Deputat metronun açılmasını İSTƏDİ
Xüsusi

23 Fevral 2021

Milli Məclisin bugünkü iclasında deputat Jalə Əhmədova ictimai nəqliyyatdakı sıxlıq, metronun fəaliyyətinin bərpası və son zamanlar baş verən intihar hadisələrinə münasibət bildirib.

Modern.az xəbər verir ki, deputat 2020-ci ilin əvvəlindən bütün dünyanı bürüyən koronavirusla mübarizə tədbirlərinin, dünya ölkələri ilə yanaşı, Azərbaycanda da davam etdiyini deyib:

"Ölkəmizdə virusa yoluxmanın təsirlərini azaltmaq məqsədilə Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın verdiyi qərarların vətəndaşlarımızın mənafeyinə hesablandığını, məhz dövlət başçımızın vaxtında qəbul etdiyi qərarların nəticəsində ölkəmizdə yoluxma hallarının minimuma endiyini qeyd etməliyəm. Yoluxmanın azalması ilə ölkəmizdə tətbiq edilmiş xüsusi karantin rejimi də mərhələli şəkildə, getdikcə yumşaldılır. Lakin bu yumşalma fonunda insanları yenə də ən çox narahat edən məsələ ictimai nəqliyyat, daha doğrusu metrosuzluqdur. Doğrudur, xəttə beynəlxalq standartlara uyğun ən müasir avtobuslar buraxılıb və vətəndaşlarımız bunu yüksək dəyərləndirir. Amma bu avtobuslar sərnişin sıxlığının qarşısının alınmasında acizdir. Avtobuslar, həm də vaxt itkisi deməkdir. Məsələn, vətəndaş işə gəlmək üçün “Neftçilər” deyilən ərazidən “Elmlər Akademiyası” tərəfə gəlmək üçün 2 saat vaxt itirir. Eynilə də işdən evə qayıdan zaman. Hesab edirəm ki, metropoliten fəaliyyətini bərpa edərsə, bu problemlər aradan qalxacaq və insanlarımız mənzil başına çatmaq üçün nə saatlarla vaxt sərf edəcək, nə də sərnişin sıxlığı yaşayacaq".

Deputat son zamanlar baş verən intiharlara da toxunub:

"Ən çox psixoloji, ailə-məişət problemləri fonunda baş verən intiharların bir səbəbini də onların mətbuatda işıqlandırılmasında, qabarıq şəkildə təqdim edilməsində görürəm. Hesab edirəm ki, bu yolverilməzdir. Bu cür hallar intihara təşviqetmə kimi mənfi nəticələrə gətirib çıxara bilər və mediadan bu məsələyə daha həssas və məsuliyyətlə yanaşılmasını tövsiyə edərdim".

ŞƏRHİNİZİ YAZIN

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.

 

Top