CƏMİYYƏT (1483)

Bakı şəhəri 153 saylı tam orta məktəbi şagirdlərdən birinin valideyninin məktəb direktorundan şikayətinə münasibət bildirib.
 
Təhsil ocağından Oxu.Az-ın sorğusuna cavab olaraq qeyd edilib ki, videonu yayan şəxs Hacıyev Səbuhi Mübariz oğlunun övladı 153 nömrəli tam orta məktəbin V sinfinin şagirdi (müvafiq səbəblərə görə şagirdin adı qeyd edilmir) birinci yarımil ərzində dərslərdə iştirak etməyib. 
 
"Məktəb rəhbərliyi tərəfindən şagirdin təhsilə cəlb olunması ilə bağlı müvafiq tədbirlər görülsə də, müsbət nəticə əldə olunmadığından şagirdin biliyi birinci yarımil üzrə qiymətləndirilməyib. 2019-cu ilin fevral ayının əvvələrində Səbuhi Hacıyev övladını Yevlax rayonu R.Rzayev adına Qoyunbinəsi kənd orta məktəbində təhsil alması ilə bağlı  28 yanvar 2019-cu il  tarixli, 278 nömrəli arayışı məktəbə təqdim  edib. 
 
12 fevral 2019-cu il tarixdə şagirdin Yevlax rayonu R.Rzayev adına Qoyunbinəsi kənd orta məktəbinə yerdəyişməsinin rəsmiləşdirilməsi üçün atası Səbuhi Hacıyev məktəbə dəvət edilib, lakin o, fikrini dəyişdiyini və övladının 153 nömrəli tam orta məktəbdə təhsilinin davam etdirməsini istədiyini bildirib. Hazırda həmin şagird təhsilini 153 nömrəli tam orta məktəbdə davam etdirir”, - deyə məlumatda vurğulanır.
 
Xatırladaq ki, bundan əvvəl 153 saylı tam orta məktəbdə təhsil alan şagirdin valideyni məktəb direktorundan şikayət edib. Valideynin iddiasına görə, uşağı məktəbdən səbəbsiz çıxarılıb.
 
Şagirdin atası əlavə edib ki, oğlunun dərsdə iştirak etmədiyi günlər üçün tibbi arayış alınıb. O, oğlunun dərsdən kənarlaşdırılmasının əsl səbəbini valideynin məktəbə "fond pulu”, "mühafizə pulu” ödəməməsi ilə əlaqələndirib.

 

Bakı Nəqliyyat Agentliyi "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn bəzi məsələlərin icrası ilə bağlı layihəyə başlayıb.
 
Agentlikdən  Anews.az-a verilən məlumata görə, layihəyə əsasən Bakı şəhərinin inzibati ərazisində müntəzəm marşrut xətti üzrə sərnişin avtobuslarından istifadə edən sərnişinlər sükan arxasında tütün məmulatından istifadə edən sürücünün inzibati qaydada məsuliyyətə cəlb edilməsində iştirak edə bilər. Bunun üçün sürücünün xəta törətməsini aydın əks etdirən foto çəkilməli, avtobusun eyniləşdirmə və ya dövlət qeydiyyat nömrəsi, marşrut xəttinin nömrəsi barədə məlumatları Agentliyin facebook sosial şəbəkəsindəki rəsmi səhifəsinə və ya "Tütün” başlığı ilə Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron ünvanına göndərilməlidir. Məlumatlar xətanın aşkar edildiyi andan 24 saat müddətinədək təqdim edilməlidir. Xətanı törədən sürücünün İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyətə cəlb edilərək 40 manatdan 50 manatadək məbləğdə cərimələnməsi həyata keçiriləcək.
 
Bakı Nəqliyyat Agentliyi ictimai nəqliyyatda etik davranış qaydalarına əməl edilməsi sahəsində birgə mübarizənin əhəmiyyətli olduğunu bildirir və sərnişinləri aktiv olmağa dəvət edir.
 
Qeyd edək ki, rüblük olaraq daha çox inzibati xəta göndərən (məlumatları rəsmiləşdirilən) sərnişin mükafatlandırılacaq.
Azərbaycanda korrupsiyanın daha çox qeydə alındığı sahələr açıqlanıb.
 
Report bildirir ki, bunu Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın katibi Kamal Cəfərov "Facebook” sosial şəbəkəsindəki hesabında canlı yayım zamanı deyib.
 
Onun sözlərinə görə, korrupsiya hər bir ölkədə olduğu kimi, Azərbaycanda da var: "Dövlət də bununla bağlı mütəmadi tədbirlər görür. Azərbaycanda korrupsiyanın daha çox yayıldığı sahə tikinti sahəsidir. Ən birincisi, bir mənzilin bir neçə nəfərə satılması hallarıdır. Ona görə də korrupsiya tikinti sahəsində daha çox müşahidə olunur. Biz çox qısa zamanda bunun qarşısını tamamilə alacağıq. Bundan sonra cəmiyyətdə tikinti şirkətlərinə inam artacaq. Bank sektorunda da korrupsiya daha çox müşahidə olunur”.
 
K.Cəfərov bildirib ki, bu il ekoloji cinayətlərlə bağlı 28 cinayət işi qeydə alınıb: "Amma 2017-ci ildə ekologiya ilə bağlı bir dənə də olsun cinayət işi olmayıb”.

153 saylı tam orta məktəbdə təhsil alan şagirdlərdən birinin valideyni məktəb direktorundan şikayət edib.


Orman.az xəbər verir ki, valideyni uşağın məktəbdən səbəbsiz qovulduğunu deyir. O, qeyd edir ki, məktəbin direktoru Təranə Paşayeva şagirdi dərsdə iştirak etmədiyinə görə təhsildən uzaqlaşdıöını bildirir.
Lakin atası onu da əlavə edir ki, oğlunun dərsdə iştirak etmədiyi günlər üçün tibbi arayış alınıb. O, şagirdin dərsdən qovulmasının əsl səbəbini valideynin məktəbə "fond pulu”, "mühafizə pulu” ödəməməsi ilə əlaqələndirib.
Qovulan şagirdin valideyni Təhsil Nazirliyinə və millət vəkili Qənirə Paşayevaya müraciət edib.
Ən ürəkdağlayan məqam isə şagirdin simasında görünür. Məsələnin bizə məlum olan tərəfi odur ki, azyaşlı ciddi psixoloji travma yaşayır.
Ümid edirik ki, Təhsil Nazirliyi valideynin bu çağırışına reaksiya verəcək, problemin dəqiq səbəbi analiz olunaraq məsələyə düzgün qiymət veriləcək.
Qeyd edək ki, 153 saylı tam orta məktəbin direktoru Təranə Paşazadə Qənirə Paşayevanın yaxın qohumudur.

 

 

Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF)yeni şərtlər elan etməsi tamamilə qanuna və məntiqə uyğundur.

Bu sözləri Axar.az-a açıqlamasında Mətbuat Şurasının (MŞ) sədr müavini Müşfiq Ələsgərli medianın maliyyələşdirilməsi ilə danışarkən deyib. O, vaxtaşırı olaraq KİV qarşısında yeni tələblər irəli sürüldüyünü bildirib:

“KİVDF təqribən 10 ildir ki, eyni standartlarla maliyyə yardımı göstərir. Hər 3 ildən bir şərtlərində yeniliklər edir. Əgər bir mətbu orqanı maliyyə yardımı alırsa, təbii ki, fəaliyyətində müəyyən addımlar atmalı, həm tirajında, həm tərtibatında, həm də texniki avadanlıqlarında ictimai rəyə təsir edən yeniliklər etməlidir. KİVDF də zaman-zaman bunu tələb edir. Artıq MŞ dördüncü dəfədir ki, yeni şərtlər irəli sürür. Hansı mətbuat orqanları buna uyğunlaşırsa, yeni şərtlərdən irəli gələn tələbləri həll edə bilirsə, təbii ki, maliyyə almağa davam edəcək. Əks halda, mətbu orqanları yeni vasitələr axtarmalıdır. Həmin vasitələrin axtarışında da KİV-ə dəstək göstəriləcək.

Məsələn, MŞ qəzetlərin yayım işinin asanlaşdırılması üçün infrastruktura yenidən baxılması ilə bağlı müzakirələr apardı. Ümumi fikir bundan ibarət oldu ki, qəzetlərin satış və yayım yerlərinin sayı artırılmalıdır”.

M.Ələsgərlinin sözlərinə görə, KİV-in sosial elanlar, reklamlar alması məsələsinə də yenidən baxılmalıdır:

“KİV-in əsas maliyyə mənbəyi reklamlardan formalaşır. Hazırda Azərbaycanda reklam sahəsində müəyyən çatışmazlıqlar var. Ona görə də MŞ təklif etdi ki, bu məsələdə mətbu orqanlara yardım olunsun.

Bundan əlavə, KİV-nin yeni texnologiyalardan istifadəsinin stimullaşdırılması üçün bir sıra addımlar atılmalıdır. Bu təkliflər gerçəkləşdirilərsə, KİV-in yayımının genişləndirilməsi və onların maddi gəlirlərinin artmasına təsir göstərəcək. Amma bu addımlar təkcə MŞ-dan və ya KİVDF-dən asılı deyil. Əlaqədar qurumlar- Bakı Şəhər İcra Hakimiyyəti, Milli Məclis, eləcə də reklamverənlər bu məsələyə baxmalı və öz işini yenidən qurmalıdır.

Mətbu orqanlarının maliyyələşdirilməsi üçün yeni şərtlər irəli sürüldükdən sonra bəzi redaksiyalar ajiotaja düşərək qəzetləri bağladılar. Əslində bu KİVDF-nin tələbi deyil. KİVDF-nin tələbi odur ki, qəzetlər sadəcə yeni dövrə uyğunlaşdırlsın.

MŞ və KİVDF zaman-zaman yeni şərtlərlə bağlı açıqlama verərək narahat olmağa heç bir əsas olmadığını bildirib. Fikir verirsinizsə, KİVDF-nin bu tələbindən sonra cəmiyyətdə nə qədər canlanma yaranıb. Qəzetlər artıq abunə kampaniyalarına başlayıb, oxucu cəlb etmək üçün bir sıra yeni proqramlara start verib. Yəni bütün bunlar artıq dövrün tələbidir. Bunu bacaranlar, bazar rəqbətinə davam edən mətbu orqanları yaşayacaqlar”.

Sədr müavini internet mediasının maliyyələşdirilməsi ilə bağlı müzakirələrdən də danışıb:

“İnternet medianın maliyyələşməsi də gündəmdə olan bir məsələdir. Bu bir neçə ildir müzakirə olunur. KİVDF öz şərtlərində yenilik edirsə, yəqin ki, onlayn medianın da maliyyələşməsi məsələsinə baxılacaq. Amma bu bir az zamana bağlıdır. Hələlik konkret qərar verilməyib, bu yöndə müzakirələr davam edir.

Hesab edirəm ki, bu sahədə müvafiq mexanizmlər müəyyənləşdiriləcək. Çünki bu artıq zəruri məsələdir. Elə bir dövrdə yaşayırıq ki, onlayn media inkişaf etmədən, dəstək göstərilmədən informasiya məkanının ümumilikdə inkişaf etməsi bir az problemli olar. Yəqin ki, bu müzakirələrin yekunu olaraq müəyyən qərarların verilməsinə nail olunacaq.

İnternet medianın maliyyələşdirilməsi üçün proses artıq başlayıb. Təqribən bu ilin birinci yarısına qədər müzakirələr yekunlaşmalıdır, amma konkret vaxt demək olmaz”.

Qeyd edək ki, fevralın 11-də Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib. İclasda Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun qəzetlərin maliyyələşməsi üçün şərtləri dəyişdirməsindən sonra yaranmış durum müzakirə edilib.

Bu gün Bakı Ağır Cinayət Məhkəməsində qaçaqmalçılıq yolu ilə Azərbaycandan külli miqdarda xarici valyuta çıxarmaqda təqsirləndirilən Karanaev Nurmaqomed Maqomedtaqiroviçin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 
 
Hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. 
 
Hökmə əsasən, təqsirləndirilən şəxs yeddi il müddətinə azadlıqdan məhrum edilib. 
 
Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinin yaydığı məlumata əsasən, İran İslam Respublikasından gələrək Azərbaycandan tranzit keçməklə Rusiya Federasiyasına "gül kələmi” yükü aparan Rusiya Federasiyası vətəndaşı Karanaev Nurmaqomed Maqomedtaqiroviçin idarə etdiyi "Volvo FN 12” markalı, E900XX05/AH264639 dövlət nömrə nişanlı yük-nəqliyyat vasitəsinə Xaçmaz Gömrük İdarəsinin "Samur” gömrük postunda gömrük baxışı keçirilib.
 
Yoxlama zamanı maşının kabinindəki qəhvəyi rəngli çantanın içərisindən gömrük nəzarətinə bəyan edilməyən 4200 ədəd 5000-lik, 8953 ədəd 1000-lik və 54 ədəd 500-lük əskinaslardan ibarət ümumilikdə 29 milyon 980 min rus rublu aşkar edilib.
 
Həbs edilən N.Karanaevin barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
 
mənbə: oxu.az

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov yaranmasının yeddinci il dönümü münasibəti ilə Dövlət Xidmətinin bir qrup əməkdaşına hərbi rütbə verib.

Addim.az-ın məlumatına görə, onlar arasında Dövlət Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, əməkdar jurnalist Füzuli İsmayılov da var.

F.İsmayılova mayor rütbəsi verilib.

Qeyd edək ki, F.İsmayılov 1975-ci ildə Gədəbəy rayonunun Cəfərli kəndində anadan olub. 1992-ci ildə orta məktəbi bitirib. Elə həmin il Bakı Sosial İdarəetmə və Politologiya İnstitutuna daxil olub. 1997-ci ildə həmin institutu fərqlənmə diplomu ilə başa vurub. Həmçinin Bakı Dövlət Universiteti hüquq fakültəsinin məzunudur.

Azərbaycan Milli Elmlər Akademiyasının aspiranturasında təhsil alıb. 2005-ci ildə "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və ABŞ-ın mövqeyi" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. Tarix üzrə fəlsəfə doktorudur.

1996-cı ildən Azərbaycan Dövlət Radiosunda, 1998-ci ildən 2005-ci ilə kimi isə Azərbaycan Televiziyasında işləyib. 2005-ci ilin may-iyul aylarında Azərbaycan Müəllimlər İnstitutunda kadrlar şöbəsinin rəisi vəzifəsində çalışıb.

2005-ci ildən 2014-cü ilə qədər İctima Televiziyada müxtəlif vəzifələrdə işləyib. 2014-cü ildən 2018-ci ilin oktyabr ayına qədər Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə əlaqələr idarəsinin rəsi müavini vəzifəsində çalışıb. 2018-ci ilin noyabr ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi təyin edilib.

F.İsmayılov 2016-cı ildə Prezident İlham Əliyevin sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib və 2017-ci ildə əməkdar jurnalist fəxri adına layiq görülüb.

Ailəlidir, 1 qızı və 2 oğlu var.

"Son vaxtlar Gürcüstan dövlət qeydiyyat nişanlı avtomobillərinin sayı paytaxt Bakıda çoxalıb. Sürücülər arasında sanki bir dəb halını alıb ki, bu ölkəyə məxsus olan qeydiyyat nişanlı avtomobil ilə hər hansı qayda pozduqda radar və kameralar bunu aşkar etsə də sürücülər bu vəziyyətdən asanlıqla çıxırlar."
Bunu yol hərəkəti təhlükəsizliyi üzrə ekspert Elməddin Muradlı deyib.

Onun sözlərinə görə, bəzən 5000-10000 manata qədər cərimə dəyərində qayda pozsalar belə maşını Gürcüstana keçirir, yeni nömrə alaraq Azərbaycana qayıdırlar.

"Bu tendensiya həqiqətən də əvvəllər baş verib. Lakin biz Avtosfer.az saytı olaraq Baş Dövlət Yol Polisi İdarəsi ilə müzakirələr aparmışıq. Belə bir nəticə ortaya çıxdı ki, hazırda bu əməllərə yol verən sürücülər heç də məsuliyyətdən kənarda qalmır. DYP əməkdaşları həmin nəqliyyat vasitələrini saxladıqda onun ban və şassi nömrələrini Mərkəzi Məlumat Sistemində yoxlamaqla əvvəlki cərimələrini də üzə çıxara bilirlər. Artıq son günlər onlarla belə avtomobil saxlanılıb və məlum olub ki, onların əksəriyyəti bir neçə dəfə Gürcüstanda dövlət qeydiyyat nişanını dəyişib. Bununla belə YPX əməkdaşları həmin avtomobilləri cərimə meydançasına aparır və cərimələri ödədikdən sonra sürücülər nəqliyyat vasitələrini götürə bilir."

Elməddin Muradlı deyir ki, çox təssüflər olsun ki, Gürcüstanda yaşayan həmvətənlərimiz həmin ölkədə bütün yol hərəkəti qaydalarına əməl edirlər. "Azərbaycandan Gürcüstana gedəndə sərhəddi keçən kimi təhlükəsizlik kəməri taxır, qaydalar çərçivəsində sürürlər. Amma nədənsə Azərbaycan ərazisində özlərini "toxunulmaz" sayır və çox kobud qayda pozuntularına yol verirlər. Hətta 15, 17 min manat məbləğində cəriməsi olanlar var. Bəziləri məsuliyyətdən yayınmaq üçün Gürcüstanın Azərbaycandakı səfirliyinə müraciət ediblər. Amma nəzərə almaq lazımdır ki, qaydaları pozanlar mütləq şəkildə cəzalanacaq."

Qeyd edək ki, Baş Dövlət Yol Polisi İdarəsi Avtosfer.az saytı vasitəsilə bu cür qayda pozan sürücülərə müraciət edərək bunun heç bir faydasının olmayacağını diqqətə çatdırır və qaydalara əməl etməyə çağırır.
 

Ağdam rayon Polis şöbəsinin Dövlət Yol Polisi bölməsinə yeni rəis təyin edilib.
 
Addim.az Report-a istinadən xəbər verir ki, bu vəzifə müvafiq əmrlə polis baş leytenantı Allahverdi Allahverdiyevə həvalə olunub.
 
A.Allahverdiyev bu təyinatadək Zərdab rayon Polis şöbəsinin Dövlət Yol Polisi bölməsində baş inspektor vəzifəsində çalışıb.
Prezident İlham Əliyev bu gün imzaladığı sərəncamla Rəvan Həsənovu Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru vəzifəsinə təyin edib.
 
Rəvan Vaqif oğlu Həsənov bu günədək Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktorunu əvəz edirdi. O, daha əvvəl Azərbaycan Respublikasının Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin məsləhətçisi vəzifəsində çalışıb.
 
Qeyd edək ki, Rəvan Həsənov 1989-cu ildə anadan olub və bu ilin iyul ayında 2-də 30 yaşını tamam edəcək
 
O, Bakı Dövlət Universitetinin və Çokaqo Kent-Hüquq Kollecinin məzunudur.
Özünü polis əməkdaşı təqdim edib vətəndaşa qarşı quldurluq etməkdə təqsirləndirilən Şaban Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
 
Addim.az-ın open.az-a istinadən məlumatına görə , Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.
 
Ş.Məmmədov özünü qismən təqsirli bildiyini deyib. O bildirib ki, "Ukrayna" dairəsində yerləşən parkda gəzişərkən gənc oğlanla qızın yan-yana oturduğunu görüb onlara yaxınlaşıb: "Oğlan mənə "sən kimsən" sualını verdi, polis olduğumu dedim. Qızın ailəsi bilirmi soruşdum. O da "yox" cavabı verib, məni kənara çəkdi. Sonra həmin şəxs qızın aləsinin bu barədə məlumatlarının olmadığını deyərək, söhbəti 100 manatla həll etdik. Çıxıb oradan getdim".
 
Sualları cavablandıran təqsirləndirilən şəxs söyləyib ki, hadisə zamanı üzərində boş qaz balonu olub: "Onu əvvəllər küçədən tapmışdım. Gənclərə yaxınlaşmaqda məqsədim asayişi qorumaq idi, onlardan pul almaq niyyətində deyildim".
 
O bildirib ki, daha əvvəllər Daxili İşlər Nazirliyinin (DİN) Əlahiddə Çevik Polis Alayında 7 il 6 ay müddətinə çalışıb: "Sonra polisdən qovulmuşam".
 
Məhkəmədə ifadə verən zərərçəkmiş Ülvi Abdullazadə qeyd edib ki, parkda nişanlısı ilə gəzərkən bir vətəndaş ona yaxınlaşıb, polis əməkdaşı olduğunu bildirib. Ü.Abdullazadənin sözlərinə görə, Ş.Məmmədov daha sonra onu nişanlısının yanında döyüb, 100 manat pulunu alıb.
 
Qeyd edək ki, Ş.Məmmədov Bakıda özünü polis əməkdaşı kimi təqdim edərək quldurluq edib. Belə ki, paytaxt sakini Ülvi Abdullazadə Xətai Rayon Polis İdarəsinə müraciət edərək "Ukrayna" dairəsində yerləşən parkda özünü polis əməkdaşı kimi təqdim edən bir nəfərin ona yaxınlaşdığını və quldurluq yolu ilə 100 manat pulunu əlindən aldığını bildirib. Daha sonra cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Ş.Məmmədov saxlanılıb. Araşdırma zamanı məlum olub ki, Ş.Məmmədov daxili işlər orqanlarının əməkdaşı olmadığı halda, özünü zərərçəkənə polis kimi təqdim edərək qeyd edilən cinayəti törədib.

 

“Xaricdə oturub Azərbaycanın müqəddəs ailə dəyərlərinə belə əl uzadanlar bu millətdən ola bilməz! Bunlar mütləq Azərbaycana qənim kəsilmiş məlum millətlə qanı qarışmış ünsürlərdir. Əsl Azərbaycanlı nə olur-olsun, heç vaxt ailə, qadın məsələlərinə bu qədər tərbiyəsiz və əxlaqsız müdaxilə etməz! Əsl Azərbaycan kişisi ən qatı düşməninin belə ailəsinin, qadınının namusunu öz namusu qədər dəyərli bilər, onu qoruyar. Amma göründüyü kimi, xaricdəki bəzi ünsürlər bütün bu dəyərləri ayaqlar altına atıb. Düşünürəm ki, hər bir Azərbaycan vətəndaşı, hər bir Azərbaycanlı bu ləyaqətsizliyin cavabını verməlidir. Biz, siyasi mübarizəyə ailənin-qadınların alət edilməsini heç cür məqbul saya bilmərik və bu adamların bir an öncə dayandırılması lazımdır. Yeri gəlmişkən, bunlar əgər başqalarının ailəsinə-qadınına əl və dil uzadırsa, demək ki, öz ailələrindəki qadınlara heç bir sayğıları yoxdur. Öz ailəsinin qadınlarına sayğı duyanlar başqa qadınlara da sayğılı davranar. Bunlarsa əksini edir. Sadəcə onların ailələrindəki qadınlara yazıq olur”.

Bu sitat bu günkü açıqlamamdandır. Son günlər bir halı müşahidə edirəm: xaricdəki söyüş çetesi bütün hədləri aşır. Söyüşlər artıq konkret şəxslərə deyil, onların ailəsindəki xanımlara yönəlir. Olmaz belə, olmaz!

 

Dəfələrlə dilə gətirdiyim sualı bir daha təkrarlamaq istərdim: məgər siz ailənizdə də belə söyüşlə danışırsınız? Məgər anlamırsınızmı ki, o söyüşlərinizi sizin yaxınlarınız olan xanımlar da oxuyur, eşidir, görür? Yəni doğrudanmı ağzınızı bulaşdırdığınız söyüşlərlə qadınlarınızın da qulaqlarını və gözlərini yağır etdiyinizin fərqində deyilsiniz? Axı siz demokratiya uğrunda mübarizə apardığınızı iddia edirsiniz? Necə olur ki, o “mübarizə”ni yalnız söyüşlərlə yürüdürsünüz?

 

Söyüşçülər öz yerində. Sadəcə maraqlıdır ki, özünü siyasi alternativ sayanlar da bu söyüş çetesinin arxasındadır. Bizsə düşünürdük ki, onlar həmin söyüşçülərə çağırış edər, onları ədəb çərçivəsinə dəvət edər. Hər nə qədər olmasa da eyni “cəbhə”nin adamlarıdırlar, bir-birilərinin dilini yaxşı anlarlar. Amma etmirlər. Əksinə, söyüşçüləri daha da qızışıdırırlar.

 

İndi iş qalır Azərbaycan ictimaiyyətinə. Bu adamların əsl məqsədinin ölkədə demokratiya və insan haqlarının oturuşmasına xidmət olmadığını görmək üçün söyüşə üstünlük vermələrinə diqqət yetirmək bəs edər. Heç bir ölkədə, heç bir xalqın müxalif düşüncəli kəsimi öz siyasi mübarizəsini söyüşlə aparmır. Heç uzağa getməyək, işğalçı Ermənistanda belə müxaliflər söyüşlə məşğul olmur. Yaxud da bizim kimi Sovetlərin şinelindən çıxmış digər ölkələrdə. Örnək üçün, xaricdə çoxsaylı və yetərincə radikal deyə biləcəyimiz müxalifəti olan Tacikistanda belə söyüşdən əsər-əlamət yoxdur. Şəxsən özüm tacik müxalifətinin Avropadakı çoxsaylı nümayəndələrinin fəaliyyətini görürəm, izləyirəm. Tacikistan hakimiyyətinə qarşı olduqca radikaldırlar, amma bir dəfə də olsun ağızlarından söyüş çıxmaz.

 

Bəs, “bizimkilər”ə nə düşüb? Niyə onlar normal siyas mübarizə aparmaq üçün imkan varkən hər bir məsələni söyüş müstəvisinə çəkirlər? Maraqları nədir? İstər müxalif ol, istər iqtidar, fərq etməz axı. Əgər siz söyüşü mübarizə üsulu seçmisinizsə, mənsub olduğunuz xalqın imicini dünyaya bu cür təqdim etmiş olursunuz. Öz xalqını doğrudan da sevən heç bir insansa – ən radikal müxalifətçi belə istəməz ki, xalqıyla bağlı belə imic formalaşsın. Bunlarsa istəyir.

Bunlar əllərindən gələni edir ki, Azərbaycan xalqı haqqında dünyada belə düşünsünlər. Burdan da o qənaətə gəlirik ki, adamların məqsədi həqiqətən də başqadır. Bu, elə bir məqsəddir ki, həmin məqsədin heç bir Azərbaycanlıya zərrə qədər də olsa faydası ola bilməz!

 

Durum bundan ibarətkən bu gün xaricdə oturub özünə müxalifət deyənlərə az-çox rəğbət bəsləyənlər ciddi düşünməlidir. Onları izləyən, onlara baxıb həvəslənən hər kəs anlamalıdır ki, bu yol fəlakət yoludur. Hər kəs onun fərqinə varmalıdır ki, bu adamlar Azərbaycanda səmimi müxalifətçilik edənləri də öz arxalarınca söyüş-təhqir girdabına sürükləyir. Ona görə də diqqətli olmaqda yarar var.

 

Normal müxalifət, özünü hakimiyyətə alternativ görənlər, yaxud da sadəcə ölkədə demokratiyanın möhkəmlənməsinə töhfə vermək istəyənlər bunun üçün ağlını-zəkasını səfərbər etməlidir. Bunlarsa yalnız söyüşə üstünlük verir. Düşündürücü deyilmi? Şəxsən mənim üçün düşündürücüdür. Zəka mübarizəsi varkən söyüşə üstünlük verilirsə, adamların məqsədi başqadır. Ona görə də, təkrar deyirik, diqqətli olmaq lazımdır. 

Bu il Azərbaycanda ilk dəfə olaraq bələdiyyələrə subvensiya ayrılıb. 2019-cu ilin dövlət büdcəsi haqqında sənədə əsasən, subvensiyanın həcmi 1 milyon manat təşkil edir. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi haqqında” sənədə əsasən bu, Ədliyyə Nazirliyinin Maliyyə Nazirliyinə müraciəti sayəsində baş tutub.

Qeyd edək ki, uzun illərdir Azərbaycanda bələdiyyələrə dövlət büdcəsindən dotasiya ayrılır. Son illərdə bu dotasiyanın məbləği bir qayda olaraq 5,2 milyon manat təşkil edib. Lakin 2019-cu ilin dövlət büdcəsində bələdiyyələrə ayrılan subsidiyanın həcmi 500 min manat azaldılaraq 4,7 milyon manata salınıb. Əvəzində isə Ədliyyə Nazirliyinin təklifi əsasında 1 milyon manat subvensiya ayrılıb. Subvensiya istənilən səviyyəli büdcədən yalnız müəyyən məqsədlər üçün ayrılmış və bu məqsədlər üçün xərclənməli olan pul miqdarıdır. Subsidiya ilə eyni mahiyyət daşısalar da, onların bir sıra əsas fərqləri var. Vətəndaşlar birbaşa subvensiya almırlar. Subvensiya yalnız bir büdcədən digərinə köçürülən pul miqdarını ifadə edir.

Subsidiya və subvensiyanın geri qaytarılaması nəzərdə tutulmur. Hər ikisi qarşılıqsız verilir - yəni əldə etmək üçün hər hansı komissiya və ya faiz miqdarı ödəmək lazım gəlmir. Bu iki yardımı fərqləndirən əsas məqam budur ki, subvensiya yalnız pul formasında ifadə olunur, subsidiya isə eyni zamanda material formaya malik ola bilər, tədris materialları, dərmanlar və s.

Bu il ilk dəfə bələdiyyələr subvensiya əldə edəcəklər.

Bələdiyyə seçkiləri isə bu il dekabrın 27-də keçiriləcək. Seçkilərin keçirilməsi ilə bağlı dövlət büdcəsindən 53 milyon 900 min manat vəsaitin ayrılması nəzərdə tutulub.

“Bələdiyyələrə seçkilərin qaydaları haqqında” Qanunda bildirilir ki, Azərbaycan Respublikasında yerli özünüidarəni həyata keçirən bələdiyyələri Azərbaycan Respublikasının vətəndaşları bu qanunla müəyyən edilmiş qaydada çoxmandatlı seçki əraziləri üzrə ümumi, bərabər, birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçirlər. Bələdiyyələrin səlahiyyət müddəti 5 ildir. Bələdiyyələrin səlahiyyətləri onların ilk iclas günü başlanır və yeni seçilən bələdiyyələrin birinci iclas günü başa çatır. Bələdiyyə üzvlərinin səlahiyyətləri yalnız bələdiyyələrin səlahiyyət müddətində qüvvədədir. 18 yaşı tamam olan və yaşı 18-dən yuxarı olan Azərbaycan vətəndaşlarının bələdiyyələrə üzv seçmək və seçilmək hüququ vardır.

İcra hakimiyyəti orqanlarında işləyən vəzifəli şəxslər, hakimlər, hüquq-mühafizə orqanlarının işçiləri, din xadimləri, hərbi qulluqçular bələdiyyə üzvü seçilə bilməzlər. İcra hakimiyyəti orqanlarında işləyən vəzifəli şəxslərin, hakimlərin, hüquq-mühafizə orqanlarının işçilərinin bələdiyyə üzvlüyünə namizədliyi qeydə alındıqdan sonra 3 gün ərzində onlar tutduqları vəzifədən azad olunmalı və bu barədə müvafiq sənədi ərazi seçki komissiyasına təqdim etməlidirlər. Bu qaydaya riayət olunmadıqda həmin şəxslərin qeydiyyatı ləğv edilir.

Məhkumluğun ödənilməsindən və ya götürülməsindən asılı olmayaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 7-1 maddəsində nəzərdə tutulan ağır cinayətlərə görə məhkum olunmuş şəxslər, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrumetmə yerlərində cəza çəkənlər bələdiyyə üzvü seçilə bilməzlər. Həmçinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada fəaliyyət qabiliyyətsizliyi təsdiq edilmiş şəxslər bələdiyyələrə seçkilərdə iştirak edə bilməzlər.

Mənşəyinə, siyasi baxışlarına, sosial və əmlak vəziyyətinə, irqi və milli mənsubiyyətinə, cinsinə, təhsilinə, dilinə, dinə münasibətinə, məşğuliyyət növünə və xarakterinə görə Azərbaycan Respublikası vətəndaşlarının seçki hüquqlarının qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, birbaşa, dolayısı ilə və ya başqa şəkildə məhdudlaşdırılması qadağandır.

Bələdiyyələrə seçkiləri Azərbaycan Respublikasının Prezidenti təyin edir. Bələdiyyələrin səlahiyyətlərinin qurtarmasına ən geci 120 gün qalmış yeni seçkilər təyin edilir.

Azərbaycanda qanuna uyğun olaraq majoritar seçki sistemi əsasında seçki əraziləri üzrə aşağıdakı sayda bələdiyyə üzvləri seçilir:

500-dən az əhalisi olan ərazilərdə - 5 bələdiyyə üzvü;

500-dən 1000-dək əhalisi olan ərazilərdə - 7 bələdiyyə üzvü;

1000-dən 5000-dək əhalisi olan ərazilərdə - 9 bələdiyyə üzvü;

5000-dən 10000-dək əhalisi olan ərazilərdə - 11 bələdiyyə üzvü;

10000-dən 20000-dək əhalisi olan ərazilərdə - 13 bələdiyyə üzvü;

20000-dən 50000-dək əhalisi olan ərazilərdə 15 bələdiyyə üzvü;

50000-dən 100000-dək əhalisi olan ərazilərdə - 17 bələdiyyə üzvü;

100000-dən 300000-dək əhalisi olan ərazilərdə - 19 bələdiyyə üzvü.

Bələdiyyələrə seçkilərin hazırlanması və keçirilməsi ilə bağlı tədbirlər Azərbaycan dövlət büdcəsinin və bələdiyyə büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir. Seçki komissiyalarının işi üçün qeyri-dövlət təşkilatlarının və müəssisələrinin binalarından və avadanlığından istifadə edilməsinə görə icarə haqqı Azərbaycan dövlət büdcəsinin və bələdiyyə büdcəsinin hesabına ödənilir. Azərbaycan dövlət büdcəsi və bələdiyyə büdcəsinin vəsaitlərindən sözügedən qanunda nəzərdə tutulmuş istisnalardan başqa, bələdiyyə üzvlüyünə namizədlər göstərilməsini təmin etmək və onlar barəsində təşviqat aparmaq üçün istifadə oluna bilməz.

Azərbaycanda bələdiyyə institutunun yaranmasının bu il 20 ili tamam olur. İlk bələdiyyə seçkisi 1999-cu ilin dekabrında keçirilib. Bir sıra ekspertlər hesab edir ki, bu yerli özünü idarəetmə institutu 20 ildə heç də özünü doğrulda bilməyib. Bunu hətta YAP rəhbərliyinə daxil olan şəxslər də ara-sıra dilə gətirirlər. Məsələn, YAP icra katibinin müavini Siyavuş Novruzov bu yaxınlarda verdiyi açıqlamada demişdi ki, bələdiyyələrin çoxunun nə işlə məşğul olduğu, varlığı, yoxluğu bilinmir. Belə olan halda bu qədər bələdiyyələrə və bələdiyyə üzvlərinə ehtiyac yoxdur, bələdiyyələrin və bələdiyyə üzvlərinin sayı azaldılmalıdır.
“Yeni Müsavat”
 

Martın 4-də “Əmanətlərin tam sığortalanması haqqında” Qanunun qüvvədə olma müddəti yekunlaşacaq. 

Bu da, əmanətçilərin narahatlığına səbəb olmaqdadır. Amma bu narahatlığa son qoyula bilər. Belə ki, prezident İlham Əliyevin təşəbbüsü ilə əmanətlərin tam sığortalanması 2020-ci ilin mart ayının 4-ə qədər uzadılır.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlının "Marja"ya açıqlamasına görə, artıq “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə layihə Milli Məclisdədir. Xatırladaq ki, “Əmanətlərin sığortalanması haqqında” Qanuna görə, fiziki şəxslərin banklarda olan əmanətlərin 30 000 manata qəqər olan hissəsi Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığoralanırdı. Bu isə bankların bağlandığı təqdirdə bu məbləğədək olan vəsait üçün konpensasiyanın ödənilməsidir. 2016-cı ildə isə qüvvəyə minən “Əmanətlərin tam sığortalanması haqqında” qanun isə müvafiq müddət üçün tətbiq edilib. 

Onu da qeyd edək ki, Azərbaycandan başqa digər dünya ölkələrində əmanətlərin müəyyən hissələri sığortalanır. ABŞ-da əmanətlərin 250 000 dollara qədər, Kanadada 100 000 dollara qədər olan hissəsi sığortalanır. Əmanətlərin çox az hissəsinin sığortalandığı ölkələrdən biri isə Gürcüstandır. Bu ölkədə banklar müflis olduğu təqdirdə yalnız 5000 lariki (3200 manat) vəsait üçün konpensasiya ödənilir. 

Bəs, ölkəmizdə əmanətlərin tam sığortalanmasının müddətsiz olaraq tətbiq edilməsi mümkündürmü? 

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov əmanətlərin tam sığortalanmasının tətbiq olunmasınını doğru hesab etməsə də, “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, sözügedən qərarın bir qədər tez verilməsi daha yaxşı olardı: 



“Bu barədə qərarın bir qədər əvvəl verilməsi daha yaxşı olardı. Çünki əmanətçilər artıq qorxuya düşmüşdülər və hətta əmanətlərini banklardan çıxarmağa başlamışdılar. Fikrimcə, hökumətdə bu məsələ ilə bağlı vahid fikir olmayıb, sonda isə hələlik müddətin 1 il uzadılması nəzərdə tutulub. Amma hesab edirəm ki, buna ehtiyac yoxdur. Müddət uzadılırsa, 3 illik uzadılsın ki, vətəndaşlar çəkinmədən banka uzunmüdətli pul qoysunlar. Banklara nə qədər uzunmüddətli pul qoyulursa, banklar da sahibkarlara uzunmüddətli kreditlər verə bilir”. 

Dünyanın heç bir yerində əmanətlərin tam sığortalanması sisteminin olmadığını deyən ekspert bunun heç də birmənalı olaraq müsbət amil olmadığını deyir: 

“Çünki əmanətlər tam olaraq dövlətin hesabına deyil, sahibkarların hesabına sığortalanır. Yəni, digər vətəndaşlar kimi sahibkarın da bankda vəsaiti olur. Bank bağlanarkən vətəndaşın pulu sahibkarın hesabına tam qaytarılır. Sahibkara isə heç nə verilmir. Qanun sahibkarları, şirkətləri məcbur edir ki, pullarını bankda saxlasınlar, bank vasitəsilə əməliyyatlar etsinlər. Bu gün ölkənin gələcəyi sahibkarlardan asılıdır. Onlar ölkəyə iqtisadi aktivlik gətirirlər, əhalini iş yeri ilə təmin edirlər”.

Əkrəm Həsənov bir tam sığortalanmanın müddətinin nə qədər uzadılmasında asılı olmayaraq, bunun müvəqqəti xarakter daşıdığını bildirir: 

“Hamı bilməlidir ki, onsuz da əvvəl-axır Azərbaycanda əmanətlərin tam sığortalanması ləğv ediləcək. Bu cür işləmək mümkün deyil .Bu, sadəcə ona görə edilir ki, əhali banklara pul qoymaqdan çəkinməsin. Mən yeganə ekspertəm ki, bu qərar 2016-cı ildə tətbiq olunanda da bunun əleyhinə idim. O zamanda çıxışlarım olub ki, birinin hesabına digərinə pul vermək doğru deyil. Dövlət hesabına olsaydı, olardı”.

Ekspert hesab edir ki, əmanətlərin tam sığortalanması deyil, 30 minlik məbləğin artırılması haqda qərar qəbul edilməsi məqsədəuyğundur. Bu məbləğ 50 minədək artırıla bilər.
 "Marja"

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, onun qohumu İsmayıl Hidayətzadə, sabiq deputat Dünyamin Xəlilov, Camal Həsənov, Sərxan Rəsulov, Natiq İmanov, Samir Hacıyev, Təbriz Əbdülhəmidov, Mahir Qafarov, Sadıx Murtuzayev, Tərlan Məhərrəmov, Fəxrəddin Heybətov, Ramin Əhmədov, Fariz Muradov, Səlahəddin Qədirov, Erxan Cavad, Arif Ramazanov, Navai Şirinov, Svetlana Əsədullayeva, Arif Mədətov, Adil Mikayılov, Ramis Kərimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Addim.Az Trend-ə istinadən xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə ifadə verən təqsirləndirilən Natiq İmanov bildirib ki, 2011-ci ildə D.Xəlilovun "Soik Constraction" MMC şirkətində direktoru vəzifəsində çalışıb: "Əvvəllər başqa şirkətlərdə də işləmişəm. Bu şirkətdə işimiz Bakıda 4 bloklu bina tikmək idi. Mən həmin ərazidə yaşayan sakinləri köçürdüm. Təxminən 50-yə yaxın ailə ilə alqı-satqı müqaviləsi bağladıq. 2015-ci ildə Beynəlxaq Bank işi bağlı cinayət işi başlanılanda istintaqa çağırıldım. Həmin vaxt Dünyamin Xəlilov burada yox idi, sonra gəldi".

N.İmanov qeyd edib ki, 12 milyon manatdan çox pulu mənimsəməkdə ittiham olunur: "Şirkətin möhrü də məndə olurdu. Mən Dünyamin Xəlilovun göstərişi ilə Beynəlxalq Banka gedirdim. Bankın Mərkəzi filialında Azər adlı şəxs məni qarşılayırdı. Onun hazırladığı sənədlərə imza atırdım və pullar evlərini aldığımız vətəndaşların hesabına köçürdü. Hər dəfə banka gedib sənədlərə imza atanda 1.5 milyon manat pul köçürülürdü. Mən pulu nağd şəkildə almamışam, işim ancaq bankda sənədlərə qol çəkmək olub. Ümumilikdə 44 milyon manatlıq pul köçürülməsi sənədlərinə imza atmışam".

Hakim deyib ki, N.İmanovun cinayət materiallarında Beynəlxalq Bankdan 22 milyon 450 min manatlıq kredit götürdüyü qeyd olunub.

Təqsirləndirilən şəxs deyib ki, şirkətdə direktor işlədiyi dövrdə rəsmi olaraq 200 manat maaş alırmış: "Lakin qeyri-rəsmi olaraq Dünyamin Xəlilovdan 2000 manat maaş alırdım. Pulu da Beynəlxaq Bankdan nağd şəkildə əldə etmişəm. Banka gedib, pulumu alıb, sənədə imza atırdım. Bütün hesabatları da şəxsən Dünyamin Xəlilova verirdim. Ümumilikdə imza atdığım 12 milyon manat pul elə kassada qalırdı. Sonra Dünyamin müəllim adam göndərib həmin pulları çıxardırdı. Mən bankdan nağd pul çıxarmamışam".

Daha sonra digər təqsirləndirilən A.Mədətov dindirilib. O qeyd edib ki, ailə üzvləri ilə birlikdə 2001-ci ildə "Abidə" MTK şirkətini yaradıb:

"Söküntü işləri ilə bağlı bankdan kredit götürmək üçün Dünyamin Xəlilova müraciət etdim. Sonra onunla 25 faizə razılaşdıq. İşin gedişində Dünyamin müəllim forma 2-yə qol çəkməyimi istədi, 4 dəfə buna etiraz etdim. Çünki məbləğlər çox şişirdilmişdi, onunla razı olmadım. Dünyamin Xəlilova bildirdim ki, "məni öldürsən də, forma 2-yə qol çəkən deyiləm" söylədim. Daha sonra işin xətrinə bir neçə forma 2-yə qol çəkdim. Çünki iş yarımçıq, camaat çöldə qalmışdı".

A.Mədətov deyib ki, bu işlərlə bağlı bir dəfə C.Hacıyevlə görüşüb: "Mən ancaq Dünyamin Xəlilovun sifarişini yerinə yetirmişəm. Bankdan pullar 100 ailənin hesabına köçürülüb".

Məhkəmədə elan olunub ki, ittiham aktına əsasən, A.Mədətov Beynəlxaq Bankın 3 milyon 226 min manat pulunu mənimsəyib.

 

A.Mədətov həmin məbləği təsdiqləyib: "Deməzdim ki, mənimsəmişəm. Düzdür, həmin vaxt forma 2-də şişirdilmə olmuşdu".

Digər təqsirləndirilən S.Murtuzayev ifadəsində deyib ki, 2006-2007-ci illərdə rəhbəri olduğu "Alfaline" şirkətinə Beynəlxalq Bankdan 14 milyon manat kredit ayrılıb. O, bu işləri D.Xəlilovun istəyi ilə etdiyini bildirib: "Şirkətimiz mühəndis şirkətlərini maliyyələşdirdi. Mən şəxsən həmin maliyyələşmə zamanı orada iştirak etməmişəm. Sadəcə sənədlərə qol çəkmişəm. 2010-cu ildə isə şirkətdən ayrılmışam, ancaq şirkət mənim adımda qalmışdı".

S.Murtuzayev dindirilən zaman söyləyib ki, rəhbəri olduğu şirkətdə əməkhaqqı alırmış.

Prosesdə fasilə elan olunub.

Qeyd edək ki, rəsmi məlumata əsasən, aparılmış istintaqla 2001-2015-ci illərdə "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş C.Hacıyevin göstərişləri əsasında ayrı-ayrı ölkələrdə yaradılmış hüquqi şəxslərlə real dəyəri olmayan sadə veksellərin alqı-satqısına dair 3,4 milyard ABŞ dolları və 987 milyon avro məbləğində (müvafiq dövrün məzənnəsi ilə 3,8 milyard manat) müqavilələr bağlanılaraq qanunsuz veksel əməliyyatları aparılmasına dair əsaslı şübhələr müəyyən edilib.

Aparılmış istintaqla C.Hacıyevin tanışı Dünyamin Xəlilov, digər 20 nəfər və qeyriləri ilə birlikdə qanunsuz maliyyə əməliyyatları aparılan və real dəyəri olmayan veksellərin alınması, eləcə də təminatı olmayan kreditlərin verilməsi yolu ilə ümumilikdə 4,7 milyard manat məbləğində pul vəsaitinin mənimsəmə və digər cinayətlər yolu ilə 2,5 milyard manat hissəsini ələ keçirməklə cinayət yolu ilə əldə edilmiş həmin vəsaitin 2 milyard manatını leqallaşdırmasında, digər 2,2 milyard manat məbləğində pul vəsaitinin isə müxtəlif əməliyyatlara yönəltməklə "Azərbaycan Beynəlxalq Bankı" ASC-yə ziyan vurmasına dair əsaslı şübhələr müəyyən edilib.

Xatırladaq ki, C.Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il, D.Xəlilov 13 il və İ.Hidayətzadə isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə D.Xəlilovun cəzası 13 ildən 12 il 9 aya, Ali Məhkəmə isə İ.Hidayətzadənin cəzasını 5 ilə endirib.

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının 2019-cu il üçün ilk iclası keçiriləcək.

Bu barədə Modern.az-a Komissiyanın üzvü Əliməmməd Nuriyev bildirib. Ə.Nuriyevin sözlərinə görə, iclasda daxil olan müraciətlərə baxılacaq, müzakirələr aparılacaq.

Ə.Nuriyev deyib ki, Əfv Komissiyasının katibliyi və əfv sektoru daim işləyir, mütəmadi olaraq müraciətləri qəbul edir:

"Bu il böyük ehtimalla Novruz bayramı ərəfəsində əfv sərəncamının imzalanacağı gözlənilir. Amma təbii ki, bu, ölkə Prezidenti İlham Əliyevin səlahiyyətində olan məsələdir".

5-ci siniflər üçün hazırlanmış Azərbaycan tarixi dərsliyinin üz qabığında və içərisində Dədə Qorqudun siqar çəkdiyi əks olunan görüntüsü verilib.

Addim.az Qaynarinfo-ya istinadən xəbər verir ki, tütün məmulatlarının reklamının qadağan olduğu halda orta məktəb dərsliyində belə bir görüntünün verilməsi təəssüf doğurur. Bu, siqaretin, tütün məhsullarının şüuraltı təbliğatının aparılmasıdır. Halbuki məktəblilər arasında bunun əks-təbliğatı aparılmalıdır.

Sözügedən fotonu sizə təqdim edirik. Rəsmdə Dədə Qorqudun iki barmağının arasında siqar tutması və kiçik qızartı açıq-aşkar görünür.

5-ci sinif tarix dərsliyində biabırçılıq

Daxili İşlər naziri Ramil Usubov rəis müavininin yerini dəyişib.

Addim.az unikal.org-a istinadla xəbə verir ki, general-polkovnik Ramil Usubovun əmri ilə, Xəzər rayon polis idarəsinin rəis müavini polis polkovnik-leytenantı Nizami Paşayev Şəki rayon polis şöbəsinə xidmət üzrə rəis müavini təyin edilib.

Xəbəri Şəki rayon polis şöbəsindən Unikal.org-a təsdiqləyiblər.

Prezient İlham Əliyevin 8 fevral 2019-cu il tarixli sərəncamı ilə cari il martın 1-dən minimum əməkhaqqının 38,5 faiz (50 manat) artırılaraq 180 manata çatdırılması dövlət büdcəsindən maliyyələşən təşkilatlarda və özəl sektorda çalışan azı 600 min işçinin əməkhaqqının artmasına imkan verəcək.

Addim.Az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, dövlət büdcəsindən maliyyələşən təşkilatlar üzrə bu artım əməkhaqları Vahid Tarif Cədvəli (VTC) üzrə ödənilən 450 mindən çox işçiyə şamil olunacaq. Onların sırasında daxildir:

- elm, səhiyyə, sosial təminat, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma müəssisələrində, dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlər və digər təhsil işçiləri istisna olmaqla, təhsil müəssisələrində çalışan işçilər;
- dövlət qulluğunun xüsusi növündə çalışan, əməkhaqları Vahid Tarif Cədvəli üzrə ödənilən mülki işçilər;
- dövlət qulluğunun ümumi növündə yardımçı vəzifələrdə minimum əməkhaqqından aşağı maaş alan dövlət qulluqçuları;
- dövlət orqanlarında çalışan, lakin dövlət qulluqçusu hesab edilməyənlər (xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.);
- dövlət büdcəsindən maliyyələşdirilən bir sıra təşkilatlarda (Nazirlər Kabinetinin 2018-ci il 14 mart tarixli 94 nömrəli qərarı ilə əməkhaqları tənzimlənən təşkilatlar: Azərbaycan Milli Elmlər Akademiyası, "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi, Azərbaycanda Atatürk Mərkəzi, Mədəniyyət və Turizm Nazirliyinin Milli Kulinariya Mərkəzi, İcra Hakimiyyəti orqanlarının nəzdindəki mərkəzləşdirilmiş mühasibatlıqlar, dövlət arxivləri, elmi mərkəzlər, Dövlət Film Fondu, Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi və Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi, Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyindəki Bakı Şəhər məktəbəqədər təhsil müəssisələri və uşaq evləri idarəsi, Təhsil Nazirliyinin Ərazi Maliyyə Hesablaşma Mərkəzi) aşağı əməkhaqqı alan xidmətedici heyət işçiləri.

Eyni zamanda minimum əməkhaqqı artımı özəl sektorda çalışan və əməkhaqqı 180 manatdan az olan işçilərin (ilkin hesablamalara əsasən azı 150 min nəfər) əməkhaqqının artmasına səbəb olacaq.

 

Dövlət başçısının yeni Sərəncamı ilə minimum əməkhaqqının artırılması muzdla çalışanların azı 40%-nin əməkhaqlarının artmasına imkan verəcək.

Minimum əməkhaqqının artırılması üçün dövlət büdcəsindən illik400 milyon manat, 2019-cu ilin 10 ayı (mart-dekabr) 335 milyon manatadək əlavə vəsait ayrılacaq.

Azər HƏSRƏT, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü

Bir var absurd, bir də var absurdun absurdu. Azərbaycanda bunu bizə şəxsi örnəklə göstərənlərsə getdikcə çoxalır deyəsən.

Deməli, teref.info saytının baş redaktoru, Qarabağ qazisi, I Qarabağ savaşının məşhur “Bozqurd” batalyonunun komandiri Nurəddin Xoca (İsmayılov) məhkəməyə verilib. Ona qarşı irəli sürülən iddalar Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309-cu (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələrinə əsaslanır. Artıq fevralın 11-nə Ağır Cinayətlər Məhkəməsində ilk iclas keçiriləcəyi elan edilib.

Bu maddələrin Nurəddin Xocaya yapışıb yapışmayacağına aşağıda toxunacağıq. İndiliksə işin absurd tərəfinə aydınlıq gətirək.

Nurəddin bəy mediaya verdiyi açıqlamada bildirib ki, onun məhkəməyə çəkilməsi iki ayrı yazıya görədir. Özü də o yazıların hər ikisi əvvəlcə başqa mediada yayımlanıb, təkzib olunmayıb və bundan sonra teref.info saytında istinadla dərc edilib. Yəni tam aydındır ki, burada artıq teref.info saytının məsuliyyət yükü sıfırdır. Biz hələ o yazılardakı məsələlərin nə qədər obyektiv və ya əksi olduğuna toxunmuruq. Məsələ bu qədər aydınkən nəinki heç kim Nurəddin bəyi məhkəməyə verə bilməz, ümumiyyətlə məhkəmə bu işi icraata qəbul etməməliydi. Göründüyü kimi, absurd hal yaşanıb və təkrarlanıb. Olub absurdun absurdu!

İdddiaçılar da kimmiş? Bir ər-arvad. İddia edirlər ki, o yazıları oxuyub sinirləniblər, ona görə də məhkəməyə müraciət ediblər. Daha bir absurd! Hətta sinirlənsələr belə, yenə də teref.info və onun rəhbərini deyil, ilkin mənbələri məhkəməyə verməli idilər.

Yazılara gəlincə, hər ikisi ötən yay Azərbaycanı büsbütün zülmətə qərq etmiş “Azərenerji”nin artıq keçmiş rəhbəri Etibar Pirversiyevdən bəhs edir. Adamın dövlətə ağır zərbə vurmuş fəaliyyəti zatən bütün millətin gözü önündə olub, şəxsən Prezident İlham Əliyev onu el içində biabır edib və işdən də atıb. İndi belə bir adamla bağlı yazıları oxuyan hansısa ər-arvada nə düşüb ki, məhkəməyə müraciət edirlər? Yenə də absurd!

Yeri gəlmişkən, yazıların başlıqları belədir: “Etibar Priverdiyevin valyuta biznesi ortaya çıxdı – Sumqayıtda milyardlıq mayninq ferması tikdirib” (“Yeni Müsavat”dan alınıb) və “Azərenerji” yoxlanılır, Priverdiyev “işıq terroru” üçün dindirilir – “finski” korrupsiya” (Reportyor.info-dan alınıb).

Qeyd etdiyimiz kimi, yazılar başqa mediada yayımlanıb təkzib edilmədiyi üçün onları yenidən dərc etmiş media qurumu heç bir məsuliyyət daşımır! Bu, “KİV haqqında qanun”da açıq mətnlə yazılıb! Buyurun:

Maddə 62. Məsuliyyətdən azad edilmə halları
Kütləvi informasiya vasitəsində yayılmış həqiqətə uyğun olmayan məlumat;
3) digər kütləvi informasiya vasitəsindən götürülmüş və təkzib olunmamışdırsa;
5) … redaksiya (məsul redaktor), eləcə də jurnalist buna görə məsuliyyət daşımır.

Bu qədər aydın bir qanun varkən məhkəmə niyə işi icraata götürür? Həm də ağır cinayət işi kimi?

İş bu qədər aydın olduğu üçün yazıların məğzinə belə toxunmaq istəməzdik. Sadəcə bu absurd iddianı irəli sürənləri də, o iddianı icraata qəbul edən məhkəməni də ağıllı davranmağa dəvət edirik. Xatırlatmaq istərdik ki, Azərbaycan bir hüquq dövlətidir və burada qanunlar hər şeydən üstündür. Əgər məhkəmə göz görə-görə bu qanunları ayaq altına atır, balaca uşağa da aydın olan bir məsələdə pozuntuya yol verirsə, bunun zərbəsi Azərbaycana dəyir. Və heç kimin ixtiyarı yoxdur ki, Azərbaycanı hansısa mənasız iddialara görə beynəlxalq səviyyədə qınaq obyektinə çevirsin!

Və ümumiyyətlə. Azərbaycanda Mətbuat Şurası var. Bu qurum vətəndaşlarla, məmurlarla media arasında ortaya çıxan anlaşılmazlıq və narazılıqları məhkəmədən kənar yolla həll etmək üçün qurulub və çox effektiv də işləyir. İndi bu iddiaçılar, hər şey bir yana, niyə Mətbuat Şurasını qoyub məhkəməyə üz tutur? Bunlar niyə Azərbaycanda geniş qəbul görən bir qaydanı saymazlıqdan gəlirlər? İndi kimsə deyəcək ki, hüquq, filan. Olsun. Amma biz axı normal münasibətlər sisteminin oturuşması üçün çalışırıq və hər bir insanımız da burda öz payını verməlidir.

Nurəddin Xocaya qarşı irəli sürülən ittihamlara gəlincə. Bu adam bu dövlət üçün canını qoyub, a kişilər! Siz necə onu dövlət əleyhinə çağırışlarda ittiham edə bilərsiniz? Hələ vəzifə səlahiyyətlərini aşma və vəzifə saxtakarlığı da varmış! Bu şəxs hansı vəzifənin sahibidir ki, orada həddini aşıb saxtakarlığa da yol versin? Absurddur bu, absurd! Ona görə də media cameəsi Nurəddin Xocanın müdafiəsinə qalxmalı, absurd iddia irəli sürənlərin və bu absurdu icraata götürən məhkəmənən əsl maraqlarını gün üzünə çıxarmalıdır. Araşdırılmalıdır ki, bunun arxasında kim və nə maraqlar durur. Bu ölkədə dərəbəylik deyil və hər yerindən duran Azərbaycana beynəlxalq səviyyədə qınaq gətirəcək hər hansı addım atmamalıdır.

Sözardı: Etibar Pirverdiyevin Azərbaycanın kürəyinə bıçaq saplaması haqqında mənim də yazılarım olub. Haydı, buyursunlar, məni də versinlər məhkəməyə!
Teref.az
 

73 -dən səhifə 75
Top