaşın güvəndiyi bir lider – İlham Əliyev varsa, siz – yaramazlıqlarla məşğul olanlar heç də ümit etməyin ki, əməlləriniz cavabsız qalacaq. Görüntü yaradıb Prezidenti aldatmaq, yalan hesabatlar vermək dövrü də çoxdan arxada qalıb. Çünki ölkədə azad media var və cənab Prezident həmişə deyir ki, özü bu medianı izləyib alternativ informasiyalar alır. Belə bir şəraitdə onu aldatmaq, yalandan görüntü yaradıb bəd əməlləri ört-basdır etmək sadəcə mümkün deyil.

Bəs, nə etməli? Çətin sual deyil. Sadəcə cənab Prezidentin özü kimi olmalı, ondan örnək almalı. Açıq davranmalı, vətəndaşla mehribanlaşmalı, insanların qayğılarını öz qayğılarınız kimi bilib həllinə çalışmalı. Bunu etməyi bacaracaq hər bir məmurun, nazirin, deputatın vəzifə kürsüsündəki davamlılığı təmin ediləcəkdir. Çünki cənab Prezident işinə vicdanla yanaşanlarla hələ bundan sonra uzun illər yola davam edəcək. O, sədaqəti, vəzifəsinə məsuliyyətlə yanaşanları həmişə yüksək dəyərləndirib, dəyərləndirməyə də davam edir. Sadəcə ona bənzəyin, sadəcə xalqla münasibətlərdə onun kimi olun. Məsələ bu qədər asandır yəni. Əksini düşünənlər varsa, könüllü şəkildə Prezident İlham Əliyevin, obrazlı desək, sürət qatarını tərk etsin.
Azər Həsrət
Prezident bu məmurları görəvdən alacaq...

“Tarixdə mərhəmətli, ədalətli və öz millətinin dəyərlərinə, ənənələrinə sayğı göstərən dövlət başçıları, hökmdarlar həmişə hörmətlə yad edilib. Mən çox ümid edirəm ki, prezident İlham Əlyev bu təcrübədən çıxış edərək, növbəti əfv sərəncamı imzalayarkən,  görkəmli alim Əli İnsanovun da adını azad ediləcək şəxslərin siyahısına əlavə edəcək”.
 
Moderator.az xəbər verir ki, bu fikirləri Strateq.az-a açıqlamasında Ədalət Partiyasının sədri, hüquq elmləri doktoru İlyas İsmayılov deyib.
 
İlyas İsmayılov bildirib ki, artıq 73 yaşını haqlamış və 14 ildir dustaq həyatı yaşayan görkəmli alimin həbsdə saxlanması təkcə hakimiyyətə yox, elə bir millət kimi, bizim özümüzə də hörmət, başucalığı gətirmir: 
 
“Milləti qabağa aparan, ona yol göstərən alimləridir və bu səbəbdən dövlət başçıları həmişə öz alimlərini qorumağa can atmalıdır. Qoca tarix alim-hökmdar dialoqları, alimlər üstündə çıxan savaşlar, alimlərin qorunması üçün ölkə rəhbərlərinin keçirdikləri xüsusi əməliyyatlar barədə heyrətamiz nümunələrlə doludur… Ancaq biz nə edirik? Onsuz da çox az sayda olan həqiqi elm sahiblərimizi, əsl alimlərimizi qorumaq, onlara fəaliyyətləri üçün yüksək şərait yaratmaq əvəzinə, onları  min bir əziyyətə, məhrumiyyətlərə düçar edirik, həbsə atırıq.
 
Alim cəmiyyətin dəyəridir. Təsadüfi deyil ki, Məhəmməd Peyğəmbər “Aimin mürəkkəbi ilə  şəhidin qanı göylər üçün eyni rəngdədir” deyirdi. Axı sındırılmış, alçaldılmış, təhqir edilmiş alimlərlə biz cəmiyyəti necə inkişaf etdirərik? Bu bir həqiqətdir ki, Əli İnsanov Azərbaycanın dünya miqyasında tanınan alimlərindəndir. İndi onu gülünc və siyasi mahiyyətli olduğu açıq-aşkar görünən ittihamlarla həbsdə saxlamağın nə adı var?! 
 
Mən hesab edirəm ki, Əli İnsanovun işi təkcə hüquq-mühafizə orqanlarının yox, həm də bizim cəmiyyətin vicdan məsələsi olmalıdır. Belə laqeyd münasibət nə hakimiyyətə, nə də bir millət kimi, bizə hörmət gətirmir”.
 
İlyas İsmayılov açıqlamasında hələ respublika prokuroru işlədiyi illərdə rastlaşdığı bir alimin həbsiylə bağlı hadisəni də nəql edib: 
 
“Mən respublika prokuroru təyin olunmazdan əvvəl – Abbas Zamanovun vaxtında Özbəkistandan Azərbaycana dəvət edilmiş Nadir Mehdiyev adlı nüfuzlu bir alimi həbs etmişdilər. İşi Moskvada Proşkin familiyalı mühüm işlər müstəntiqi aparırdı. Nadir Mehdiyev, indi dünyasını dəyişdiyinə görə adlarını çəkmədiyim bəzi adamlarla yola getmirdi və buna görə də Mərkəzi Komitənin əliylə də onun azad edilməsinin qarşısını alırdılar. Buradan SSRİ rəhbərliyinə, SSRİ Baş Prokuroru adına məktublar təşkil edilirdi ki, onu həbsdə saxlasınlar.  
 
Mən Moskvaya Kollegiyaya gedən zaman SSRİ Baş prokuroru Aleksandr Mixayloviç Rekunkov həmin məktubları göstərərək, dedi: 
 
“Yoldaş İsmayılov, mən sizin milləti heç cür başa düşə bilmirəm. Mənə göndərilən məktublarda alimin buraxılmasını yox, həbsdə saxlanmasını istəyirlər!”
 
Mən Bakıya qayıtdıqan dərhal sonra bu məsələni rəhmətlik Kamran Bağırova da danışdım və məlum oldu ki, Nadir Mehdiyevin həbsdə saxlanması üçün ona da güclü təzyiq edilir…
 
Br müddət sonra Mehdiyev azadlığa buraxıldı və Azərbaycandan getdi… Yəni, sözümün canı odur ki, alimlərin cəmiyyətə verdikləri fayda daha çoxdur, nəinki vurduqarı ziyan. Üstəlik, Əli İnsanov ittiham olunduğu əsas maddələrlə cəzasını çoxdan çəkib qurtarıb. Onu təzədən gülünc ittihamlarla içəridə saxlamağın nə adı var?! Axı bu, nə ədalətə, nə mərhəmətə, nə də dəyərlərə hörmətə sığır?! Əksinə, onu içəridə saxladıqca, cəmiyyətdə o fikir güclənir ki, hakimiyyət məhz Əli İnsanovun siyasi iddalarından çəkinərək, onu zorla içəridə saxlayır.”

Prezident İlham Əliyevin təqaüdlərin artırılması barədə verdiyi son sərəncamlar tələbələrin sosial rifah halının yaxşılaşdırılması ilə yanaşı, təhsil üçün çox vacib olan istiqamətin - tələbələrin akademik göstəricilərinin yüksəldilməsi üçün atılan addımdır.

Addim.Az Trend-ə istinadən xəbər verir ki, bunu təhsil naziri Ceyhun Bayramov deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə sərəncamı növbəti aydan etibarən daha 16 min tələbənin akademik göstəricilərini yaxşılaşdırması üçün stimul yaradır.

Qeyd edək ki, son sərəncamlarla ümumilikdə təhsilin müxtəlif pillələrində təhsil alanların təqaüdləri minimum 14 faizdən 25 faizdək artırılıb.

 

Bu sərəncamın təxminən 110 min tələbəyə şamil olunduğunu deyən nazir bildirib ki, martın 1-dən hazırda təqaüd alan tələbələrdən başqa, 16 min tələbə də təqaüd almaq imkanı əldə edəcək:

"Bu isə təqaüd alan tələbələrin sayının 30 faiz artması deməkdir. Eyni zamanda, 2019-2020-ci tədris ilindən başlayaraq, 45 faizdən az olmayaraq, 2020-2021-ci tədris ilindən etibarən təqaüd alan tələbələrin sayının 50 faizdən az olmayan səviyyəyə çatdırılması təmin ediləcək".

Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin əməkdaşları tərəfindən Hacıqabul rayonunun Pirsaat kəndi yaxınlığında icazəsiz ova cəhd edən əcnəbi vətəndaş saxlanılıb.
 
Modern.az xəbər verir ki, araşdırma zamanı təqsirkar şəxsin Birləşmiş Ərəb Əmirliyi vətəndaşı Al Oud Mubarak Al Kaam Saeed Alameri olduğu məlum olub.
 
Faktla bağlı brakonyer barəsində  akt, protokol tərtib olunub və ona inzibati qaydada 2000 manat məbləğində cərimə tətbiq edilib.

Ölkəmizdə qəzet, jurnal və kitab satışının əlavə dəyər vergisindən (ƏDV) azad edilməsi ilə bağlı məsələ yenidən gündəmə gəlib. 

Milli Məclisin son iclasında bu məsələni deputat Fazil Mustafa da qaldırılıb. O bildirib ki, Azərbaycan yeganə ölkədir ki, kitablar üzərində ƏDV 18 faizdir: «Hətta Türkiyədə bu 8 faiz idi, onu da götürdülər. Avropa ölkələrində də 7 faiz müəyyən olunub. Azərbaycanda hətta kitabların statistikası belə aparılmır. Bu, kitaba münasibətin göstəricisidir. Bizdə kitablar həddən artıq bahalıdır. Belarusda kitab mağazalarından icarə haqqı belə alınmır. Çünki fikirləşirlər ki, kitab olmasa, savadsızlıq baş alıb gedəcək”.

Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov da dəfələrlə ƏDV-nin götürülməsini təklif edib: 

«Təklif edirəm ki, ümumiyyətlə bütün çap məhsulları - qəzet, jurnal, kitab istehsalı və ölkəyə gətirilməsi üzərindən ƏDV götürülsün. Nəzərə alaq ki, gələcək elmə, biliyə söykənir. İstərdim ki, gələcəyimiz naminə bunu unutmayaq”. 

Parlamentdə səslənən təkliflərə Vergilər Nazirliyindən də cavab gəlib. Vergilər nazirinin müavini Sahib Ələkbərov təmsil etdiyi qurumun qəzet, jurnal və kitab satışının ƏDV-dən azad edilməsinin heç vaxt əleyhinə olmadığını bildirib: 

“Əgər hökumət təklif ilə çıxış edərsə, biz əleyhinə deyilik. Orada böyük məbləğlərdən də söhbət getmir. Oxuyan vətəndaşların sayının artması üçün bu, yaxşı addım ola bilər. Amma bizdən asılı deyil. Belə bir təklif olacaqsa, biz onu dəstəkləməyə hazırıq”.

Qeyd edək ki, dünyanın bir sıra ölkələrində kitabların, o cümlədən də qəzet və jurnalların satışı ilə bağlı vergi tətbiq edilmir. Bu, vətəndaşların oxumasını stimullaşdırmaq məqsədi daşıyır. Qardaş Türkiyədə də sözügedən məhsulların satışı ƏDV-dən azad edilir. Ölkə prezidenti Rəcəb Təyyub Ərdoğan bu həftə parlamentdə məsələ ilə bağlı qanun qəbul ediləcəyini açıqlayıb.

«Artıq kitabda, jurnalda və qəzetdə ƏDV olmayacaq. Biz bu addımla rəqəmsallaşma şəraitində yayımçılara dəstək veririk» 

Azərbaycanda isə kitab, jurnal və qəzetlərin satışı ilə yanaşı, KİV məhsullarının idxalı üçün də ƏDV tətbiq edilir, Nazirlər Kabineti idxal olunan KİV məhsullarının ƏDV-dən azad edilməsi barədə 2005-ci ildə qərar qəbul etmişdi. Həmçinin, Vergi Məcəlləsində də bu məhsulların ƏDV-dən azad olunması nəzərdə tutulur. 

Üç il əvvəl Nazirlər Kabinetinin sözügüdən qərarı ləğv edilib və Vergi Məcəlləsində bu məsələnin nəzərdə tutulmasına baxmayaraq, Azərbaycana gətirilən qəzet-jurnallardan və qəzet kağızından əlavə dəyər vergisi tələb edilir.

Vergilər Nazirliyinin hökumətdən təklif gözlədiyi bir məqamda Mətbuat Şurası Nazirlər Kabineti qarşısında bu məsələ qaldırıbmı? ƏDV-nin ləğvi ilə bağlı təkliflər KİV məhsullarının idxalını əhatə edə bilərmi? 

Mətbuat Şurasının İdarə Heyətinin üzvü Yadigar Məmmədli «Cümhuriyət» qəzetinə açıqlamasında bildirib ki, təklif Milli Məclis kimi yüksək tribunadan səsləndirilibsə, müvafiq qurumlar bununla bağlı öz işlərini görməlidir: 

«Mətbuat Şurası hansısa qanunvericiliyin dəyişdirilməsi ilə bağlı təkliflər verməli deyil. Adətən bu cür təkliflər Milli Məclisdə səsləndirilir. Doğrudan da, Vergilər Nazirliyi müvafiq hesab edirsə, həmin güzəştlərlə bağlı qanunvericiliyə düzəlişlər təklif edilməlidir. Müvafiq komissiyalarda müzakirə edilərək, rəy veriləndən sonra bu Milli Məclisin iclasına çıxarılır. Əgər biz jurnalistlər, Mətbuat Şurası bunu istəyiriksə və Maliyyə Nazirliyi də etiraz etmirsə, prosedur qaydalara riayət etməklə məsələnin həyata keçirilməsinə başlamaq olar».

Yadigar Məmmədli deyir ki, təkliflərdən biri də ƏDV-nin KİV-in istifadə etdiyi məhsulların üzərindən götürülməsidir: 

«Bura qəzet kağızı, boyalar və bütövlükdə texniki avadanlıqlar daxildir. Bunlar qəzetin yükünü artırır. Ona görə də təklif edirik ki, qəzetin istehsalında istifadə olunan bütün malların üzərindən əlavə dəyər vergisi götürülsün». 

Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının ilk iclası keçirilib.

"Ölkə.Az" xəbər verir ki, komissiyanın üzvü Rəşad Məcid “Report”a açıqlamasında deyib ki, iclasda daxil olan müraciətlərin daha bir qisminə baxılıb.

O bildirib ki, növbəti iclaslarda müraciətlərin qalan hissəsinə baxılması da nəzərdə tutulur.

Qeyd edək ki, komissiyaya daxil olan müraciətlərə baxıldıqdan sonra siyahı Prezident İlham Əliyevə təqdim ediləcək. Dövlət başçısının Novruz bayramında əfv sərəncamı imzalayacağı gözlənilir.

Bakı şəhəri 153 saylı tam orta məktəbi şagirdlərdən birinin valideyninin məktəb direktorundan şikayətinə münasibət bildirib.
 
Təhsil ocağından Oxu.Az-ın sorğusuna cavab olaraq qeyd edilib ki, videonu yayan şəxs Hacıyev Səbuhi Mübariz oğlunun övladı 153 nömrəli tam orta məktəbin V sinfinin şagirdi (müvafiq səbəblərə görə şagirdin adı qeyd edilmir) birinci yarımil ərzində dərslərdə iştirak etməyib. 
 
"Məktəb rəhbərliyi tərəfindən şagirdin təhsilə cəlb olunması ilə bağlı müvafiq tədbirlər görülsə də, müsbət nəticə əldə olunmadığından şagirdin biliyi birinci yarımil üzrə qiymətləndirilməyib. 2019-cu ilin fevral ayının əvvələrində Səbuhi Hacıyev övladını Yevlax rayonu R.Rzayev adına Qoyunbinəsi kənd orta məktəbində təhsil alması ilə bağlı  28 yanvar 2019-cu il  tarixli, 278 nömrəli arayışı məktəbə təqdim  edib. 
 
12 fevral 2019-cu il tarixdə şagirdin Yevlax rayonu R.Rzayev adına Qoyunbinəsi kənd orta məktəbinə yerdəyişməsinin rəsmiləşdirilməsi üçün atası Səbuhi Hacıyev məktəbə dəvət edilib, lakin o, fikrini dəyişdiyini və övladının 153 nömrəli tam orta məktəbdə təhsilinin davam etdirməsini istədiyini bildirib. Hazırda həmin şagird təhsilini 153 nömrəli tam orta məktəbdə davam etdirir”, - deyə məlumatda vurğulanır.
 
Xatırladaq ki, bundan əvvəl 153 saylı tam orta məktəbdə təhsil alan şagirdin valideyni məktəb direktorundan şikayət edib. Valideynin iddiasına görə, uşağı məktəbdən səbəbsiz çıxarılıb.
 
Şagirdin atası əlavə edib ki, oğlunun dərsdə iştirak etmədiyi günlər üçün tibbi arayış alınıb. O, oğlunun dərsdən kənarlaşdırılmasının əsl səbəbini valideynin məktəbə "fond pulu”, "mühafizə pulu” ödəməməsi ilə əlaqələndirib.

 

Bakı Nəqliyyat Agentliyi "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn bəzi məsələlərin icrası ilə bağlı layihəyə başlayıb.
 
Agentlikdən  Anews.az-a verilən məlumata görə, layihəyə əsasən Bakı şəhərinin inzibati ərazisində müntəzəm marşrut xətti üzrə sərnişin avtobuslarından istifadə edən sərnişinlər sükan arxasında tütün məmulatından istifadə edən sürücünün inzibati qaydada məsuliyyətə cəlb edilməsində iştirak edə bilər. Bunun üçün sürücünün xəta törətməsini aydın əks etdirən foto çəkilməli, avtobusun eyniləşdirmə və ya dövlət qeydiyyat nömrəsi, marşrut xəttinin nömrəsi barədə məlumatları Agentliyin facebook sosial şəbəkəsindəki rəsmi səhifəsinə və ya "Tütün” başlığı ilə Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron ünvanına göndərilməlidir. Məlumatlar xətanın aşkar edildiyi andan 24 saat müddətinədək təqdim edilməlidir. Xətanı törədən sürücünün İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyətə cəlb edilərək 40 manatdan 50 manatadək məbləğdə cərimələnməsi həyata keçiriləcək.
 
Bakı Nəqliyyat Agentliyi ictimai nəqliyyatda etik davranış qaydalarına əməl edilməsi sahəsində birgə mübarizənin əhəmiyyətli olduğunu bildirir və sərnişinləri aktiv olmağa dəvət edir.
 
Qeyd edək ki, rüblük olaraq daha çox inzibati xəta göndərən (məlumatları rəsmiləşdirilən) sərnişin mükafatlandırılacaq.
Azərbaycanda korrupsiyanın daha çox qeydə alındığı sahələr açıqlanıb.
 
Report bildirir ki, bunu Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın katibi Kamal Cəfərov "Facebook” sosial şəbəkəsindəki hesabında canlı yayım zamanı deyib.
 
Onun sözlərinə görə, korrupsiya hər bir ölkədə olduğu kimi, Azərbaycanda da var: "Dövlət də bununla bağlı mütəmadi tədbirlər görür. Azərbaycanda korrupsiyanın daha çox yayıldığı sahə tikinti sahəsidir. Ən birincisi, bir mənzilin bir neçə nəfərə satılması hallarıdır. Ona görə də korrupsiya tikinti sahəsində daha çox müşahidə olunur. Biz çox qısa zamanda bunun qarşısını tamamilə alacağıq. Bundan sonra cəmiyyətdə tikinti şirkətlərinə inam artacaq. Bank sektorunda da korrupsiya daha çox müşahidə olunur”.
 
K.Cəfərov bildirib ki, bu il ekoloji cinayətlərlə bağlı 28 cinayət işi qeydə alınıb: "Amma 2017-ci ildə ekologiya ilə bağlı bir dənə də olsun cinayət işi olmayıb”.

153 saylı tam orta məktəbdə təhsil alan şagirdlərdən birinin valideyni məktəb direktorundan şikayət edib.


Orman.az xəbər verir ki, valideyni uşağın məktəbdən səbəbsiz qovulduğunu deyir. O, qeyd edir ki, məktəbin direktoru Təranə Paşayeva şagirdi dərsdə iştirak etmədiyinə görə təhsildən uzaqlaşdıöını bildirir.
Lakin atası onu da əlavə edir ki, oğlunun dərsdə iştirak etmədiyi günlər üçün tibbi arayış alınıb. O, şagirdin dərsdən qovulmasının əsl səbəbini valideynin məktəbə "fond pulu”, "mühafizə pulu” ödəməməsi ilə əlaqələndirib.
Qovulan şagirdin valideyni Təhsil Nazirliyinə və millət vəkili Qənirə Paşayevaya müraciət edib.
Ən ürəkdağlayan məqam isə şagirdin simasında görünür. Məsələnin bizə məlum olan tərəfi odur ki, azyaşlı ciddi psixoloji travma yaşayır.
Ümid edirik ki, Təhsil Nazirliyi valideynin bu çağırışına reaksiya verəcək, problemin dəqiq səbəbi analiz olunaraq məsələyə düzgün qiymət veriləcək.
Qeyd edək ki, 153 saylı tam orta məktəbin direktoru Təranə Paşazadə Qənirə Paşayevanın yaxın qohumudur.

 

 

Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF)yeni şərtlər elan etməsi tamamilə qanuna və məntiqə uyğundur.

Bu sözləri Axar.az-a açıqlamasında Mətbuat Şurasının (MŞ) sədr müavini Müşfiq Ələsgərli medianın maliyyələşdirilməsi ilə danışarkən deyib. O, vaxtaşırı olaraq KİV qarşısında yeni tələblər irəli sürüldüyünü bildirib:

“KİVDF təqribən 10 ildir ki, eyni standartlarla maliyyə yardımı göstərir. Hər 3 ildən bir şərtlərində yeniliklər edir. Əgər bir mətbu orqanı maliyyə yardımı alırsa, təbii ki, fəaliyyətində müəyyən addımlar atmalı, həm tirajında, həm tərtibatında, həm də texniki avadanlıqlarında ictimai rəyə təsir edən yeniliklər etməlidir. KİVDF də zaman-zaman bunu tələb edir. Artıq MŞ dördüncü dəfədir ki, yeni şərtlər irəli sürür. Hansı mətbuat orqanları buna uyğunlaşırsa, yeni şərtlərdən irəli gələn tələbləri həll edə bilirsə, təbii ki, maliyyə almağa davam edəcək. Əks halda, mətbu orqanları yeni vasitələr axtarmalıdır. Həmin vasitələrin axtarışında da KİV-ə dəstək göstəriləcək.

Məsələn, MŞ qəzetlərin yayım işinin asanlaşdırılması üçün infrastruktura yenidən baxılması ilə bağlı müzakirələr apardı. Ümumi fikir bundan ibarət oldu ki, qəzetlərin satış və yayım yerlərinin sayı artırılmalıdır”.

M.Ələsgərlinin sözlərinə görə, KİV-in sosial elanlar, reklamlar alması məsələsinə də yenidən baxılmalıdır:

“KİV-in əsas maliyyə mənbəyi reklamlardan formalaşır. Hazırda Azərbaycanda reklam sahəsində müəyyən çatışmazlıqlar var. Ona görə də MŞ təklif etdi ki, bu məsələdə mətbu orqanlara yardım olunsun.

Bundan əlavə, KİV-nin yeni texnologiyalardan istifadəsinin stimullaşdırılması üçün bir sıra addımlar atılmalıdır. Bu təkliflər gerçəkləşdirilərsə, KİV-in yayımının genişləndirilməsi və onların maddi gəlirlərinin artmasına təsir göstərəcək. Amma bu addımlar təkcə MŞ-dan və ya KİVDF-dən asılı deyil. Əlaqədar qurumlar- Bakı Şəhər İcra Hakimiyyəti, Milli Məclis, eləcə də reklamverənlər bu məsələyə baxmalı və öz işini yenidən qurmalıdır.

Mətbu orqanlarının maliyyələşdirilməsi üçün yeni şərtlər irəli sürüldükdən sonra bəzi redaksiyalar ajiotaja düşərək qəzetləri bağladılar. Əslində bu KİVDF-nin tələbi deyil. KİVDF-nin tələbi odur ki, qəzetlər sadəcə yeni dövrə uyğunlaşdırlsın.

MŞ və KİVDF zaman-zaman yeni şərtlərlə bağlı açıqlama verərək narahat olmağa heç bir əsas olmadığını bildirib. Fikir verirsinizsə, KİVDF-nin bu tələbindən sonra cəmiyyətdə nə qədər canlanma yaranıb. Qəzetlər artıq abunə kampaniyalarına başlayıb, oxucu cəlb etmək üçün bir sıra yeni proqramlara start verib. Yəni bütün bunlar artıq dövrün tələbidir. Bunu bacaranlar, bazar rəqbətinə davam edən mətbu orqanları yaşayacaqlar”.

Sədr müavini internet mediasının maliyyələşdirilməsi ilə bağlı müzakirələrdən də danışıb:

“İnternet medianın maliyyələşməsi də gündəmdə olan bir məsələdir. Bu bir neçə ildir müzakirə olunur. KİVDF öz şərtlərində yenilik edirsə, yəqin ki, onlayn medianın da maliyyələşməsi məsələsinə baxılacaq. Amma bu bir az zamana bağlıdır. Hələlik konkret qərar verilməyib, bu yöndə müzakirələr davam edir.

Hesab edirəm ki, bu sahədə müvafiq mexanizmlər müəyyənləşdiriləcək. Çünki bu artıq zəruri məsələdir. Elə bir dövrdə yaşayırıq ki, onlayn media inkişaf etmədən, dəstək göstərilmədən informasiya məkanının ümumilikdə inkişaf etməsi bir az problemli olar. Yəqin ki, bu müzakirələrin yekunu olaraq müəyyən qərarların verilməsinə nail olunacaq.

İnternet medianın maliyyələşdirilməsi üçün proses artıq başlayıb. Təqribən bu ilin birinci yarısına qədər müzakirələr yekunlaşmalıdır, amma konkret vaxt demək olmaz”.

Qeyd edək ki, fevralın 11-də Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib. İclasda Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun qəzetlərin maliyyələşməsi üçün şərtləri dəyişdirməsindən sonra yaranmış durum müzakirə edilib.

Bu gün Bakı Ağır Cinayət Məhkəməsində qaçaqmalçılıq yolu ilə Azərbaycandan külli miqdarda xarici valyuta çıxarmaqda təqsirləndirilən Karanaev Nurmaqomed Maqomedtaqiroviçin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 
 
Hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. 
 
Hökmə əsasən, təqsirləndirilən şəxs yeddi il müddətinə azadlıqdan məhrum edilib. 
 
Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinin yaydığı məlumata əsasən, İran İslam Respublikasından gələrək Azərbaycandan tranzit keçməklə Rusiya Federasiyasına "gül kələmi” yükü aparan Rusiya Federasiyası vətəndaşı Karanaev Nurmaqomed Maqomedtaqiroviçin idarə etdiyi "Volvo FN 12” markalı, E900XX05/AH264639 dövlət nömrə nişanlı yük-nəqliyyat vasitəsinə Xaçmaz Gömrük İdarəsinin "Samur” gömrük postunda gömrük baxışı keçirilib.
 
Yoxlama zamanı maşının kabinindəki qəhvəyi rəngli çantanın içərisindən gömrük nəzarətinə bəyan edilməyən 4200 ədəd 5000-lik, 8953 ədəd 1000-lik və 54 ədəd 500-lük əskinaslardan ibarət ümumilikdə 29 milyon 980 min rus rublu aşkar edilib.
 
Həbs edilən N.Karanaevin barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
 
mənbə: oxu.az

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov yaranmasının yeddinci il dönümü münasibəti ilə Dövlət Xidmətinin bir qrup əməkdaşına hərbi rütbə verib.

Addim.az-ın məlumatına görə, onlar arasında Dövlət Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, əməkdar jurnalist Füzuli İsmayılov da var.

F.İsmayılova mayor rütbəsi verilib.

Qeyd edək ki, F.İsmayılov 1975-ci ildə Gədəbəy rayonunun Cəfərli kəndində anadan olub. 1992-ci ildə orta məktəbi bitirib. Elə həmin il Bakı Sosial İdarəetmə və Politologiya İnstitutuna daxil olub. 1997-ci ildə həmin institutu fərqlənmə diplomu ilə başa vurub. Həmçinin Bakı Dövlət Universiteti hüquq fakültəsinin məzunudur.

Azərbaycan Milli Elmlər Akademiyasının aspiranturasında təhsil alıb. 2005-ci ildə "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və ABŞ-ın mövqeyi" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. Tarix üzrə fəlsəfə doktorudur.

1996-cı ildən Azərbaycan Dövlət Radiosunda, 1998-ci ildən 2005-ci ilə kimi isə Azərbaycan Televiziyasında işləyib. 2005-ci ilin may-iyul aylarında Azərbaycan Müəllimlər İnstitutunda kadrlar şöbəsinin rəisi vəzifəsində çalışıb.

2005-ci ildən 2014-cü ilə qədər İctima Televiziyada müxtəlif vəzifələrdə işləyib. 2014-cü ildən 2018-ci ilin oktyabr ayına qədər Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə əlaqələr idarəsinin rəsi müavini vəzifəsində çalışıb. 2018-ci ilin noyabr ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi təyin edilib.

F.İsmayılov 2016-cı ildə Prezident İlham Əliyevin sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib və 2017-ci ildə əməkdar jurnalist fəxri adına layiq görülüb.

Ailəlidir, 1 qızı və 2 oğlu var.

"Son vaxtlar Gürcüstan dövlət qeydiyyat nişanlı avtomobillərinin sayı paytaxt Bakıda çoxalıb. Sürücülər arasında sanki bir dəb halını alıb ki, bu ölkəyə məxsus olan qeydiyyat nişanlı avtomobil ilə hər hansı qayda pozduqda radar və kameralar bunu aşkar etsə də sürücülər bu vəziyyətdən asanlıqla çıxırlar."
Bunu yol hərəkəti təhlükəsizliyi üzrə ekspert Elməddin Muradlı deyib.

Onun sözlərinə görə, bəzən 5000-10000 manata qədər cərimə dəyərində qayda pozsalar belə maşını Gürcüstana keçirir, yeni nömrə alaraq Azərbaycana qayıdırlar.

"Bu tendensiya həqiqətən də əvvəllər baş verib. Lakin biz Avtosfer.az saytı olaraq Baş Dövlət Yol Polisi İdarəsi ilə müzakirələr aparmışıq. Belə bir nəticə ortaya çıxdı ki, hazırda bu əməllərə yol verən sürücülər heç də məsuliyyətdən kənarda qalmır. DYP əməkdaşları həmin nəqliyyat vasitələrini saxladıqda onun ban və şassi nömrələrini Mərkəzi Məlumat Sistemində yoxlamaqla əvvəlki cərimələrini də üzə çıxara bilirlər. Artıq son günlər onlarla belə avtomobil saxlanılıb və məlum olub ki, onların əksəriyyəti bir neçə dəfə Gürcüstanda dövlət qeydiyyat nişanını dəyişib. Bununla belə YPX əməkdaşları həmin avtomobilləri cərimə meydançasına aparır və cərimələri ödədikdən sonra sürücülər nəqliyyat vasitələrini götürə bilir."

Elməddin Muradlı deyir ki, çox təssüflər olsun ki, Gürcüstanda yaşayan həmvətənlərimiz həmin ölkədə bütün yol hərəkəti qaydalarına əməl edirlər. "Azərbaycandan Gürcüstana gedəndə sərhəddi keçən kimi təhlükəsizlik kəməri taxır, qaydalar çərçivəsində sürürlər. Amma nədənsə Azərbaycan ərazisində özlərini "toxunulmaz" sayır və çox kobud qayda pozuntularına yol verirlər. Hətta 15, 17 min manat məbləğində cəriməsi olanlar var. Bəziləri məsuliyyətdən yayınmaq üçün Gürcüstanın Azərbaycandakı səfirliyinə müraciət ediblər. Amma nəzərə almaq lazımdır ki, qaydaları pozanlar mütləq şəkildə cəzalanacaq."

Qeyd edək ki, Baş Dövlət Yol Polisi İdarəsi Avtosfer.az saytı vasitəsilə bu cür qayda pozan sürücülərə müraciət edərək bunun heç bir faydasının olmayacağını diqqətə çatdırır və qaydalara əməl etməyə çağırır.
 

Ağdam rayon Polis şöbəsinin Dövlət Yol Polisi bölməsinə yeni rəis təyin edilib.
 
Addim.az Report-a istinadən xəbər verir ki, bu vəzifə müvafiq əmrlə polis baş leytenantı Allahverdi Allahverdiyevə həvalə olunub.
 
A.Allahverdiyev bu təyinatadək Zərdab rayon Polis şöbəsinin Dövlət Yol Polisi bölməsində baş inspektor vəzifəsində çalışıb.
Prezident İlham Əliyev bu gün imzaladığı sərəncamla Rəvan Həsənovu Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru vəzifəsinə təyin edib.
 
Rəvan Vaqif oğlu Həsənov bu günədək Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktorunu əvəz edirdi. O, daha əvvəl Azərbaycan Respublikasının Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin məsləhətçisi vəzifəsində çalışıb.
 
Qeyd edək ki, Rəvan Həsənov 1989-cu ildə anadan olub və bu ilin iyul ayında 2-də 30 yaşını tamam edəcək
 
O, Bakı Dövlət Universitetinin və Çokaqo Kent-Hüquq Kollecinin məzunudur.
Özünü polis əməkdaşı təqdim edib vətəndaşa qarşı quldurluq etməkdə təqsirləndirilən Şaban Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
 
Addim.az-ın open.az-a istinadən məlumatına görə , Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.
 
Ş.Məmmədov özünü qismən təqsirli bildiyini deyib. O bildirib ki, "Ukrayna" dairəsində yerləşən parkda gəzişərkən gənc oğlanla qızın yan-yana oturduğunu görüb onlara yaxınlaşıb: "Oğlan mənə "sən kimsən" sualını verdi, polis olduğumu dedim. Qızın ailəsi bilirmi soruşdum. O da "yox" cavabı verib, məni kənara çəkdi. Sonra həmin şəxs qızın aləsinin bu barədə məlumatlarının olmadığını deyərək, söhbəti 100 manatla həll etdik. Çıxıb oradan getdim".
 
Sualları cavablandıran təqsirləndirilən şəxs söyləyib ki, hadisə zamanı üzərində boş qaz balonu olub: "Onu əvvəllər küçədən tapmışdım. Gənclərə yaxınlaşmaqda məqsədim asayişi qorumaq idi, onlardan pul almaq niyyətində deyildim".
 
O bildirib ki, daha əvvəllər Daxili İşlər Nazirliyinin (DİN) Əlahiddə Çevik Polis Alayında 7 il 6 ay müddətinə çalışıb: "Sonra polisdən qovulmuşam".
 
Məhkəmədə ifadə verən zərərçəkmiş Ülvi Abdullazadə qeyd edib ki, parkda nişanlısı ilə gəzərkən bir vətəndaş ona yaxınlaşıb, polis əməkdaşı olduğunu bildirib. Ü.Abdullazadənin sözlərinə görə, Ş.Məmmədov daha sonra onu nişanlısının yanında döyüb, 100 manat pulunu alıb.
 
Qeyd edək ki, Ş.Məmmədov Bakıda özünü polis əməkdaşı kimi təqdim edərək quldurluq edib. Belə ki, paytaxt sakini Ülvi Abdullazadə Xətai Rayon Polis İdarəsinə müraciət edərək "Ukrayna" dairəsində yerləşən parkda özünü polis əməkdaşı kimi təqdim edən bir nəfərin ona yaxınlaşdığını və quldurluq yolu ilə 100 manat pulunu əlindən aldığını bildirib. Daha sonra cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Ş.Məmmədov saxlanılıb. Araşdırma zamanı məlum olub ki, Ş.Məmmədov daxili işlər orqanlarının əməkdaşı olmadığı halda, özünü zərərçəkənə polis kimi təqdim edərək qeyd edilən cinayəti törədib.

 

89 -dən səhifə 91
Top